Avarlar
Azərbaycanın rəngarəng etnik xəritəsində özünəməxsus yer tutan, özlərini əsasən «maarulal» adlandıran avarlar bu torpaqlara indiki Dağıstan Respub- likasının ərazisindən köç etmişlər. Hazırda avarların böyük bir hissəsi Da- ğıstanın cənub-qərb hissəsində yaşayır. Azərbaycanda isə avarlar şimal-qərb bölgələrində – Balakən rayonunun Mahamalar, Matsex, Bərətbinə, Katex, Çədərovtala, Qasbinə, Qəbizdərə, Qoçəhməd, Qabaqçöl, Xırxatala, Beretbinə, Mazımqara, Sarıbulaq, Uzuntala, Mollaçıbinə, Pirdax, Meşə Şambul, Cincarta- la, Hotavar Kilsəbuqov, Zaqatala rayonunun Car, Axaxdərə, Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Yolayrıc, Danaçı, Taxtalar, Çökəkoba, Aşağı Çar- daxlar, Yuxarı Çardaxlar, Silban, Makov, Oytala, Paşan, Matsex, Zilbal Qəbiz- dərə, Mazıx, Uzuntala, Yolayrıc kimi kəndlərində məskunlaşmışlar.
Avarların etnik adı – maarulal sözü «dağ xalqı», «dağlılar» və «dağ adamı» kimi izah edilir. «Avar» kəlməsi isə qədim türk mənşəli olmaqla «çılğın, dik- baş, döyüşkən, cəsarətli» anlamlarını verir.1 Görünür, tarixin bütün mərhələlə- rində döyüşkən xalq kimi tanınan avarların tez-tez müharibələrə cəlb edilməsi də məhz bu xüsusiyyətləri ilə bağlı idi. Bu xarakterik keyfiyyət onların etno- nimində də öz əksini tapmışdır. Qafqaza sürgün edilən rus yazıçısı Aleksandr Bestujev-Marlinski də avarları Qafqazın ən döyüşkən tayfası, azad, öz üzərin- də heç bir hakimiyyəti qəbul etməyən, cəsur, sözlərində düz, qonaqpərvər xalq kimi təsvir etmişdir.
Qeyd edək ki, «avar» etnoniminin mənşəyi haqqında mübahisələr uzun müddət davam etsə də, son dövrlərdə elmi polemikaya son qoyulmuşdur. Bu etnonimin ilkin orta əsrlərdə mövcud olmuş Avar xaqanlığı (562-823-cü il- lər) ilə bağlılığı haqqında mülahizələr özünə daha çox tərəfdar toplamaqdadır. Məlumdur ki, Avar xaqanlığı hökmdar Bayanın başçılığı ilə VI əsrdə savirləri məğlub etdikdən sonra Şimali Qafqazı və Qara dənizin şimal sahillərini tut- muş, şimal-qərbə doğru irəliləyərək indiki Ukrayna, Belarus, Polşa, Macarıs- tan, Rumıniya, Serbiya, Xorvatiya, Avstriya, Serbiya, Xorvatiya, qismən də Litva və İsveçrə toraqlarını imperiya ərazilərinə daxil etmişdir. Rusiyalı alim N.Volkova araşdırmalarında bildirir ki, avar tayfa birləşməsi Şimali Qafqazı zəbt etdikdən sonra onların bir hissəsi burada məskunlaşmış və zaman keç- dikcə yerli qafqazdilli əhali içərisində tamamilə assimilyasiya olunmuşlar. Nəticədə həmin xalq tarix səhnəsindən silinsə də, «avar» adı bu günədək qal- mışdır.3 Abbasqulu ağa Bakıxanov da tədqiqatçılara və qədim tarixi mənbələrə əsaslanaraq yazırdı: «Karamzin və başqa tarixçilərin yazdıqlarına görə, avarlar Türküstan çöllərində iqtidar və şöhrət sahibi bir tayfa olmuşlar. Çin tarixçilərinə görə, avar tayfası çinlilərlə qonşu olan hun nəslindəndir. II əsrdə türk tayfaları tərəfindən məğlub edilən avarlar cənub ölkələrinə gəlmiş və başqa tayfalarla qarışmışlar. Avar xanı Dizavul Atilla kimi yük- sək iqtidara malik olmuşdu. O, Altay dağları arasında ipək döşənəcək və qızıl qab-qacaqla bəzənmiş çadırda Rum qeysəri Yustinianın elçilərini və hədiyyələrini qəbul edərək, onunla barışmış və iranlılarla müvəffəqiyyət- lə müharibə etmişdir… 568-ci ildə avarların ölkəsi Elba çayından Atilə (Volqaya) qədər olan sahəni tuturdu».
