Moskva İslam İnstitutunun rektoru Demir Muxetdinov Multikulturalizm Mərkəzində olub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Demir Muxetdinovla görüşüb. R.Həsənov qonaqları salamlayaraq, görüş üçün təşəkkürünü bildirdikdən sonra, Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əlyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda ətraflı məlumat verib. Daha sonra R.Həsənov qonaqları BBMM-in fəaliyyəti ilə geniş şəkildə tanış edib. Söhbət zamanı Mərkəzin xarici ölkələrdə fəaliyyət göstərən 9 nümayəndəliyi, 20-dən artıq xarici universitetdə tədris olunan “Azərbaycan multikulturalizmi” fənni, müxtəlif dillərdə hazırlanan nəşrlər və bir çox digər layihələr haqda məlumat verilib. R.Həsənov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdiyi mədəni – mənəvi terror haqda danışıb.
Görüş üçün minnətdarlığını bildirən Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Demir Muxetdinov görüş iştirakçılarına Rusiya müsəlmanlarının salamlarını çatdıraraq, İkinci Qarabağ müharibəsindəki tarixi qələbə münasibətilə bir daha təbrik edib. Sonra D.Muxetdinov müasir dünyada multikulturalizmin rolu və bu siyasi modelin təbliğatının əhəmiyyətindən danışaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasəti xüsusi olaraq vurğulayıb. Qonaq bu sahədə BBMM-in fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. O, həmçinin rəhbərlik etdiyi Moskva İslam İnstitutunun, bütövlükdə Rusiya müsəlmanlarının Vətən Müharibəsində Azərbaycanın haqq mübarizəsini dəstəklədiklərini, erməni lobbisinin təzyiqlərinə baxmayaraq, Azərbaycana dəstək olduqlarını ifadə edib.
Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub və növbəti illərdə bir çox layihələrdə birgə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. İlk olaraq, Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bağlı memorandumun imzalanması haqda razılığa gəlinib. Görüşün sonunda R.Həsənov D.Muxetdinova Multikulturalizm Mərkəzinin nəşri olan kitablar hədiyyə edib. Tədbirdə Rusiya Federasiyasındakı "Mədinə" nəşriyyatının baş redaktor müavini Səfa Kərimov, BBMM-in müşaviri Aytən Qəhrəman, analitika şöbəsinin müdiri Rəşad İlyasov, tədris şöbəsinin müdiri İrina Kunina, aparıcı məsləhətçi Billurə Aslanova da iştirak ediblər.