Multikulturalizm Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunan dəyirmi masa keçirilib
Bakı, 25 fevral
Fevralın 25-də Bakı Beynəlxalq Multikultralizm Mərkəzində (BBMM) Xocalı soyqırımın 28-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirib.
Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra BBMM-in icraçı direktoru Rəvan Həsənov çıxış edərək ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirdən danışıb. Azərbaycan tarixinin ən hüznlü səhifələrindən biri olan Xocalı soyqırımının bütün insanlığa qarşı törədilmiş cinayət aktı olduğunu qeyd edən R.Həsənov XX əsrdə etnik zəmində törədilmiş bu dəhşətli qətliam haqqında beynəlxalq hüquq müdafiəçilərinin hələ də susmasının təəssüf doğurduğunu bildirib. BBMM-in icraçı direktoru bildirib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası mühüm rol oynayır.
Qeyd olunub ki, Xocalı soyqırımı hazırda dünyanın 10-dan çox ölkəsi, ABŞ-ın 20-dən çox ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmən tanınıb. Faciə ermənilər tərəfindən təhrif olunduğunu bildirən Rəvan Həsənov deyib: “Prezident İlham Əliyev Münhendəki çıxışında dünya ictimaiyyəti qarşısında erməni yalanını bir daha ifşa etdi, Xocalı soyqırımının əsrin qanlı cinayəti olduğunu bəyan etdi”.
Sonra AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix elmləri doktoru Həvva Məmmədova çıxış ediblər. Bildiriblər ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci ilin fevralında erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edib və dinc əhaliyə amansızcasına divan tutub. Hücum zamanı 613 nəfər öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Səkkiz ailə tamamilə məhv edilib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Qeyd ediblər ki, Xocalı soyqırımı kimi görülməmiş qəddarlığa məruz qalmaq, bu dəhşətli faciəni yaşamaq nə qədər ağır olsa da Azərbaycan xalqı sınmadı, əyilmədi.
Daha sonra kinorejissor Ziya Şıxlinskinin Xocalı faciəsi haqqında sənədli filmi nümayiş olunub.