Avar alimi Timur Ayteberov isə yazır ki, «imperiya avarlarının» bir qismi VI əsrdə Xunzax vadisinə (hazırda Dağıstanda etnik avarların sıx məskunlaş- dığı Xunzax rayonu ərazisinə) köç etmiş, yerli əhali ilə qaynayıb-qarışmasına və tədricən etnik identiklikliyini itirməsinə baxmayaraq, burada yerli hakim elitanın formalaşdırılmasına səbəb olmuşdur. Hətta sonralar VI əsrdən XI əs- rədək bu ərazidə mövcud olmuş xristian Serir dövlətinin hakimlərindən bi- rinin adı da «Avar» olmuşdu.5 Digər Dağıstan alimi Şaxban Xapizov da bu elmi qənaəti təsdiqləyərək, gəlmə avarların yerli xalqlara təsiri nəticəsində «avar» etnoniminin yerli xalqa transformasiyasını xüsusi qeyd etmişdir.6 XIX əsr Azərbaycan maarifçilərindən olan Abbasqulu ağa Bakıxanov da yazırdı ki, qüdrətli avar xalqının bir tayfası indi də Qafqaz dağlarında yaşayır və öz dilinə, adət-ənənəsinə, hökmdarına malikdir.
Avarlar XVI əsrin əvvəllərindən etibarən yaşam çətinlikləri üzündən Da- ğıstandan Azərbaycanın şimal-qərbinə – əlverişli iqlim şəraiti, münbit torpaqları, geniş otlaqları olan Şəki-Zaqatala bölgəsinə köç etməyə başlamışlar. Bu proses XVI-XVII yüzilliklərdə də davam etmişdir.8 Avarlar Dağıstandan Şəki-Zaqatala bölgəsinə hazırda izləri hələ də qalmaqda olan dağ çığırları ilə gələrək məskunlaşmışlar.
Belə keçid- lərdən biri də Dağıstandan Car kəndi- nin yuxarı hissəsinə səmt götürən, xalq yaddaşında «Şamil çığırı» kimi qalan qədim dağ yoludur. Dağıstanın Kubax bölgəsindən dağ aşırımları ilə Balakən ərazisinə uzanan digər qədim köç yolu- nun izləri də qalmaqdadır.
Dağıstandan gələn avarlar Azərbay- canın əsasən iki rayonunda – Balakən və Zaqatalada məskunlaşmış, burada zəngin tarixə malik Car, Silban, Mat- sex kimi bir sıra iri yaşayış məntəqələ- ri salmışlar. Avarların Şəki-Zaqatala bölgəsinə gələn ilk nəsilləri Nuxlu və Çimçili toxumları (nəsil) hesab olu- nur. Əlverişli təbii şəraiti və otlaqları olan Car Dərəsinə gedən yol ətrafında məskunlaşan həmin avar nəsillərinin ardınca tədricən digər toxumlar – təbə- li, ərəbli, cormut, boyaqlı, səbəli kimi avar nəsilləri də bu dağətəyi ərazilərdə məskunlaşmağa başlamışdır. XVI əs- rin sonu, XVII əsrin əvvəllərində Dağıstandan Azərbaycanın şimal-qərb əra- zilərinə köçüb gələn avar nəsilləri sonralar Car-Balakən camaatlığına daxil olan azad icmalarda birləşməyə başlamışlar. XIX əsr rus mənbələrində onlar çox zaman «Car ləzgiləri» kimi də qeyd olunurdular.
