VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin növbəti günündə təqdimatlar keçirilib

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi avqustun 4-də işini davam etdirib.

Yay məktəbinin altıncı günündə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) attaşesi Taleh Əliyevin “AIDA və fəaliyyəti” mövzusunda təqdimatı keçirilib.

Tale Əliyev bildirib ki, iqtisadi cəhətdən sürətlə inkişaf edən, dünya xalqları və dövlətləri arasında getdikcə daha böyük nüfuz qazanan Azərbaycan Respublikası artıq uzun müddətdir ki, donorluq missiyasını həyata keçirir, qlobal inkişaf prosesində yaxından iştirak edir. Artıq Azərbaycan beynəlxalq aləmdə yeni simada - donor ölkəsi kimi çıxış edir, dünyanın müxtəlif bölgələrində baş vermiş təbii və insan tərəfindən törədilmiş fəlakətlərə, eyni zamanda, iqtisadi çətinliklərlə üzləşmiş ölkələrə yardım əlini uzadır.

Qeyd edilib ki, AIDA 2011-ci il sentyabrın 14-də Azərbaycanın Xarici İşlər Nazirliyinin tərkibində yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd dünyanın müxtəlif bölgələrində hökm sürən sosial problemlərlə mübarizədə beynəlxalq ictimaiyyətin göstərdiyi səylərə ölkəmiz tərəfindən dəstəyin verilməsini təmin etməkdir. Eyni zamanda, son 10 ildə Azərbaycanda müşahidə edilən iqtisadi inkişaf nəticəsində ölkəmiz yardım alan ölkədən yardım edən ölkəyə çevrilib.

Tale Əliyev diqqətə çatdırıb ki, xarici dövlətlərə yardımların göstərilməsi zamanı əməkdaşlıq, səmərəlilik, şəffaflıq və hüquq bərabərliyi prinsiplərini əsas götürərək, AIDA təsis olunduğu vaxtdan etibarən öz fəaliyyətini iki istiqamət üzərində qurub: humanitar yardımın göstərilməsi və beynəlxalq inkişafa dəstək. Hazırda AIDA tərəfindən göstərilən beynəlxalq yardım proqramlarından faydalanan ölkələrin sayı artıq 40-ı ötüb və yaxın gələcəkdə bu proqramların şaxələndirilməsi, eləcə də faydalanan ölkələrin sayının artırılması nəzərdə tutulub. Ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə beynəlxalq əməkdaşlığın, sülhün və bərabərliyin gücləndirilməsi məqsədilə xarici dövlətlərə Azərbaycan xalqının yardımını çatdıran AIDA ölkəmizin xarici siyasət prioritetlərinin uğurla həyata keçirilməsinə xidmət edir.

Sonra “Azərbaycanın Gənc Dostları Klubu”nun İdarə Heyətinin üzvü, Portuqaliyadan olan Joao Mestrenin Klubun fəaliyyətinə dair təqdimatı keçirilib.

J.Mestre bildirib ki, “Azərbaycanın Gənc Dostları Klubu”nun yaranması özlüyündə çox əhəmiyyətli addımdır və qurumun fəaliyyəti üçün artıq çoxdan geniş sosial baza formalaşıb. “Azərbaycanın Gənc Dostları Klubu” 2016-cı ildə BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən, 16 ölkədən tələbələrin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq Multikulturalizm Məktəbi layihəsi çərçivəsində yaradılıb. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi və bütövlükdə, haqq işinin dəstəklənməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərir, müxtəlif tədbirlər həyata keçirir. Biz hamının diqqətinə çatdırmağa çalışırıq ki, Azərbaycan xalqı və dövləti ölkə ərazisində əsrlərdən bəri mövcudluğunu sürən etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə, ümumiyyətlə, misilsiz multikultural dəyərləri, nadir multikulturalizm modeli ilə dərin ehtirama layiqdir.

Запись VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin növbəti günündə təqdimatlar keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.