Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının toplantısı keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının toplantısı keçirilib. Toplantıda şura üzvləri, BBMM-in əməkdaşları iştirak edib. İclası giriş sözü ilə açan Multikulturalizm Mərkəzi Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla yeni 2022-ci il münasibətilə toplantı iştirakçılarını təbrik edərək xoş arzularını çatdırıb və Multikulturalizm Mərkəzinin ötən il fəaliyyəti barədə fikirlərini bildirib. Akademik qeyd edib ki, ötən əsrin 90-cu illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi müstəviyə gətirilən, Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək dövlət siyasəti səviyyəsinə qaldırılan Azərbaycan multikulturalizm bu məqsədlə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qarşısında mühüm vəzifələr qoyur. Mərkəz dövlətin multikulturalizm siyasətinin əsas icra strukturlarındandır. Bu syasət həm də, əsrlərdən bəri Azərbaycanda sülh, əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif xalqların, konfessiyaların mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanmasında və inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Dövlətimizin qayğı və himayəsi ilə daim əhatə olunan milli və dini icmalar fəaliyyətlərini sərbəst qurmaları üçün bütün şərait yaradılıb. Buradakı müxtəlif xalqların Azərbaycanı özlərinin doğma vətəni hesab etmələri 44 günlük Vətən müharibəsində də özünü bir daha göstərdi, bütün xalqların bir yumruq ətrafında birləşməsi Zəfər qazanmağımızı təmin edən əsas faktorlardan biri oldu.
İclasda Multikulturalizm Mərkəzininin icraçı direktoru Rəvan Həsənov Mərkəzin 2021-ci il ərzində fəaliyyəti haqda hesabatını Şura üzvləri və toplantı iştirakçılarının nəzərinə çatdırıb. R.Həsənov qeyd edib ki, pandemiya şəraitinin çətinliklərinə baxmayaraq, Multikulturalizm Mərkəzi ötən ili kifayət qədər səmərəli və uğurlu keçirib. Beləki, ölkə daxilində və xaricdə beynəlxalq elmi konfranslar, dəyirmi masalar təşkil edilib, Mərkəzin əsas istiqamətlərindən olan Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 24 nüfuzlu xarici, 46 ölkə universitetlərində dərslər keçirilib, Azərbaycan, rus, ingilis, udi, talış, kürd və ləzgi dillərində 9 kitab hazırlanaraq nəşr edilib.
Himayəçilər Şurasının üzvləri çıxış edərək, hesabatla bağlı fikirlərini bilıdiriblər. Şura üzvü, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov Mərkəzin ötən ilki fəaliyyətini yüksək qiymətləndirirək, pandemiya şərtləri çərçivəsində həm ölkə daxilində, həm də xaricdə elmi konfransların uğurla təşkilinin əhəmiyyətini vurğulayıb. Şura üzvü, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski BBMM-in milli və dini icmalarla bağlı fəaliyyətinin 2021-ci ildə də yüksək səviyyədə olmasından danışıb. Şura üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də BBMM-in ötən ilki fəaliyyətini yüksək dəyərləndirərək, Prezident İlham Əliyevin “Şuşa ili” elan etdiyi 2022-ci ildə uğurlu iş birliyinə əmin olduğunu söyləyib. F.Əlizadə cari ilin iş planında müxtəlif milli azlıqların iştirakı ilə musiqi festivallarının xüsusi yer ayrılmasını və bu istiqamətdə tədbirlərin təşkilini də təklif edib.
Sonra Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyyələri əsasında Mərkəzdə formalaşan bir sıra istiqamətlərin ənənə halını alaraq davam etdirilməsi çox mühümdür. Bura Azərbaycan Multikulturalizmi fənninin həm xaricdə, həm ölkəmizdə tədrisi, Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri və Qafqaz Albaniyasının tarixi və mədəni irsinin öyrənilməsi daxildir. Sonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Mərkəzin 2022-ci il üçün fəaliyyət planını təqdim edib. Mərkəzin Himayəçilik Şurasının üzvləri cari ilin də uğurla həyata keçirilməsi məqsədi ilə bir sıra təkliflərini bildiriblər.