Avarlar Azərbaycan türkləri ilə hər zaman mehriban qonşuluq şəraitində ya- şamış, qohumluq, iqtisadi-ticari əlaqələr qurmuşlar. Onlar arasında qədim «qan qardaşlığı» ənənəsi də geniş yayılmışdı. Avar kəndləri, adətən, dağlıq və dağətə- yi hissələrdə, türk və ingiloy kəndləri isə düzən ərazilərdə yerləşirdi. İcmaya aid mühüm məsələlərin həlli üçün hər cümə günü məscidin qarşısına toplaşaraq onu bütün icmaya açıq elan edirdilər. Bu icmalardan ən iri və güclüsü Car icması idi. Mübahisəli məsələlər Car icmasının mühakiməsinə çıxarılırdı. Toplantı Muxax kəndi yaxınlığındakı «Ağdam» adlanan açıq ərazidə keçirilirdi.
Hər icma ətrafında avar, ingiloy və Azərbaycan türklərinin yaşayış məntəqələri birləşirdi. Bu icmalara avarların Car, Göyəm, Matsex, Qəbizdərə, Qarahacılı, Dardoqqaz, Katex, Tala, Kargər, Aşağı Muxax, Yuxarı Muxax, Cınıx, Qutparax, Əliəsgər, Qulax Mamrıx, Cincimax, Baycınıx, Azərbaycan türklərinin Çobankol, Boyəhmədli, Keymur, Kürdəmir, Qarabaldır, Kətəlpa- raq, Padar, Kindirqala, Almalı, Babalı, Lələli, Köylər, Böyük Lahıc, Kiçik La- hıc, Yengiyan, Muğanlı, Bazar, Qalalı, Çardaxlı, ingiloyların Əliabad, Mosul, Zəyəm, Qorağan, Verxiyan, Tasmalı, Şotavar, Faldarlı, Kəpənəkçi, Çudulu, Marsan, Lələpaşa kimi kəndləri daxil idi. Car-Balakən camaatlığı XIX əsrə- dək mövcud olmuşdur.
Azərbaycanda avarlar bu günədək öz dillərini, milli adət-ənənələrini qo- ruyub-saxlamışlar. Avar dili xeyli sayda dialektə və ləhcələrə ayrılır. Dialekt- lərin çoxluğu hətta onların daşıyıcılarının bəzən bir-birlərini çətinliklə başa düşməsinə səbəb olur. Avar dili şimal (avarların ədəbi dili onun əsasında yaranmışdır) və cənub şivələrinə bölünür. Azərbaycanda yaşayan avarlarının dili əsrlər boyu əsas etnosdan təcrid olunmuş şəkildə Azərbaycan və saxur dil- ləri ilə sıx təmasda formalaşdığı üçün digər avar dialektlərindən daha fərqlidir. Onların danışdığı Zaqatala (Car) dialekti «cənub şivəsinə» aid edilir. Zaqatala dialektində saxur və Azərbaycan dillərindən xeyli sayda alınma söz müşahidə edilir. Eyni zamanda, avarlar Azərbaycan dilindən də geniş istifadə edirlər. Hətta fərqli dialektlərdə danışan avar tayfaları arasında ümumi ünsiyyət dili məhz Azərbaycan dili olmuşdur.
