Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının tərkibi genişləndirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının tərkibi genişləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərman ilə BBMM-in Nizamnaməsinə dəyişiklik edilib, Mərkəzin Himayəçilik Şurasının üzvlərinin sayı 11 nəfərdən 12 nəfərə çatdırılıb. Prezidentin müvafiq Sərəncamına əsasən isə Axundova Elmira Hüseyn qızı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni üzvü təyin olunub.
Qeyd edək ki, Elmira Axundova Milli Məclisin deputatı (2005-2019) və Azərbaycanın Ukraynadakı səfiri (2020-2023) işləyib. Xidmətlərinə görə Həsən bəy Zərdabi adına mükafata layiq görülüb, "Şöhrət" ordeni (2003) ilə təltif edilib.
25 may 2018-ci ildə Elmira Axundova Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Azərbaycanın Xalq yazıçısı fəxri adına layiq görülüb. Prezident İlham Əliyevin 25 may 2023-cü il tarixli Sərəncamı ilə Elmira Axundova Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.