Multikulturalizm Mərkəzində “Faşizm üzərində Qələbədə xalqlar dostluğu ideologiyasının rolu” mövzusunda konfrans keçirilib
II Dünya müharibəsində tarixi Qələbənin əldə edilməsində xalqımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və “Etnoqlobus” Beynəlxalq Onlayn Analitik Mərkəzi “İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədə xalqlar dostluğu ideologiyasının rolu” mövzusunda birgə konfrans keçiriblər.
BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov tədbirdə çıxış edərək deyib ki, tarix bizə milliyyətçiliyin, faşizm ideologiyasının yaşamasının qeyri-mümkün olduğunu göstərib. Xalqlar dostluğu, birgəyaşayış hər zaman bu cür ideologiyalara qalib gəlib. Faşizm üzərində Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub.
Qeyd edilib ki, İkinci Dünya müharibəsindən uzun illər keçməsinə baxmayaraq, terroru özünə ideologiya seçmiş erməni milliyyətçiləri tərəfindən Dağlıq Qarabağda törədilən hadisələr, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması hələ də millətçilik ideologiyasının nə qədər təhlükəli olduğunu göstərir. İkinci Dünya müharibəsində olduğu kimi, Azərbaycan xalqının mübarizliyi, dözümlülüyü nəticəsində biz yenə də millətçilik və ifrat ideologiya üzərində qələbə qazanacağıq. Biz terrora qarşı multikulturalizmi önə çəkəcəyik, tolerantlığı rəhbər tutacağıq.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib ki, xalqlar dostluğu faşizm üzərində Qələbənin əldə edilməsində çox böyük rol oynayıb. Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri də bu prinsip əsasında birləşərək daim dövlətin yanında olublar, faşizm üzərində Qələbədə fəal iştirak ediblər.
Qeyd edilib ki, bu gün Azərbaycanda müharibə iştirakçılarına böyük diqqət və qayğı var. Ulu öndər Heydər Əliyev müharibə veteranlarına daim yüksək qayğı göstərirdi, onlarla bağlı müxtəlif sərəncamlar imzalanıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müharibə iştirakçılarının problemlərinin həlli, onların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin siyasətinin əsas istiqamətlərdən birini təşkil edir. Xalqların dostluğu bu gün də öz aktuallığını qoruyur. Azərbaycanda tarixən bütün mədəniyyətlərə, dinlərə dözümlülük mövcud olub. Azərbaycanın heç bir bölgəsində hansısa şəxs dininə, milliyyətinə görə ayrı-seçkiliklə üzləşmir. Azərbaycan xaricə təkcə təbii sərvətlər deyil, eyni zamanda, tolerantlıq da ixrac etmək gücündədir.
“Rusiyanın cənubunun təhlili” dövri nəşriyyatının baş redaktoru Yevgeni Mixaylov xalqların dostluğunun tarixi Qələbənin əldə edilməsində rolu barədə fikirlərini bölüşüb.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov alman faşizmi üzərində Qələbənin əldə olunmasında xalqımızın misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, azərbaycanlılar ön və arxa cəbhədə böyük qəhrəmanlıqlar göstəriblər.
Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü.
Tədbirdə digər çıxış edənlər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük rolunun olduğunu, 9 May – Qələbə Gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Bildirilib ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının qəhrəmanlığı heç vaxt yaddaşlardan silinməyəcək. Bu qəhrəmanlıq gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Запись Multikulturalizm Mərkəzində “Faşizm üzərində Qələbədə xalqlar dostluğu ideologiyasının rolu” mövzusunda konfrans keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.