Keçmişdə avarların həyat tərzi daha çox hərbi yürüşlərlə bağlı idi. Bu xalqın məişəti və məşğuliyyətini araşdıran Gerber, Fon Plotto kimi XIX əsr müəllifləri oların qədim zamanlardan gözəl silah ustaları olmaları və cins atlar bəsləmələri barədə məlumat vermişlər. Lakin hərbi yürüşlərə zərurət azaldıqca avarlar tədricən heyvandarlıq və əkinçiliklə məşğul olmağa başlamışlar. Bunun- la belə, məskunlaşdıqları dağlıq ərazilər, münbit torpaqların azlığı nəticəsində əkinçilk daha çox yardımçı təsərrüfat xarakteri daşımışdır. Avar kəndlərində əsas kənd təsərrüfatı sahəsi isə qoyunçuluq sayılır. Odur ki, yeni örüş yerlərinin axtarışı onların bir hissəsinin tədricən Azərbaycanın digər bölgələrinə də köç et- məsi ilə nəticələnmişdir. Bununla belə, yüksək dağlıq ərazilər istisna olunmaqla, Car-Balakən camaatlığının, demək olar ki, bütün ərazisində əkinçilik geniş yayılmışdı. Bölgə əhalisi ilə qaynayıb-qarışan avarlar yerli əkinçilik ənənələrinə də tədricən yiyələnmiş, buğda, arpa, darı, kətan yetişdirilməsinə başlamış, bağ- çılıq, tütünçülük və arıçılıqla da məşğul olmuşlar. Düzən kəndlərdə fındıqçılıq və baramaçılıq da geniş yayılmışdı. Avarlar qədim peşələrini də unutmamış, silahsazlıq, misgərlik, sərraclıq və xarçaçılıq ənənələrini qayğı ilə qorumuşlar. Avar xalqı çoxəsrlik zəngin adət-ənənələrə malikdir. Onların təkrarolunmaz folkloru, musiqisi, dekorativ tətbiqi sənəti vardır. Bu özünəməxsusluq onların el şənliklərində özünü daha qabarıq göstərir.
Azərbaycan türkləri kimi avarlar da yazın gəlişini təntənə ilə qeyd edir, yeni təsərrüfat ilinin məhsuldar keçməsi arzusu ilə qışın ortalarından etibarən yaza hazırlıq mərasimləri keçi- rirlər. Avarlarda mövsümi bayramlar bir sıra maraqlı ayinlərlə zəngindir. Onlar torpağın qış yuxusundan oyanması, məhsuldar, ruzili olması üçün baharın gəlişi ərəfəsində Kedaba, Yıxbi,Otsbay kimi müxtəlif el mərasimləri icra edirlər. Qədim inanclara söykənən bu şənliklərdə, xüsusilə də torpaq üzərində ilk şumun açılışı günü münasibətilə ocaq üzərində buğda unundan Günəşi simvolizə edən halqavari çörəklər hazır- lanardı. Həmin mərasim çorəyi iq və ya yix (çörək) adlanar və yeni ilin məhsul- dar olacağına işarə edərdi. Baharın gəlişi, təbiətin oyanışı ərəfəsində keçirilən əyləncəli mərasim bayramlarından olan Yıxbi şənliklərində belə çörəklər daha çox bişirilərdi.
Avarların bahar mərasimləri sırasında yazın gəlişi ərəfəsində keçirilən Ke- daba mərasimi özünəməxsus yer tuturdu. Kedaba şənlikləri mahiyyət etibarilə təbiət qüvvələri arasında izdivacın, toyun immitasiyası olmaqla, Azərbaycan türklərinin Novruzqabağı çillə mərasimlərini xatırladır. Adətən, bu şənlik qı- şın orta aylarındakı ilk cümə günü keçirilir. Belə ki, kəndin subay oğlan və qızları ayrı-ayrılıqda iki evə yığışar, bayrama hazırlıq görər, öz aralarından «gəlin» və «bəy» seçər, qədim mahnılar oxuyar, şənlənərdilər.
Yazın ilk günlərində isə avarlar əkinçiliklə bağlı olan Otsbay (Öküzün ko- tana qoşulması) bayramını qeyd edirlər. Bu bayram çöl işlərinin başlanma- sı şərəfinə icra edilirdi. Otsbay avarların torpaqda ilk şırımın qeyd olunduğu məhsuldarlıqla bağlı arxaik dünyagörüşlərinin günümüzədək qorunub-sax- lanıldığı qədim əkinçilk bayramıdır. Kənd əhalisi toplaşıb aldıqları qırmızı öküzü üç dəfə kəndin başına dolandırardılar. Baş cütçü magik anlam daşıyan dəri kürkü tərsə geyər, başına motal papaq qoyardı. Digər iştirakçılar isə onun üstünə torpaq atardılar. Bayramın ertəsi günü səpin başlayardı. Şumlanmış sahəyə ilk toxumlar atılaraq dualar edər, ilahidən bol məhsul, ruzi-bərəkət ar- zulayardılar. Yarışlar, cıdır, rəqslər, Кeçi və Кosa kimi Novruz atributları Ots- bay üçün də xarakterik idi. Otsbay bayramının sonunda cıdır yarışları təşkil olunardı. Qalibə hədiyyələr verilər, boynundan Günəşin rəmzi olan yıxbi asar- dılar. Otsbay bayramında üstündə şirniyyat, meyvələr olan şax bəzəyərdilər. Avarlar şaxın üstünə dəridən və ya parçadan tikilən üçkünc “çanta” adlanan duaqabı asar, içərisinə nəzərlik qismində mixək və ya dağdağan ağacının toxu- munu qoyardılar. Azərbaycan türklərində belə duaqabılarına “pitik” deyirlər.
