Ləzgilər
Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən ləzgilərin etnik mədə- niyyətinin, ana dilinin qorunmasına və inkişafına daima dövlət qayğısı göstəri- lir. Ümummilli lider Heydər Əliyev 1995-ci il fevralın 20-də respublikamızın ləzgi ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı demişdir: «Bizim Azər- baycanın müsbət xüsusiyyətlərindən biri də odur ki, respublikamız çox- millətli, beynəlmiləl dövlətdir. Mən öz rəsmi bəyanatlarımda, nitqlərimdə dəfələrlə qeyd etmişəm ki, bu, respublikamızın üstünlüyüdür, milli sər- vətidir, ümumi sərvətidir. Biz bununla fəxr edirik və bu tərkibi qoruyub saxlamalıyıq». Sonra Heydər Əliyev bu sözləri əlavə etmişdir: «Azərbaycan ləzgilər üçün doğma Vətəndir, doğma torpaqdır və onlar heç bir yerdə öz- lərini bu qədər rahat hiss etmirlər».
Ləzgi və Azərbaycan dilləri fərqli mənşəyə, qrammatikaya və leksik bazaya malik olsalar da, xalqlarımız arasında yüzillərin sınağından çıxan qardaşlıq əlaqələri bu dilləri də linqvis- tika çərçivəsindən çıxararaq bir-birinə yaxınlaşdırmışdır. Bu doğmalıq hər iki dildə yüzlərlə ortaq söz və ideomatik ifadələrdə, ortaq dastan və atalar söz- lərində də özünü aydın büruzə verir. Odur ki, həm Azərbaycan, həm də ləz- gi dillərində «tarix», «dünya», «dövr»,«vətən», «alim», «xalq», «millət»,«gözəl», «din», hətta «düşmən» kimi kəlmələrin eyni yazılışı və oxunuşu, əslində, bu tarixi qardaşlıq tellərinin linqvistik rəmzi kimi də dərk edilə bilər. Ləzgilər və Azərbaycan türkləri ara- sında qədim köklərə və ənənələrə malik etnomədəni bağlar, çoxəsrlik mehriban qonşuluq münasibətləri bu günədək davam etməkdədir. Ləzgilərin Azərbaycan türkləri ilə ortaq etnomədəni məkanı bölüşməsi, o cümlədən aralarındakı dini birlik bu əlaqələrin daha da möhkəmlənməsinə təbii və əlverişli şərait yarat- mışdır. Ləzgilər Azərbaycanın qafqazdilli etnosları arasında özlərinə məxsus yer tuturlar. Hazırda onlar sıx halda Qusar, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Oğuz, Şəki və Qax bölgələrində yaşayırlar.
Ləzgilərin əcdadları sayılan leqlər qədim Albaniya dövləti ərazisində yaşayan tayfalar olmuşlar. Tarixi mənbələr və tədqiqatlar Alban Tayfa İttifaqına daxil olan leqlərin yaşama areallarının müasir Cənubi Dağıstan ərazisində olduğunu müəyyən etmişdir.
Ləzgilər özlərini tək halda ləzgi, cəm halda isə ləzgiyar adlandırırlar. XX əsrin əvvəllərində onlara bəzən kürelilər də deyirdilər. Ləzgi etnonimi konk- ret Dağıstan xalqlarından birinin etnik adı olmamışdır. Belə ki, XX əsrin əv- vəllərinədək Dagıstanın bütün daglıları ləzgi adlandırılmaqda idi. 3 Şimali və Cənubi Qafqazın türk xalqları «ləzgi» dedikdə Dağıstanda yaşayan bütün dağ xalqlarını nəzərdə tuturdular. Qafqazın Rusiya imperiyası tərəfindən işğalın- dan sonra isə Dağıstanın cənub hissəsində yaşayan əhali bütövlükdə «ləzgi» kimi təqdim olunmuşdu.
Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov da «Gülüstani-İrəm» əsərində «ləzgi» kəlməsinin laz etnonimindən yarandığını ehtimal etmişdir. O yazırdı:«Dağlılara «ləzgi» adının verilməsi, laz qovmilə qarışmaları münasibətilə ola bilər. Lazlar miladın III əsrinin sonunda Kolxidada yaşayırdılar. Sər- mat padşahı Qıpçaq çölündən gəlib, onları məğlub etdi. Lazlar V əsrdə albanlar və iverlər ilə bərabər Rum və İran arasında uzun müddət davam edən müharibələrə qarışırdılar.
Ləzgi dili Qafqaz dilləri ailəsinə aid edilir. 6 Rusiya mənbələrində ləzgi dili XX əsrin 20-ci illərinədək «küre dili» də adlanırdı. Ləzgi dili onların yaşadıqla- rı bölgələrə uyğun olaraq, bir-birindən fərqlənən Dagıstandakı eyni adlı obalar Küre, Axtı və Azərbaycandakı ləzgilərinin danışdığı Quba dialekti kimi üç di- alektə bölünür. Dağıstan Respublikasındakı ləzgilər küre və axtı dialektlərində, Azərbaycanda yaşayan ləzgilər isə əsasən Quba dialektində danışırlar. Ləzgi ədəbi dilinin əsasını isə Küre dialekti təşkil edir. XIX əsrədək bütün Dağıstan xalqları kimi ləzgilərin də digər Qafqaz xalqları ilə əsas ünsiyyət vasitəsi Azər- baycan dili olmuşdur. Bunu XIX əsrdə Aleksandr Bastujev-Marlinski, Mixail Lermontov kimi rus müəllifləri də qeyd etmişlər. A.Bestujev-Marlinski yazırdı ki, Qafqaz tatarlarının (Azərbaycan türklərinin) dili ilə bütün Asiyanı tamam dolaşmaq olar.7 Ləzgilər Azərbaycan dilini yaxşı bilirlər. Buna Azərbaycan dilinin tarixən Dagıstanda, o cümlədən ləzgilər arasında geniş yayılması təsir etmişdir. Bunu XIX əsr rus müəlliflərinin yazıları da təsdiq edir. Onlardan biri 1908-ci ildə Dağıstana səyahət edən K.F.Qan yazırdı ki, türk-tatar dili, demək olar ki, bütün Dağıstanda beynəlmiləl dil sayılır .
Qafqaz Albaniyası, Şirvanşahlar, daha sonra Səfəvilər kimi Azərbaycan dövlətlərinin tərkibində olmuş ləzgilər XIX əsrədək vahid siyasi birlikdə təmsil olunmamışlar. Bir sıra azad icmalarda birləşən ləzgilər Səfəvi dövlətinin süqu- tundan sonra XVIII əsrin II yarısından etibarən Quba və Dərbənd xanlıqları tərkibində olmuşlar.9 XIX əsrin əvvəllərinə kimi Quba xanlığında məskunlaşan Azərbaycan ləzgilərinə “Quba ləzgiləri” də deyirdilər.
