Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin son illərdə çap olunan nəşrləri Xaçmazda təqdim edilib
Yanvarın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mərkəzin son illərdə çap olunan nəşrlərinin təqdimatı keçirilib.
Xaçmaz rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə dini və milli icma rəhbərləri iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev açılış nitqi ilə çıxış ediblər.
Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasov təqdim olunan kitablar haqqında məlumat verib.
O diqqətə çatdırıb ki, Azərbaycan multikulturalizmi seriyasından olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında Azərbaycan ədəbiyyatının bütün dövrlərində yazıb-yaradan sənətkarların əsərlərində öz əksini tapan multikultural dəyərlər toplanıb, onların yaradıcılığı tamamilə yeni rakursdan təqdim edilib. “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitabda elmi ənənədə qəbul edilmiş mədəni müxtəliflik qədim zamanlardan indiki dövrə qədər təsvir edilir. Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Qafqaz Albaniyasının etno-mədəni irsi” kitabında isə Qafqaz Albaniyasını tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq və incəsənət aspektindən tədqiq edən məqalələr toplanıb. Rusiya, Polşa, Türkiyə, Norveç, İtaliya, Yaponiya və Azərbaycan alimlərinin araşdırmalarından ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsini sahiblənməsi faktlarına da aydınlıq gətirilib.
Tədbirdə “Azərbaycan multikulturalizmi” dərsliyi və ləzgi dilində çap olunan “Əli və Nino” əsəri haqqında da məlumat verilib.