Baharın gəlişi gününü avarlar da bütün Azərbaycan əhalisi kimi qeyd edir. Həmin gün onlar da tonqal qalayar, ocaq ətrafı- na gənclər, uşaqlar toplaşar, küsülülər barışar, bayram- laşardılar. Süfrəyə ən ləziz yeməklər düzülər, təzə pal- tar geyərdilər. Bayram günü oxunan nəğmələrdə təbiətin oyanması, yaşıllıq, arzu və ümidlər, təbiətə can verən Günəş tərənnüm olunardı. Dağların başında isə nağa- ra və zurnanın gur sədaları altında güləşçilər meydana çıxar, qüvvələrini sınayardılar. Avarlar da bahar mərasimində yaxınlarının məzarlarını, pirləri ziyarət edər, burada od qalayaraq üstündən tullanardılar. Avarların qədim inancına görə, od bəd qüvvələri qovmaqla yanaşı, oğlan uşaqlarına güc verir, onların çevik olmasına və sürətlə böyüməsinə yardım edir.
Avarların Həlma, Pukivak adlanan bayramlarında yeddi adda dənli bitki- dən, ət və quru meyvələrdən xörək – rukivak bişirər, onu ehsan kimi evlərə paylayardılar. Aprel ayında – dağ çiçəkləri açılanda isə elliklə gül və yellən- cək bayramında – Həlma şənliklərində iştirak edərdilər. Bu bayram günlərin- də hündür şabalıd və ya qoz ağaclarının budaqlarından yelləncək asardılar. Avar toy mərasimi ənənələrinə görə, gənclərin bir-birini Gülverdi, Mərəkə, Ukur, Rukivak kimi bahar şənliklərində görüb-bəyənməsi xarakterik idi. Bun- dan başqa, ilin soyuq və quraqlıq vaxtlarında yağışı və Günəşi çağırma ayinlə- ri avar uşaqlarının və böyüklərin həvəslə keçirdiyi mərasimlərdən idi. Quraqlıq zamanı çay qırağına gedər, oğlan uşağını yaşıl budaqlarla bəzəyər, bir-birinin üzərinə su çiləyərdilər. Evdə görkəmcə yagış damlalarını xatırladan xəmir xörəyi – sulu burcah (əriştə) də bişirərdilər. Fasiləsiz yağan yağışlar zamanı isə Günəşi çağırmaq üçün sac üstündə bişirilən maxaranı (Azərbaycan türklə- rində – yelaparan) bütün evlərə paylayardılar.
Güclü küləyin qarşısını almaq üçün ağsaqqal və ya ağbirçəklər ağ hamar daşa – çaxmaq daşına ovsun oxuyar, Günəş tutulmaları zamanı isə şər qüv- vələri qovmaq məqsədilə göyə atəş açardılar. Yazda ilk ildırım caxanda və ya payızda ildırım çaxmaları kəsildikdən sonra, adətən, cümə axşamı sübh tezdən andız (dəvəsil) kökü yığar, onun şirəsindən müalicəvi xassəli məcun hazırlayardılar. Quru andız kökünü həm də nəzərlik kimi yandırardılar. Avar dilində körpənin ağlamasına da andaza deyirlər. Bu deyimi andız kökü şirəsi- nin göz yaşı kimi damla-damla axması ilə əlaqələndirirlər.
