Xarkov Milli Universitetində Azərbaycan multikulturalizmi mövzusunda mühazirə oxunub
V.N.Karazin adına Xarkov Milli Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və turizm biznesi fakültəsinin tələbələri ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) nümayəndələri – BBMM-in baş məsləhətçisi Tofiq Abbasov, BBMM-in təhsil şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru İrina Kunina və BBMM-in Ukraynadakı nümayəndəsi Marina Qonçaruk arasında görüş keçirilib.
“Zoom” platformasında keçirilən tədbiri V.N.Karazin adına Xarkov Milli Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və turizm biznesi fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent Valeri Reznikov açıb. O qeyd edib ki, müxtəlif xalqların və dinlərin nümayəndələrinin yaşadığı Xarkov multikultural şəhərdir. Onun sözlərinə görə, bu universitetdə müxtəlif ölkələrdən olan tələbələr təhsil alır. Onlar beynəlxalq proseslərlə ciddi maraqlanırlar. Buna görə də Azərbaycan və Ukrayna-Azərbaycan münasibətləri tələbələrə oxunan mühazirələr üçün maraqlı və aktual mövzudur.
BBMM-in təhsil şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru İrina Kunina tələbələrə Azərbaycan multikulturalizmi konsepsiyası və Azərbaycan ərazisində yaşayan müxtəlif etnosların mədəni xüsusiyyətləri barədə məlumat verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov Azərbaycanın daxili siyasətində və bu ölkənin beynəlxalq münasibətlərində Azərbaycan multikulturalizmi konsepsiyasının rolu, Azərbaycan dövlətinin müxtəlif dinlərə və etnoslara hərtərəfli qayğı göstərməsi, Azərbaycan ərazisində yaşayan hər bir xalqın ənənələrinin qorunub saxlanmasına kömək göstərilməsi barədə söhbət açıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk Ukrayna gənclərinin Azərbaycan multikulturalizmi konsepsiyası barədə məlumatlandırılmasına yönəlmiş müxtəlif müsabiqələr və layihələr, Azərbaycanda təşkil edilən qış və yay beynəlxalq multikulturalizm məktəbləri barədə danışıb. Onun sözlərinə görə, BBMM Ukrayna və Azərbaycan arasında dialoqa hər vasitə ilə kömək edir, kommunikasiyalar, əməkdaşlıq və müxtəlif, o cümlədən multikulturalizm mövzusunda dialoqun inkişafına dair yeni platformalar yaradır.
Görüşün əsas təşkilatçısı Xarkov vilayətindəki “Təhsil təşəbbüsü” ictimai cəmiyyətinin və Xarkov şəhər İcra Hakimiyyəti yanında Gənclər Şurasının dəstəyi ilə fakültənin tələbə elmi cəmiyyəti çıxış edib. Cəmiyyətin əlaqələndiricisi və onlayn görüşün moderatoru Olqa Bulqakova idi.
Xatırladaq ki, Xarkov Milli Universitetinin tələbələri üçün Azərbaycana aid silsilə mühazirələr oxunması nəzərdə tutulur.