Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Bakıda “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI Beynəlxalq elmi konfrans keçiriləcək. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icması tərəfindən birgə təşkil olunacaq konfransda dünya albanşünaslığının görkəmli nümayəndələrinin iştirakı ilə səmərəli elmi müzakirələr aparılacaq.

Bildirilib ki, beynəlxalq tədbirin iştirakçıları aprelin 19-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər ediblər. Səfər çərçivəsində ermənilərin işğal dövründə özününküləşdirməyə çalışdığı və erməni irsinin nümunəsi kimi təbliğ etdikləri Azərbaycan abidələrindən biri Ağ xaç kilsəsi ziyarət olunub. Məlumat verilib ki, Qarabağda yerləşən və Azərbaycan xalqının maddi-mədəni, tarixi-dini irs nümunələrindən olan Ağ xaç kilsəsi Hadrut qəsəbəsi ilə Çinarlı kəndi arasında hündür təpə üzərində yerləşir. Ağ xaç burada vaxtilə mövcud olmuş monastırın baş kilsəsidir. İnşa tarixi bilinməsə də, ərazidəki bir sıra kitabələr hələ IX əsrdə bu kilsənin fəaliyyətdə olduğunu təsdiqləyir.

Konfrans iştirakçıları daha sonra Tuğ kəndindəki Qafqaz Albaniyası dövrü abidələri ilə tanış olublar. Məlumat verilib ki, Tuğ kəndi Azərbaycanın Xocavənd rayonunun inzibati ərazi vahidlərindən biridir. Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII əsrlərin mənbələrində çəkilir. Ermənistan silahlı qüvvələrinin işğalı dövrü bu toponimin ermənilər tərəfindən dəyişdirilməsi mümkün olmayıb. Diqqətə çatdırılıb ki, tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Burada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidəsi var.

Qafqaz Albaniyasına həsr olunmuş beynəlxalq konfrans öz işinə aprelin 20-də başlayacaq.

Qafqaz Albaniyasının etnoarxeologiyasını, tarixi abidələrini və yazılı mənbələrini əhatə edən konfransda “Qafqaz Albaniyasının tarixi coğrafiyası və arxeologiyası”, “Qafqaz Albaniyasının daxili vəziyyəti. Beynəlxalq əlaqələr və xarici siyasət”, “Qafqaz Albaniyasında yazı, din və mədəniyyət”, “Qafqaz Albaniyasının əhalisi və varisləri” mövzusunda bölmə iclaslarında müzakirələr aparılacaq. Bölmə iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinləniləcək.

Konfrans hibrid formatda Azərbaycan, ingilis və rus dillərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutmuş, özündən sonra mühüm tarixi irs qoyub. Bu irsin hərtərəfli tədqiqi nəticəsində albanşünaslıq elm sahəsi yaranmış və bu gün də inkişaf etməkdədir. Azərbaycan zəngin Alban etnomədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. Albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, Alban etnomədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.

Etiketlər