Azərbaycan multikulturalizminin tədrisi xarici ölkələrdə uğurla davam edir
Azərbaycan multikulturalizminin xarici ölkələrdə tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi dərslər mövcud pandemiya şərtlərinə uyğun olaraq uğurla davam etdirilir. Azərbaycanın multikulturalizm ənənələri, bütövlükdə Azərbaycan mədəniyyəti və tarixinin təbliği layihəsi kimi həyata keçirilən tədris prosesində artıq 22 xarici ölkə universiteti iştirak edir. Cari ilin yaz semestrində Polsa, Rusiya, Gürcüstan, Rumıniya, İtaliya və Cənubi Koreyanın 6 nüfuzlu ali məktəbində təşkili nəzərdə tutulan Azərbaycan multikulturalizminin tədrisi onlayn dərslər şəklində gerçəkləşdirilir.
Qeyd edək ki, Cənubi Koreyada Azərbaycan multikulturalizminin tədrisi bu il ilk dəfə olaraq həyata keçirilir. Aprelin 1-dən iyunun 25-dək davam edəcək mühazirələrdə Hankuk Universitetinin Azərbaycan və Türk dilləri ixtisası üzrə təhsil alan tələbələr iştirak edirlər. Həm bakalavr, həm də magistr pilləsi üzrə təhsil alan təlbələrin iştirak etdiyi dərslər Seul İcra Hakimiyyətinin İnsan Hüquqları və Mədəni Müxtəliflik Departamentinin direktoru Nihat Xəlilzadə tərəfindən həftədə iki dəfə tədris olunur.
Cənubi Koreya ilə yanaşı, Rusiya və Gürcüstan universitetlərində də Azərbaycan multikulturalizmi kursunun yaz semestri üçün tədrisi davam edir. İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetində mühazirələr David Gotseridze tərəfindən təqdim edilir. Rusiyanın Ural Federal Universiteti və Ural Humanitar İnstitutunda isə Şanxay Əməkdaşlıq Təşkilatı Şəbəkə Universitetinə daxil olan çinli və tacikistanlı tələbələrə professor Aleksandr Nesterov mühazirələr oxuyur. 3 ay ərzində davam edəcək dərslərdə Azərbaycan multikulturalizmi modelinin özəllikləri, ölkədəki etnomədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda geniş məlumat veriləcək, müzakirələr aparılacaq.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat Xidməti
https://azertag.az/xeber/1749949
https://adalet.az/w215015
https://rupor.az/xeberler/16612-azrbaycan-multikulturalizmi-tdrisi-xarici-lklrd-uurla-davam-edir.html