Hələ Avar xaqanlığı dönəmindən maarulalların (avarların) qədim turk et- nomədəni məkanı ilə sıx təmasları onların inanc sisteminə yeni mifoloji təsəv- vürlər, o cümlədən qurd kultunu gətirmişdir. Belə ki, avarlarda da qurd bütün türk xalqlarında olduğu kimi cəsurluq, igidlik simvolu sayılır. Keçmişdə onun gücünə, cəsarətinə mifik xüsusiyyətlərinə inanaraq oğlan uşaqlarına qurd ürə- yi yedirər, körpələrin qorxmaması üçün paltarının üzərinə qurd dişi və ya qurd tükü tikərdilər. Zaqatala rayonunun Car kəndində yaşayan avarlar öz əcdad- larının batsa kakov (ağ qurd) olduğunu, ondan törəndiklərini söyləyirdilər. Rayonun Paşan kəndində isə vaxtilə bats (qurd) adlı avar nəsli yaşayırdı.
Milli geyimin ümumqafqaz xüsusiyyətləri avarlara da xasdır. XIX əsrdə yaşamış qafqazşünas alim Karl Qan yazırdı ki, avar qadınlarının baş geyimi böyük ölçülü olur, gümüş lent, həmçinin üzərində gümüş və qızıl pullar salla- nan baş bəzəkləri taxırdılar. Kişilər isə çərkəzi çuxa və nəfis işləməli silahlarla
gəzirdilər.
Avarların ənənəvi kişi geyimi əsasən dik yaxalı köynəkdən, şalvar- dan, çuxadan (beşmet), başlıqdan, xəz kürkdən, qoyun dərisindən konusabən- zər və ya yarımdairə formalı papaqdan, qışda dəri və ya göndən hazırlanmış uzunboğaz çəkmədən, yayda isə yumşaq məst və çarıqlardan ibarət idi. XX əs- rin 30-cu illərinə qədər avar qadınlarının geyimini uzun, düz biçilmiş köynək- vari küntə (don), xəbət (ensiz, düz və uzun şalvar), qaraxuni (önlük) və arxalıq təşkil edirdi. Avar qadınları paltarın üstündən parçadan, dəridən və ya metaldan hazırlanmış bəzəkli kəmər taxar, ayaqlarına rəngli yun corab, burnu dik dəri baş- maqlar geyərdilər. Qızlar isə paltarın üstündən qırmı- zı kəmər bağlayardılar.
Avar qadınlarının bay- ram və toy libasları xüsu- silə fərqli idi. Toy və ya bayramlarda avar qızları gümüş saplardan toxunmuş “dumça” adlı xüsusi baş geyimi taxırdılar. Ümumiy- yətlə, avarların “dumça” adlandırdığı bu baş geyimi bütün Şəki-Zaqatala bölgəsi üçün səciyyəvi olmuşdur. Etimoloji baxımdan onun adı qədim türk sözü olan «düyümçə» və ya «düyünçə» kəlməsindən yaranmış və «düyün vurulmuş» anlamını vermişdir.
Bayram libasları baftaxuri (şalvar) və karaxuni (önlük), gümüş sikkə və şəbəkələr, qızıl işləmələrlə bəzədilirdi. Qadın önlükləri və bayram şalvarlarının ətəkləri rəngbərəng saplarla tikilər və ya qızılı lentlə haşiyələnərdi. Zərgərlər xüsusi olaraq bayram paltarları üçün müxtəlif sancaq və düymələr hazırlayar- dılar. Saçları bir yerə toplamaq üçün isə Şəki-Zaqatala bölgəsi üçün səciyyəvi olan tülüdən (baş bəzəyi, qızıl saplarla işlənmiş «torba») istifadə edərdilər. Onun üstündən yaylıq və ya şal örtərdilər. Avar xanımları bölgəyə xas tax- ta kəmər (halqalarla birləşdirilmiş gümüş kəmər), tavat kəmər (toqqalı və asma bəzəkli güləbətinli kəmər; gümüş bəzəkli dəri kəmər), kərənsər adlanan sinəbənd bağlayar, kurkin (qolbaq) taxardılar. Hətta XX əsrin 80-ci illərində Zaqatalada yaşayan yaşlı avarlar arasında üzərinə üç cərgə gümüş pul olan dəri kəmər bağlamaq adəti qalmışdı.
