Bakıda “Din və multikultural təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Bakı, 16 dekabr

Dekabrın 16-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə “Din və multikultural təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan DQİDK sədrinin müavini Səyavuş Heydərov dünyada dini zəmində baş verən hadisələrdən danışıb. O qeyd edib ki, dünyanın aparıcı güc mərkəzləri, bəzi iddialı ölkələr insan hüquqları, din azadlığı anlayışından öz geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək üçün bir alət, vasitə kimi istifadə edirlər. Bunun acı nəticəsinin özünü Yaxın Şərqdə göstərdiyini bildirən sədr müavini vurğulayıb ki, əsas narahatedici məqam hələ də bu neqativ, təhlükəli proseslərdən zəruri nəticə çıxarılmaması və bu zəmində baş verən proseslərin daha da genişlənməsidir.

Komitə sədrinin müavini diqqətə çatdırıb ki, belə bir zamanda Azərbaycan əsası Ulu Öndər tərəfindən qoyulan nümunəvi dövlət-din münasibətləri və müasir multikulturalizm siyasəti həyata keçirir. Onun sözlərinə görə, bu siyasət bəşəri dəyərlər sisteminə, xüsusilə beynəlxalq təhlükəsizliyə qarşı yaranmış təhdidlərin qarşısının alınmasında çox önəmli strategiyaya çevrilib. S.Heydərov qeyd edib ki, dünyada radikalizmin, ekstremizmin fəsadlarına yönəlik mübarizədə Azərbaycan strategiyasının alternativi yoxdur. O bildirib ki, Azərbaycan sülhün carçısı olduğunu sözlə deyil, əməllə göstərir. “Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən görülən tədbirlərin bir çox hallarda imitasiya xarakterli olduğunu görürük. Bir çox ölkələrdə tolerantlıq zəifləyib, bunun səbəbi isə islamafobiya, ksenofobiyadır” - , deyə komitə sədrinin müavini əlavə edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, multikulturalizm siyasəti hansısa dövlətin rəsmi siyasətinə çevrilibsə, multikultural təhlükəsizlik də onun milli təhlükəsizliyinin tərkib hissəsinə çevrilməlidir. Bu məsələ getdikcə daha da aktuallaşır. Bu gün nadir ölkələr var ki, mono-etnik xarakterlidir. Bildirilib ki, multikultural təhlükəsizlik sadəcə bir ifadə deyil, bunun konsepsiyası çox yaxın keçmişdə işlənib hazırlanıb və təkmilləşməkdə davam edir. Bu konsepsiyanın təməlində dayanan ən mühüm əlamətlərdən biri bərabərlik hüququnun təmin olunmasıdır.

Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov “Multikultural təhlükəsizlik: problemlər və vəzifələr” mövzusunda təqdimatla çıxış edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, bəzi qlobal mərkəzlər daima bu mövzunu istismar etdiklərinə görə biz həmişə bunu diqqətdə saxlamalıyıq. O vurğulayıb ki, bu gün biz müharibələr dövründə yaşayırıq və çox təəssüf ki, din də müharibələr üçün bir alətə çevrilib. Cəmiyyətin bütövlüyü və harmoniyasının təmin olunmasının vacibliyinə də toxunan deputat bildirib ki, Azərbaycanda din və dövlət arasındakı münasibətlər Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti, DQİDK-nın yaradılması ilə yeni elmi praktik və real sistem yaratdı ki, bu da tarixdən gələn ənənələri qorumağı təmin edən instituta çevrildi.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov istənilən ölkədə, istənilən cəmiyyətdə tolerantlığın, multikultural mühitin, əmin-amanlığın əsaslarının üç faktora- dominant xalqın digər xalqlara olan münasibəti, dövlətin apardığı siyasət, ölkənin aparıcı dininin multikultural dəyərlərə, digər dinlərə, digər etnoslara olan münasibətinə söykəndiyini deyib. Əlavə edib ki, bu faktorlar bir-birini tamamlamazsa, orada mütləq sistem pozulacaq.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov isə çıxışında bildirib ki, müasir dünyada cərəyan edən mürəkkəb proseslər və baş verən münaqişələr hər bir xalqın milli-mənəvi və dini dəyərlərinin qorunması zərurətini dövrün aktual məsələlərindən birinə çevirir. O vurğulayıb ki, bu gün öz multikultural təhlükəsizliyini təmin edə bilməyən ölkələr terrordan və ekstremizmdən əziyyət çəkir. Hazırda dinlər və sivilizasiyalar arasında baş verən hadisələr XX əsrdə “soyuq müharibə” illərindəki ideoloji toqquşmanı əvəz edib. Belə hallarda siyasi oyunlara alət edilən din əsl missiyasını, mahiyyətini itirmiş olur.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışlarında multikultural və tolerant dəyərlərin təşviqinin əhəmiyyəti, eləcə də dini təhlükəsizliyin təmin edilməsində bu dəyərlərin rolu barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda Azərbaycan İlahiyyat İnstitutunun I kurs tələbəsi Nicat Hüseynovun çıxışı dinlənilib.

Konfrans öz işini müzakirələrlə yekunlaşdırıb.

Etiketlər