Multikulturalizm Mərkəzində polyakların Azərbaycanda fəaliyyətindən bəhs edən kitabın təqdimatı olub
Fevralın 11-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində tarix elmləri doktoru Nəsiman Yaqublunun Azərbaycanda yaşamış polyakların həyatından bəhs edən “Polyakların Azərbaycanda fəaliyyəti” adlı kitabın təqdimatı olub.
Kitabda Azərbaycanda yaşamış polyakların XIX əsrin sonu XX əsrin əvvəllərində neft sənayesinin inkişafında xidmətləri, polyak memarların Bakı şəhərinin arxitektura sahəsində çalışmaları, habelə onların Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətləri və Azərbaycanın müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etmələri məsələlərinə nəzər salınıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçən tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Mixal Grecilo iki dövlət arasında iqtisadi, siyasi və mədəni əlaqələrin uzun tarixə söykəndiyini, rəsmi Varşavanın perspektivli tərəfdaş olan Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib. Səfirliyin nümayəndəsi Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin bərpasının 30 illiyinə həsr olunan layihələr həyata keçiriləcəyini də qeyd edib.
Kitabın müəllifi Nəsiman Yaqublu çıxışında nəşrin Azərbaycan-Polşa əlaqələrinin və bütövlükdə beynəlxalq münasibətlər sistemimizin öyrənilməsi üçün əsaslı mənbə olduğunu bildirib.
Müəllif Azərbaycan-Polşa əlaqələrinin tarixi haqqında ilk mənbələrin XV əsrə təsadüf etdiyini və məhz həmin dövrdən hər iki xalq arasında siyasi münasibətlərə dair yazışmaların əsasının qoyulduğunu bildirib. Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında da polyakların ölkəmizə həmişə dəstək olduqlarını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov iki dövlət arasında münasibətlərdə bir çox ortaq məqamların olduğunu qeyd edib. Xalq Cümhuriyyəti dövründə Azərbaycanı tanıyan 23 dövlətdən birinin Polşa olduğunu, bu tarixi faktları nəzərə alaraq hər iki xalq arasında xoş və səmimi münasibətlərin mövcud olduğunu vurğulayıb.
Qeyd edək ki, Bakı şəhərinin müasirləşməsində, hüquq sisteminə aid sahələrin yaranmasında ciddi rol oynamış polyak mütəxəssislərin də fəaliyyəti kitabda arxiv sənədlərinə istinadən oxuculara təqdim olunub. Kitabda polyakların fəaliyyətinə dair çox sayda foto, arxiv sənədi də toplanıb.
Nəşrə ön sözü Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski yazıb.
Təqdimat mərasimində, həmçinin “Poloniya-Azərbaycan Polşa İcması” İctimai Birliyinin sədri Olqa Alekseyevna Yujanina – Makolevska, İctimai Birliyin sədr müavini Telman Hüseynov, Alban-udi xristian icmasının sədri Robert Baqratoviç, Bakı Dövlət Universitetinin dosenti Boran Əziz və Ukrayna-Azərbaycan Konqresinin sədri Yuri Osadçenko çıxış ediblər.