Avar toylarında bəy evi gəlinə mütləq qızıl suyuna çəkilmiş ay-ulduzlu gü- müş tac – kekim və ya keken hədiyyə edərdi. Belə dəbilqəvari taclar yalnız Ba- lakən və Zaqatala rayonları ərazilərində geniş yayılmışdı. Tacın mərkəzi hissə- sində üzərində buta formalı bəzək ünsürləri asılmış üç sıra zəncir olurdu. Tacın üstündən ipək yaylıq salardılar. Qeyd edək ki, avar gəlinləri üçün xarakterik olan bu geyim Axıska türkəri, Mərkəzi Asiya türkmən qadınlarının bayram libasları üçün də xarakterik idi. Hazırda Zaqatala şəhər muzeyində belə tacların nü- munələrisaxlanılmaqdadır. Avarlar da Azərbaycan türkləri üçün səciy- yəvi olan kollektiv əməyə əsaslanan qarşılıqlı yardım ənənələrinə böyük əhəmiy- yət vermişlər. Məhsul yığı- mı, ot tədarükü zamanı belə yardımdan istifadə olunur- du. Onların «qvay» (çox- luq) adlanan yardım adə- tinə görə, qohuma-qonşuya kömək hər kəsin müqəddəs borcu sayılırdı. Qarşılıqlı yardım ənənəsi, xüsusilə toy mərasimlərində özü- nü qabarıq şəkildə büruzə verirdi. Bütün kənd elliklə qaxi (iməclik) keçirərək toyu gözlənilən gənc üçün ata-baba yurdunda ev tikərdi. Qıza isə çehizlik ha- zırlamaqda rəfiqələri kömək edər, birlikdə oğlan evi üçün hədiyyəlik əşyalar, müxtlif saplardan dəsmallar, kəmərbağılar toxuyar, duaqabları – çantalar hazırlayardılar. Xınayaxdıya gələn qızlar da paltarlarına çanta tikərdilər.
Avar və Azərbaycan folklor nümunələri, mərasim ayinləri də bir sıra or- taq cəhətlərə malikdir. Eyni etnoloji məkan avarların bəzi mərasimlərində ortaq xüsusiyyətlərin yaranmasına səbəb olmuşdu. Məsələn, avarların da qız istəmə mərasimində Azərbaycan nağıllarının əsas süjetlərindən biri olan elçi daşı ənənəsi var idi. Keşmişdə avar kəndlərində qız evinə gələn ağsaqqal- lar qapı ağzındakı elçi daşına oturar və səbirlə içəridən dəvət gözləyərdilər. Bundan başqa, Azərbaycan folkorunda qismət simvolu olan alma da avarların toy mərasimlərində özünəməxsus yer tuturdu. Toya dəvət zamanı hər ailəyə toy diləyi ilə alma verilərdi. Avar toylarında bəyin “qsudul” adlandırılan ən yaxın dostunun evində məclis açılardı. Burada da bəyin oğurlanması adəti var idi. Əgər bəy oğurlanardısa, əvəzində bəyin atasından düşərrik alınardı. Adətə görə, «qaçırılan» zaman bəyin müqavimət göstərməyə ixtiyarı yox idi. Belə olan təqdirdə, «oğrular» toyun bəyin qaçırıldığı evdə davam etdirilmə- sini tələb edə bilərdilər. Bəzən hətta bəyi gəlinin rəfiqələri də aldadıb qaçıra bilərdilər. Bu zaman yalnız bəyin anasından hədiyyə aldıqdan sonra onu azad edərdilər.