Tarixən Samur bölgəsində, müasir Cənubi Dagıstan ərazisində köçəri mal- darlıqla məşğul olan ləzgilər qədim dövrlərdən bəri öz sürülərini əsasən Şimali Azərbaycan ərazilərində olan qışlaqlara aparırdılar. 12 Tədricən ləzgilər öz məskənlərini qışlaqlara daha yaxın etmək üçün cənuba doğru hərəkət etmiş, dağətəyi Xəzərsahili bölgələrində məskunlaşmışlar. Nəticədə ləzgi kəndlə- ri təkcə Samur bölgəsində deyil, həmçinin Azərbaycanın digər bölgələrində, xüsusilə də Şəki-Zaqatala bölgəsində yaranmağa başladı.13 Ləzgilərin Azər- baycan ərazilərində məskunlaşması XIX ərin II yarısında xüsusilə sürətləndi. Onlar bu torpaqlarda yeni yaşayış məskənləri salaraq, bir çox hallarda həmin yerlərə özlərinin keçmiş kəndlərinin adlarını verirdilər. Məsələn, Qubanın Üç- gün kəndi Dağıstanın eyni adlı kəndindən köç edən ləzgilər tərəfindən salınmışdır. Qədimdə bu kəndin əhalisi Dərbənddən Qubaya qədər olan ərazilərdə yaşamışlar. Kənddə Bayramlar, Bəkərlər, Xıdırlar, Qazıxanlar, Cəbəllər, Rə- filər, Qovqovlar, Həzəmlər, Muradlar kimi qədim nəsillərin nümayəndələri yaşamaqdadır. XX əsrin əvvəllərindən qışlaq yerlərə köçməyə başlayan Üçgün kəndinin əhalisi Xacmaz ərazisində də eyni adlı Üçgün-Qışlaq kəndi salmış- lar. Quba bölgəsindəki Zeyxur, Muruq, Muruqoba, Ləgər, Gədəzeyxur, Yeni Zeyxur kimi ləzgi yaşayaş məntəqələri də vaxtilə Dağıstanın eyni adlı kənd- lərindən köç etmiş əhali tərəfindən salınmışdı. Arxiv materiallarına görə, XIX əsrdə Quba qəzasında artıq 47 ləzgi kəndi mövcud idi.
Ləzgilərin Dağıstanın cənub hissəsindən Azərbaycana miqrasiyasına və burada yaşayış məskənləri salaraq yerli əhali ilə qaynayıb-qarışmasına misal olaraq Qəbələ rayonundakı Qəmərvan (ləzgi dilində: Kamervan) kəndinin ya- ranma tarixini də göstərmək olar. Bu kəndin tarixi də XIX əsrin ortalarından başlayır. XIX əsrin sonlarınadək həmin kəndin yerləşdiyi geniş ərazi Azərbay- can türklərinin daimi örüş, Dağıstandan gələn heyvandar ləzgilərin isə qışlaq yeri olmuşdur. Təbii ki, hər yerdə olduğu kimi qoyun sürüləri üçün bol otlaq yerləri uğrunda çobanların arasında tez-tez mübahisələr yaranırdı. Bu müba- hisələrə son qoymaq məqsədilə Dağıstandan gələn heyvandarlar Dərbəndə üz tutmuş, Dağ xalqları üzrə baş idarənin rəisi olan general-mayor Aleksandr Ko- marova (1823-1904) müraciət etmişlər. General Komarov ləzgilərin arzusunu nəzərə alaraq, onların həmin ərazidə daimi məskunlaşması barədə fərman ver- mişdi.
Beləliklə, Dağıstanda yaşayan ləzgilərin müəyyən bir hissəsi oturaq hala keçərək bu kəndi yaratmışlar. Cənubi Dağıstanın müxtəlif bölgələrindən buraya köç edən ləzgilər kəndin adını general-mayor Aleksandr Komarovun şərəfinə əvvəlcə «Komarovvan», «Kamariyyə» qoymuş, sonralar toponim «Qəmərvan» və ya «Kamervan» şəklinə düşmüşdür. Kəndin köhnə məscidinin daş lövhə- si (hazırda Qəbələ Diyarşünaslıq Muzeyində saxlanılır) üzərində ərəb dilində yazılmış mətn də bu tarixi faktı təsdiqləyir: «Bu kənd «Kamariyyə» adlan- dırılmış və 1293-cü ildə (miladi təqvimi ilə 1876-cı il) salınmışdır. Onun təməlini qoymuş general… Komarovun şərəfinə belə adlandırılmışdır. Bu cümə məscidi 1295-ci ildə (1878-ci il) tikilmişdir».
