Multikulturalizm Mərkəzi Hindistanda Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Hindistanın Sri Sri Universitetində Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrdə tədrisi layihəsi çərçivəsində Azərbaycan Xalq (AXC) Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirib.
Tədbirdə universitetin prezidenti Rajit Kulkarni, universitetin rektoru Nanda Lal, fənnin tədris olunduğu kafedranın müdiri Pratima Sarangi və tələbələr iştirak ediblər. Azərbaycan multikulturalizmi fənnini Sri Sri Universitetində tədris edən Kənan Məmmədov Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixi, mövcud olduğu qısa zaman ərzində gördüyü böyük işlər haqqında ətraflı danışıb. Bildirilib ki, AXC hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, eyni zamanda, genişmiqyaslı demokratik islahatlar həyata keçirən milli ordusunu yaradıb, qadınlara seçib-seçilmək hüququ verib, maarif, səhiyyə, mədəniyyət sahəsində geniş tədbirlər həyata keçirib. K. Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində ölkənin ağır durumu, həmin dövrdə respublika ərazisində erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı və vəhşiliklərdən danışıb, ərazilərimizin təmizlənməsində türk ordusunun əhəmiyyətli yürüşlərini qeyd edib, AXC-nin beynəlxalq əlaqələri, onun süqutunda daxili və xarici amillərin rolu barədə də məlumat verib. Qeyd edilib ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 18 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur.
Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edir.
Запись Multikulturalizm Mərkəzi Hindistanda Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.