Rəvan Həsənov: Bizim əsas hədəfimiz islamofobiyadan əziyyət çəkən insanların səsini dünyaya çatdırmaqdır
Şuşaya, Qarabağa gedən xarici qonaqlar oradakı müsəlman abidələrinə qarşı törədilən vandalizmi görürlər. Biz bütün dinlərə qarşı olan vandalizmi qınayırıq. Bizim əsas hədəfimiz islamofobiyadan əziyyət çəkən insanların səsini dünyaya çatdırmaqdır.
Bunu “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda ölkəmizdə keçiriləcək elmi-praktik konfransla əlaqədar martın 5-də təşkil edilən mətbuat konfransında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.
Azərbaycana qarşı qərəzli yanaşmaların mövcud olduğunu diqqətə çatdıran BBMM-in icraçı direktoru bildirib: “Biz islamofobiya, İslam inancından olan insanlara təzyiqlərlə bağlı ədalətsizliyə qarşı səsimizi beynəlxalq platformalarda eşitdirmək istəyirik. Multikulturalizmdən danışan bəzi dövlətlər islamofobiya nümayiş etdirir və bu, təəssüf doğurur. Burada məsələ, sadəcə, İslam deyil, digər dinlərə qarşı olan zorakılıq nümunələridir”.