Multikulturalizm Mərkəzinin əməkdaşı Türkiyədəki tədbirlərdə Qarabağ müharibəsindən danışıb
Türkiyənin Ərciyəz Universitetinin Sosial Bilimlər İnstitutu nəzdindəki Avrasiya Araşdırmaları Mərkəzində Azərbaycan multikulturalizmi fənninin tədrisini həyata keçirən professor Qafar Çaxmaqlı Mehdiyev Ermənistanın təxribatı nəticəsində başlanan müharibə və Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra görüş və konfranslarda iştirak edib.
Kayseridə Milli Türk Tələbələr Birliyinin təşkil etdiyi dəyirmi masada Ermənistanın təcavüzkar siyasəti və 30 il ərzində Dağlıq Qarabağ və Azərbaycanın 7 rayonununu işğal altında saxlaması, ATƏT-in Minsk qrupunun bu problemin həlli ilə bağlı apardığı missiyanın nəticəsiz olduğu və Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan haqlarını bərpa etmək üçün hərbi əməliyyatlar apardığı ilə bağlı geniş məlumat verib. Türkiyənin İzmir şəhərində keçirilən görüşlərdə də Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyatlar, qəhrəmanlıqlar haqqında bir neçə konfrans keçirilib. İzmir Yörükləri Dərnəyinin və Mennemen bələdiyyəsinin açıq havada təşkil etdiyi tədbirdə Q. Çaxmaqlı çıxış edərək meydana toplaşan ictimaiyyət nümayəndələrinə geniş bilgilər verərək qeyd edib ki, Azərbaycan çoxmillətli dövlətdir, burada yaşayan azsaylı xalqların, rusların, ukraynalıların, talışların, ləzgilərin, tatların, avarların, yəhudilərin və digərlərinin öz milli-mədəni haqları, dini azadlıqları təmin olunub. Təsadüfi deyildir ki, Azərbaycanın tam qələbəsi ilə başa çatacağı heç bir şübhə doğurmayan Vətən savaşına həmin xalqlar da dəstək verməklə, döyüş meydanlarında Azərbaycan xalqı ilə birlikdə qəhrəmanlıq dastanları yazıblar. Azərbaycanda yaşayan bütün insanların birliyi bu savaşı qələbəyə aparan ən önəmli faktor olub.
İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik dərnəkləri təmsilçilərinin iştirakı ilə Fransa konsulluğu önündə keçirilən etiraz tədbirində də Q. Çaxmaqlı çıxış edərək, Ermənistana dəstək verən Fransa və başqa erməni havadarlarının siyasətini tənqid edib.
Ankara “1881 Dərnəyi” və İzmir Atatürkçü Düşüncə Dərnəyinin birgə “Azərbaycana dəstək” aksiyasında azərbaycana dəstək verən insanları Azərbaycanın heç zaman unurmayacağını və “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin əbədiyyətə qədər birlikdə olacağını, bu müharibənin tezliklə qələbə ilə başa çatacağını söyləyib.
İctimai- siyasi təşkilatlar və partiyaların tədbirlərində də Azərbaycana yüksək səviyyədə dəstək verilməsi dilə gətirilib. Ədalət və İnkişaf partiyasının, İyi partiyanın, MHP-nin təmsilçiləri ilə və digər görüşlərdə, mətbuat açıqlamaları tədbirlərində Dağlıq Qarabağ məsələsindən bəhs edilib və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün aparılan müharibədən danışılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti