Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2017-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib

 

 

Dekabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) 2017-ci il üçün illik fəaliyyətinin nəticələrinə həsr olunan müşavirə keçirilib.

Müşavirəni BBMM-in Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla açaraq 2017-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, multikulturalizm sahəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, Mərkəz Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr üzrə xeyli işlər görüb. Hədəflər isə bəllidir: xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi və genişləndirilməsi, qış və yay multikulturalizm məktəblərinin keçirilməsi, Azərbaycan universitetlərində multikulturalizm fənni üzrə tədrisin təşkili və onun davamı, eyni zamanda, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının davamı kimi “Azərbaycan multikulturalizminin elmi-ictimai əsasları” kitabının hazırlanması, bununla yanaşı, ulu öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı “Heydər Əliyev 95: multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda beynəlxalq konfransın təşkili.

Kamal Abdulla deyib ki, bir çox ölkələrin universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə yanaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları da fəaliyyət göstərir. Gələn ilin aprelində bir sıra xarici universitetlərdə beynəlxalq konfransın bölmə iclasları keçiriləcək. Bu iclaslarda Azərbaycandan da nümayəndələr iştirak edəcəklər. May ayında isə Bakıda “Ulu öndər Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideyaları” beynəlxalq konfransının yekun toplantısı təşkil ediləcək. Bu iclasa həmin xarici universitetlərdən nümayəndələr də qatılacaqlar.

Kamal Abdulla multikulturalizm və tolerantlıq sahəsində tədbirlərin təşkilində ölkəmizdə yaşayan müxtəlif dini icmaların yaxından iştirakını xüsusi vurğulayıb.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov 2017-ci ildə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, dövr ərzində ölkə daxilində müxtəlif mövzular ətrafında 1 müşavirə, 5 elmi-metodiki seminar, 6 konfrans, 7 təqdimat, 13 “dəyirmi masa”, eləcə də ölkə xaricində 3 “dəyirmi masa”, 3 mühazirə-təqdimat, 4 konfrans təşkil olunub.

2017-ci ilin sonunadək “Azərbaycan multikulturalizmi” fənni dünyanın 17 və Azərbaycanın 36 nüfuzlu ali məktəbində tədris olunub. İl ərzində ölkə daxilində və xaricdə bu müəllimlər üçün 4 treninq təşkil edilib, dinləyicilər müvafiq sertifikatlarla təmin olunublar.

2017-ci ilin fevralında Qəbələ, Oğuz, Şəki, Qax və Bakıda “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” devizi altında IV Beynəlxalq Multikulturalizm Qış və Yay Məktəbləri təşkil edilib.

Rusiya Mədəniyyət Mərkəzinin Azərbaycanın ictimai, humanitar, qeyri-hökumət təşkilatları ilə çoxtərəfli mədəni əlaqələrindən danışan Milli Məclisin deputatı Mixail Zabelin əlaqələrin inkişafının vacibliyini vurğulayıb. O deyib ki, Azərbaycan və Rusiyanın dayanıqlı dövlətlərarası münasibətlərinin mövcudluğu ölkələrin dinamik münasibətlərinə mühüm təsir göstərir. M.Zabelin uğurlu əməkdaşlığın nümunəsi kimi Azərbaycan Dillər Universiteti və Rusiyanın Puşkin adına Rus Dili İnstitutu arasında imzalanan yaradıcı birlik haqqında müqaviləni xatırladıb.

Azərbaycandakı Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Azərbaycan xalqının yaşam standartlarının təbliğinin genişləndirilməsinin vacibliyini qeyd edib. ABŞ-ın Arizona ştatının nümayəndə heyətinin Azərbaycana uğurlu səfərindən danışan Milix Yevdayev səfərin əhəmiyyətini qeyd edib. O bildirib ki, ABŞ mediası Azərbaycan haqqında bir sıra məqalələr yayıb və bu, “Xaricilər Azərbaycan haqqında” adlı yeni kitab üçün çoxşaxəli kontent hazırlayıb.

Azərbaycanlı alimlərin Auqsburq şəhərinə səfərinin nəticələrindən danışan ölkəmizdə fəaliyyət göstərən Bakı lüteranların dini icmasının rəhbəri Vera Nesterova aparıcı alman tədris mərkəzləri ilə yaradıcı və elmi münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialında keçirilən konfranslar və diskussiyalar haqqında ətraflı məlumat verib.

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2017-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.