Qəmərvan kəndində yaşayan ləzgi nəsilləri (ləzgi dilində: sixil) XIX əs- rin ortalarından örüş torpaqlarının olmaması üzündən Dağıstanın indiki Axtı rayonunun Yalcux kəndindən köç etmişlər.16 Bundan başqa, Axtı rayonu ərazi- sindəki İxir, Lqapirkənd, Maza, Filidzax, Caba kəndlərindən, həmçinin indiki Doqquzpara rayonunun Misgincə kəndindən köç edərək Qəmərvanda məskun- laşmışlar. Beləliklə, Azərbaycan onlar üçün də vətən olmuşdur.
Həmin dövrdə ləzgilər Azərbaycanın Quba qəzası ilə yanaşı, Nuxa qəzasının Filfili, Küsnət, Laza, Corudca, Şin, həmçinin Qaytar, Qazmalar, Mıçıx kəndlə- rində və qismən Göyçay qəzasının ərazisində də yaşamaqda idilər.17 XIX əsrdə Bum mahalında olan Qazmalar kəndi- nin təməli də Dağıstanın Doqquzpara bölgəsindən gələn ləzgilər tərəfindən qoyulmuşdu.18 Bölgədəki Mıçıx, Ma- zıllı və Küsnət kimi ləzgi kəndlərinin əhalisi isə XIX əsrin əvvəlində Şəkiyə Qubadan gəlmiş və Qutqaşın mahalının torpaqlarında məskunlaşmışdılar. Şəki mahalında iki kənddə - Daşağılda və Şində XVIII əsrdə Dağıstandan gəlmiş ləzgi ailələri var idi. Bu ailələr Şəkiyə Məhəmmədhəsən xanın zamanında (1783-1795) gəlmişdilər.
Qafqazın Rusiya imperiyası tərə- findən işğalından sonra aparılan inzi- bati-ərazi islahatları nəticəsində Bakı quberniyası və Dağıstan vilayəti arasın- da Samur çayı boyu sərhədin müəyyən edilməsi tarixən vahid ərazidə yaşayan ləzgilərin, həmçinin Dərbənddə və onun ətraf kəndlərində yaşayan Azərbaycan türklərinin bir-birindən təcrid olunmasına səbəb olmuşdu. Quba xanlığının əra- zisi parçalanaraq Samur çayı hövzəsində Samur və Küre dairələri yaradılmış və Dağıstan vilayətinin təkibinə daxil edilmişdi. Beləliklə, ləzgilərin yaşadıq- ları məntəqələr müxtəlif inzibati vahidlərin arasında bölünmüş, bir hissəsi Da- ğıstan vilayətinin Küre və Samur dairələrində, digər hissəsi isə Bakı quberniyasının Quba qəzası ərazisində yaşamalı olmuşlar. Çar Rusiyasının Azərbaycanın şimal-şərq bölgəsində apardığı belə inzibati-ərazi islahatları nəticəsində Samur çayı bölgəsində yaşayan Azərbaycan türkləri Samur dairəsinə aid edilmişdilər.
Onu da qeyd etmək lazımdır ki, XIX əsrin sonu XX əsrin əvvəllərinlə Bakı şəhərinin, bütövlükdə Abşeron yarımadasının sənayeləşdirilməsi, zəngin neft yataqlarının genişmiqyaslı istismarı təkcə Azərbaycandan deyil, onun hüdud-larından kənardan da işçi axınının ya- ranmasına səbəb olmuşdu. Məsələn, Dağıstan vilayətindəki Axtı, Xürük, Mikrax, Kurax, Xüçkür və digər dağ kəndlərindən yüzlərlə insan qazanc da- lınca Bakıya gəlmişdi.21 Hətta həmin dövrdə ləzgilər arasında belə deyimlər də yaranmışdı: «Bakudin rex requn rex xiz xanva» (Bakı yolu dəyirman yoluna dönüb), «Baku - avay sa kal- ni qana aku» (Bir inəyin varsa, sat, Bakını gör).22 Həmin illərdə Bakının neft mədənlərində işləyənlər arasında sonralar təkcə ləzgilərin deyil, Qafqaz ədəbiyyatının görkəmli nümayəndələ- rindən olmuş Stal Süleyman (Süley- man Stalski), Yetim Emin, Xürüq Tahir, Küçxür Səid də vardı.
