Ravvin Abraham Kuper: “Avropa multikulturalizmi Azərbaycandan öyrənməlidir”
ABŞ-ın məşhur din xadimləri – Simon Vizental Mərkəzinin rəhbər müavini ravvin Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni Mur bir neçə gün bundan öncə Azərbaycana səfər etmişdir.
“Səfərimiz qlobal miqyasda da davam edən dinlərarası tədbirlər çərçivəsində baş tutmuşdur.” Məşhur fəal, pastor Conni Mur dini azlıqların, xüsusilə də, yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qalmış xristian icmalarının hüquqlarını müdafiə edir.
“Bizim birlikdə işləyən və dua edən şiə və sünni imamlarla görüşmək, həmçinin kilsəyə getmək və yəhudi icmasının rəhbərlərini ziyarət etmək imkanımız oldu. Əlbəttə ki, biz Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla da görüşdə olduq.” – deyə Simon Vizental Mərkəzinin rəhbər müavini bildirir.
Ravvinin sözlərinə görə, prezident görüş zamanı çox lütfkar münasibət göstərib.
“Görüş 45 dəqiqə davam etdi. Bir çox fərqli məsələləri müzakirə etdik. Mən son bir neçə həftə ərzində Almaniya, İsveç və Avstriyada olduğumu bildirdim. Bu ölkələrdə bir sıra ciddi problemlərin, xüsusilə də antisemitizmin artması probleminin mövcud olmasını qeyd etdim.
Bizim üçün Azərbaycanın multikulturalizm yanaşmasına əsaslanan təcrübəsi müxtəlif dini icmalar arasında qarşılıqlı etibar və əməkdaşlıq üçün şərait yaradır. Avropaya lazım olan məhz bu təcrübəni mənimsəməkdir” – deyə Abraham Kuper qeyd etdi.
Onun Azərbaycana səfəri haqqında təəssüratlarına gəldikdə isə, həmsöhbətimiz Bakını və onun sakinlərini sevdiyini bildirdi. “Şəhərin dəyişməsi çox gözəldir, lakin insanların olduğu kimi qalması daha xoş təəssürat yaradır.”