Multikulturalizm Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə tarixçi alimlər, ölkəmizdəki etnik icmaların rəhbərləri və Xocalı sakinləri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, 31 il əvvəl - 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni faşist dəstələrinin Xocalı şəhərində dinc əhaliyə, qadınlara, uşaqlara və yaşlı insanlara qarşı törətdikləri vəhşiliklər heç vaxt unudulmayacaq, bu cinayətləri törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinə nail olacağıq.
Tədbirdə digər çıxış edən tarixçi alimlər – tarix elmləri doktorları Havva Məmmədova, Nigar Gözəlova vurğulayıblar ki, Xocalıda baş verənlər XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir.
Vurğulanıb ki, dövlətimiz tərəfindən soyqırımın dünyada tanıdılması sahəsində mühüm addımlar atılır.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev çıxışlarında bildiriblər ki, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və beynəlxalq səviyyədə soyqırımı kimi dəyərləndirilməlidir.
Hadisələrin şahidləri olmuş Xocalı sakinləri Aliyə Abışova, Nazim Hüseynov 31 il əvvəl törədilən qırğının acı nəticələrindən, erməni silahlılarının törətdikləri qanlı cinayətlərdən, günahsız insanların başına gətirilən müsibətlərdən bəhs ediblər. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti sayəsində şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Qarabağı düşmən işğalından azad edərək Xocalı faciəsi qurbanlarının qisasını alıb.