“Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” nəşrinin təqdimatı keçirilib

Fevralın 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” nəşrinin təqdimatı keçirilib. Nəşri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Qərbi Azərbaycan İcması birgə çap edib.

Azərbaycan Respublikası Prezidentinin İşləri İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov vurğulayıb ki, xəritə Qərbi Azərbaycan torpaqlarının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

Tədbirin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, 1847-ci ilin xəritəsi Gürcüstan Hərbi Topoqrafik Baş Qərargahı və Çar Rusiyası tərəfindən hazırlanmış xəritədir. Xəritələr olduğu kimi mənbəyi göstərilməklə çap edilib. Bu zamana qədər Azərbaycan ictimaiyyəti üçün 1903-cü ildə çap edilmiş xəritənin daha məşhur olduğunu diqqətə çatdıran R.Həsənov əlavə edib ki, 1903-cü ildə çap olunmuş xəritədə də istər Qarabağ, istərsə də Şərqi Zəngəzur iqtisadi rayonlarının, eyni zamanda, Qərbi Azərbaycan ərazisində olan toponimlərin mənşələri göstərilmişdi. Amma həmin xəritələrdə XX əsrin əvvəllərində ermənilər tərəfindən saxtalaşdırılma, dəyişdirilmə işləri aparılıb. 1847-ci ilin xəritəsində olan toponimlər, hidronimlər və aqronimlərin faiz etibarilə daha çoxu Azərbaycan, türk mənşəllidir. Hamımız bilirik ki, tariximiz illərlə saxtalaşdırılıb, mənbəyi olmayan xəritələr ortaya qoyulub. Ermənilər tərəfindən tarixin saxtalaşdırılması əsrlərdir davam edib. Bu faktlar da həmin xəritənin nəşrində ayrıca olaraq qeyd edilib. Rəvan Həsənov diqqətə çatdırıb ki, bu xəritə son deyil. Bu istiqamətdə işlər davam etdirilməlidir. Daha əvvəlki tarixlərə dair xəritələr arşdırılıb üzə çıxarılmalıdır. Eyni zamanda bu xəritə təkcə elmi camiyədə yox, bütün dünya ictimaiyyətinə çatdırılmalı, müxtəlif dillərə tərcümə olunmalıdr. Biz artıq bu prosesə başlamışıq. Xəritə rus və ingilis dilinə tərcümə olunur.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında xəritənin nəşr olunmasının ciddi bir addım olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə işləri sistemli şəkildə aparır. Mərkəzin “Həqiqətin onomastikası” kitabının birinci və ikinci nəşrinin hazırlanması, kitabların rus və ingilis dillərinə tərcümə olunması da buna sübutdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov Azərbaycanla bağlı tarixi faktların saxtalaşdırılmasının üzə çıxarılmasının vacibliyini diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyev deyirdi: “Öz mədəni irsini qoruyub saxlaya bilməyən xalq nəyə qadir olduğunu heç vaxt sübut edə bilməz”. Bu doğrudan da belədir, son 200 il ərzində ermənilər Azərbaycan tarixinin saxtalaşdırılması istiqamətində çox işlər görüblər və müəyyən məqamlarda buna nail ola biliblər. Bu gün bu saxtakarlıqların üzə çıxarılması və tarixi həqiqətlərin ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. “Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” nəşrinin çap olunması bu istiamətdə görülən işlərə, atılan addımlara mühüm töhfədir. O, nəşrin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib.

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli vurğulayıb ki, tariximizin sübut olunması milli məsələdir. Biz tarixin saxtalaşdırılması ilə bağlı çürük təfəkkürü ermənilərin beynindən sökməyə nail olmalıyıq və bunun üçün Azərbaycanın tarixini sübut edən xəritələrin yenidən çapına böyük ehtiyac duyulur.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, yalanların ifşasına həmişə ehtiyac var. Bizim müharibəmiz bitsə də, mübarizəmiz hələ davam edir. Mübarizədə isə bu kimi ciddi faktlara əsaslanan nəşrlərin rolu əvəzsizdir. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, eləcə də vaxtilə azərbaycanlıların tarixən yaşadığı indiki Ermənistan Respublikası ərazisində azərbaycan toponimlərinin saxtalaşdırlması faktlarının araşdırılıb üzə çıxarılmasının və dünya ictimaiyyətinə çatdırımasının vacibliyini və nəşr olunan xəritənin əhəmiyyətini vurğulayıb.

Digər çıxış edənlər, AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Coğrafiya Cəmiyyətinin vitse-prezidenti Müqabil Bayramov, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Tohidi və Dövlət  İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova nəşrin əhəmiyyətndən bəhs ediblər. Belə nəşrlərin tarixi həqiqətlərin üzə çıxarılmasında vacibliyini diqqətə çatdırıblar.

Tədbir müzakirələrlə davam edib.

Qeyd edək ki, “Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” nəşrinin layihə rəhbərləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov,  Qərbi Azərbaycan İcmasının sədri, Millin Məclisin deputatı Əziz Ələkbərli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılovdur. Layihəyə məsul şəxslər isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Araz Qurbanov və  Qərbi Azərbaycan İcması aparatının rəhbəri Qalib Qasımovdur. Xəritəni Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse-prezidenti Müqabil Bayramovun rəhbərlik etdiyi qrup tərtib edib. 1847-ci ilin topoqrafik xəritəsində Qərbi Azərbaycanda azərbaycanlıların yaşadıqları məntəqələr, Aleksandropol qəzası üzrə Şörəyel, Pəmbək sahələrindəki yaşayış məntəqələri, Qars paşalığının Zərşad sancağından Ermənistana daxil edilən kəndlər, İrəvan qəzası Sərdarabad, Zəngibasar,  Göyçə sahələrindəki,  Şərur sahəsinin Vedibasar nahiyəsini əhatə edən yaşayış məntəqələri, Yelizavetpol qəzasının Qazax, Şəmşəddil sahəsindən Ermənistana qatılan yaşayış məntəqələri, Yelizavetpol qəzasının Dərələyəz sahəsindəki yaşayış məntəqələri, Kaspi vilayətinin Zəngəzur sahəsindən, Naxçıvan qəzasının Meğri sahəsindən Ermənistana qatılan yaşayış məntəqələri əksini tapıb.

Etiketlər