Multikulturalizm mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm Jurnalı” elmi materialların toplanılması məqsədi ilə Filippin Respublikasında keçiriləcək Beynəlxalq   virtual elmi konfransla əməkdaşlıq edir.

2020-ci ilin 3-4 dekabr tarixlərində Filippin Respublikasının Saint Louiz Universitetinin   Tədqiqat və İnkişaf Mərkəzi, Sosial İnnovasiya, Bilik və Təhsil Araşdırmaları Mərkəzi,  Məzun Araşdırmalar və  Davamlı Peşəkar İnkişaf Mərkəzi və Beynəlxalq Multikulturalizm Şəbəkəsinin  birgə təşkilatçılığı ilə Multikulturalizm Beynəlxalq elmi virtual konfrans təşkil  ediləcəkdir. Saint Louiz Universitetinin multikulturalizm sahəsi üzrə elmi-tədqiqatçıları və Beynəlxalq Multikulturalizm Şəbəkəsinin Hindistan, Çin, Böyük Britaniya, Makedoniya, Türkiyə, Pakistan, Tayvan, İran, İndoneziya kimi ölkələrdə fəaliyyət göstərən ölkə təmsilçiləri  konfransın əsas spikerləri kimi  çıxış edəcəklər.

Beynəlxalq konfransın məruzələri və elmi materialları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm Jurnalı”nda dərc ediləcəkdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, “Beynəlxalq Multikulturalizm Jurnalı”nın redaktoru  Rəvan Həsənov bildirib ki, bu cür konfranslarla əməkdaşlıq etməkdə məqsəd multikulturalizmin bir nəzəriyyə kimi elmi inkişafını və  beynəlxalq səviyyədə  təbliğatını  gücləndirmək, baş verən yenilikləri beynəlxalq auditoriyaya çatdırmaq, alimlər və elmi-tədqiqatçılar arasında elmi ünsiyyət qurmaqdır. “Beynəlxalq Multikulturalizm Jurnalı” multikulturalizm mövzusunda elmi tədqiqatların nəticələrini  əks etdirən, ildə 2 dəfə dərc olunan beynəlxalq elmi - tədqiqat jurnalıdır.

Beynəlxalq Virtual Elmi Konfransda Beynəlxalq Multikulturalizm Şəbəkəsinin rəhbəri, “Beynəlxalq Multikulturalizm Jurnalı”nın redaktor müavini Xəyalə Məmmədova “Azərbaycanın multikulturalizm modelinin qlobal perspektivləri“ mövzusunda məruzə  edəcəkdir.

Multikulturalizm sahəsində tədqiqat aparan Azərbaycan alimləri və ekspertləri beynəlxalq virtual elmi konfransda iştirak üçün dəvət edilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

https://azertag.az/xeber/Multikulturalizm_movzusunda_beynelxalq_elmi_konfrans_kechirilecek-1646083

http://rupor.az/medeniyyet-shou/8668-multikulturalizm-mvzusunda-beynlxalq-elmi-konfrans-keirilck.html

https://az.trend.az/azerbaijan/society/https://az.trend.az/azerbaijan/society/