“İsraildə Azərbaycan Evi” Tovuz istiqamətində baş vermiş hadisələrlə əlaqədar bəyanatla çıxış edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialının rəhbəri Arye Qut: “İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, həmçinin İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələrlə əlaqədar bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, “biz, “İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, həmçinin İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Ermənistanın işğalçı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilmiş həyasızcasına provokasiyanı pisləyir, rəsmən və qətiyyətlə etirazımızı bildiririk. ...Biz, əslən Azərbaycandan olan İsrail sakinləri Azərbaycan ordusunun uğurlarına və qəhrəmanlığına görə fəxr edirik. Bu gün bizim diasporun artıq İsraildə tərbiyə almış, Vətən naminə, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməyə hazır olan yeni gənc nəsli var və biz hamımız - əslən Azərbaycandan olan yəhudilər 28 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gücümüz çatan dərəcədə töhfə verməyə hazırıq.”