Azərbaycan adət-ənənələrində bərəkətlə bərabər dostluq, qardaşlıq simvolu olan çörəkkəsmə ənənəsi avar toylarında elçilik mərhələsindən tutmuş gəli- nin bəy evinə gətirilməsinədək bütün mərhələlərdə mühüm yer tutur. Xüsusilə də Şəki-Zaqatala bölgəsində elçilik zamanı çörəkkəsmə bu gün də avarların, Azərbaycan türklərinin və saxurların ortaq adətidir. Avarların da qədim toy adətinə görə, gəlin ər evinə köçən zaman onu çörəklə müşayiət edərdilər. Gəlin aparılanda isə, adətə görə, qız anası oğlan tərəfinin evdən bir şey «oğurlama- ması» üçün gəlinin qoltuğuna çörək verərdi. Yəni çörək kəsilən evdə oğurluq etmək olmaz. Bir qayda olaraq, gəlini bəy evinə qədər yanan məşəllərlə mü- şayiət edər, sonra onları təzə ailənin ocağının gur yanması, qız və oğlan evləri ocaqlarının bir-birinə qaynayıb-qarışması niyyəti ilə odun içərisinə atardılar. Avarların adətinə görə, gəlin bəy evinə qədəm basan zaman qayınana onu bir kasa balla qarşılayar. Bu ənənəyə bir çox türk xalqlarında, həmçinin talışlarda, ingiloylarda da rast gəlinir.
Toyda hər oba şənliyə öz pəhləvanını gətirər və güləş yarışları keçirilər- di. «Avarı», «Sarıbaş», «Gendədur», «Ləzgi həngi» kimi çevik hərəkət tələb edən oynaq havalar çalınar, daha çox Balakən rayonunun Şumbul kəndi üçün xarakterik olan «Arxuş» rəqsi oynanılardı. Toy zamanı təmbur, çağana, qaval və lalu tütək növü səslənərdi. Tənburun müşayiəti ilə avar və Azərbaycan dil- lərində mahnılar oxunardı.
Bu gün Azərbaycanda digər xalqlar kimi avarların da öz milli özünəməx- susluqlarını qorumaq və inkişaf etdirmək üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Respublikası müstəqillik illərində avar xalqının mədəniyyətinin,dilinin, ənənələrinin qorunub-saxlanılması məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir. Avarların sıx yaşadıqları qəsəbə və kənd məktəblərində avar dili tədris olunur. Avar ənənələrinin qorunub-saxlanılması, gələcək nəsillərə ötü- rülməsi üçün folklor kollektivləri, o cümlədən Balakəndə oğlanlardan ibarət «Qafqaz», «Cahan» rəqs qrupları, Zaqatalada isə qrızlılardan ibarət «Alazan», «Hudulki» xalq rəqs qrupları fəaliyyət göstərir. Azərbaycan xalqının avar xalqının qəhrəmanlarına, şəxsiyyətlərinə olan hörmətinin nümunəsi olaraq Bakının mərkəzi küçələrindən birinə Şeyx Şamilin adı verilmişdir.
Bu gün avar xalqının bir çox nümayəndələri təhsildə, idmanda yüksək göstəriciləri ilə fərqlənirlər: Murad Bazarov, Oloxan Musayev, Rəsul Çuna- yev, Gözəl Zutova və digərləri dünya səviyyəli idman yarışlarında ən yüksək pillələri fəth etməyə nail olublar. Zaqatalanın Car kəndindən olan Ramin və Qurban Qurbanovlar Azərbaycanı Avropa və dünya cempionatlarında şərəflə təmsil ediblər. Avar gəncləri ölkəmizin ərazi bötüvlüyü uğrunda, Qarabağda gedən döyüşlərdə də qəhrəmanlıqla döyüşüblər. Onların arasında bu gün Ba- lakən və Zaqatalada Şəhidlər xiyabanında uyuyan şəhidlərimiz də vardır. Ba- lakən rayonundan olan Milli Qəhrəman Ramazan Cirinqov da avar xalqının nümayəndəsidir və bu gün bütün Azərbaycan xalqının fəxridir. Azərbaycan xalqı hər bir şəhidinin, o cümlədən öz vətənləri uğrunda canlarını qurban ver- miş avarların xatirəsini həmişə uca tutur.
Saytda təqdim edilən materiallar M.Paşayeva və A.Qurbanovun “Biz Azərbaycanlıyıq” kitabından götürülmüşdür.