Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ABŞ-dan olan qonaqlarla görüşüb
Mayın 18-də G20 Dinlərarası Forum Regional Hazırlıq İclası çərçivəsində “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Stirling Fondunun prezidenti Edvard Rou (ABŞ) və Yetmişlər Kvorumu, İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin nümayəndəsi Erix V.H.Kopişke (ABŞ) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla görüşüb. Qonaqları salamlayan R.Həsənov görüş üçün təşəkkürünü bildirdikdən sonra, Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda ətraflı məlumat verib. Sonra R.Həsənov qonaqları BBMM-in fəaliyyəti ilə geniş şəkildə tanış edib. Söhbət zamanı BBMM-in icraçı direktoru Rəvan Həsənov 44 günlük Vətən müharibəsində ölkəmizdə milli birlik və milli həmrəyliyin rolunu da xüsusi olaraq qeyd edib. Görüş üçün minnətdarlıqlarını bildirən qonaqlar müasir dünyada multikulturalizmin rolu və təbliğatından danışaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıblar. Qonaqlar bu sahədə BBMM-in fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd ediblər. Daha sonra tərəflər arasında mayın 19-da keçiriləcək beynəlxalq konfransın işi və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Sonda qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ingilis dilində nəşr etdiyi kitablar hədiyyə edilib.