Dragana Pantoviç: Müxtəlif ölkələrin təmsilçiləri ilə birlikdə olmaq multikulturalizm haqqında daha çox öyrənməyə sövq edir
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi və Azərbaycan səfirliyi bizim ölkəmizdə çoxsaylı tədbirlər təşkil edir. Mən bu görüşlərin birində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi haqqında öyrəndim. Çox şadam ki, bu layihəyə qoşulmaq imkanı əldə etmişəm və burada müxtəlif ölkələrdən insanlarla bir yerdəyəm. Bu, məni multikulturalizm haqqında daha çox öyrənməyə sövq edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Monteneqrodan olan iştirakçısı Dragana Pantoviç söyləyib.
O bildirib ki, layihə çərçivəsində Azərbaycanın dünyaya nümunə olan tolerantlıq modeli və mədəniyyəti ilə yaxından tanış olurlar.
“İlk dəfədir Azərbaycana gəlmişəm. Artıq bir neçə gündür buradayıq. Xoş təəssüratlarım var. İnsanlarınız qonaqpərvərdirlər. Hələ bir həftə də Azərbaycanda olacağıq. Buranı daha yaxından tanımaq imkanımız olacaq. Bakı şəhərini dostlarımızla gəzdik. Çox modern şəhərdir. “Alov qüllələri”ni çox bəyəndim. Ən çox isə insanların münasibətindən xoşlandım. Mən layihənin təşkilatçılarına təşəkkür edirəm və öz dostlarıma bu tədbirdə iştirak etmələrini tövsiyə edəcəm”, - deyə Dragana Pantoviç söyləyib.