Ləzgi xalqının zəngin folkloru və ədəbiyyatı vardır. Onun Küçxür Səid, Yetim Eminlə yanaşı, Sədrəddin Süleyman əl-Ləzgi, Musa ibn əl-Ləzgi, Kürə Məlik, Miqrağ Qəmər kimi bir sıra görkəmli şair və aşıqları təkcə ləzgi xalqının, Qafqazın deyil, bütövlükdə dün- ya ədəbiyyatının xəzinəsinə öz töhfələrini vermişlər. Ləzgi şair və aşıqlarından bir çoxu, o cümlədən Stal Süleyman, Yetim Emin, Ləzgi Əhməd öz şeirlərini həm ləzgi, həm də Azərbaycan dillərində yazmışlar. Sənətkarlar arasında Müşkür Məhəmməd və Müşkür İbrahim xüsusilə seçilmişlər. Müşkür İbrahim (XVI əsr) ləzgi, Azərbaycan, ərəb və fars dillərində yazıb-yaratmışdır. Müş- kür İbrahim həm də Dağıstan və Şirvanda məşhur idi. Onun Müşkür şəhərində təşkil etdiyi şeir məclislərinə qonşu ölkələrdən də şairlər gələrdi.
XVII əsrin məşhur ləzgi şairlərindən olan Ləzgi Saleh də dörd dildə - ləzgi, Azərbaycan, ərəb və fars dillərində yazıb-yaratmışdır. Bütün Qafqazda tanınan Yaraq mədrəsəsinə rəhbərlik etmiş şair hələ XVII əsrdə ana dilinin təmizli- yi uğrunda mübarizə aparmış, başqa dillərdə şeir yazmağa meyil edən, lakin o qədər də uğur qazana bilməyən şairləri əvvəlcə ana dilində yaratmağa səs- ləmişdi. Ləzgi ədəbiyyatı ilə yanaşı, klassik Şərq və Azərbaycan ədəbiyyatı ilə də yaxından tanış olan Saleh Azərbaycan dilində qoşma, gəraylı, bayatı, müxəmməs, təcnis, qəzəl janrlarında gözəl əsərlər yazmışdır.
Əslən Qusar bölgəsinin Urva kəndindən olan ustad aşıq Ləzgi Əhmədin (1762-1840) də həm ləzgilər, həm də Azərbaycan türkləri arasında böyük nü- fuzu var idi. Onun XVIII əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Xəstə Qasım ilə yaxın dostluq münasibətləri haqqında rəvayətlər mövcuddur. Onların deyişmələri günümüzədək gəlib çatmışdır.
XIX əsr ləzgi ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əmirəli (1790-1846) isə Şeyx Şamillə çiyin-çiyinə rus işğalçılarına qarşı döyüşmüş, 1837-ci il Quba üsyanının rəhbərlərindən biri olmuşdur. Həm də Abbasqulu ağa Bakıxanovla dostluq etmiş Əmirəli 1846-cı ildə onunla birlikdə Məkkəyə getmişdir. O da iki dildə – ləzgi və Azərbaycan dillərində yazıb-yaratmışdır. XIX əsrin daha bir görkəmli nümayəndəsi Küre dairəsinin Yalsuq kəndindən olan Yetim Emin (1861-1884) olmuşdur. Yetim Emin ləzgi ədəbiyyatına həm üslub, həm də mövzu baxımından yenilik gətirmiş şairlərdəndir. Dağıstanın Axtı rayonunun Maza kəndindən olan Mazalı Əli (1850-1890) də iki dildə ləzgi və Azərbaycan dillərində yazıb-yaradan şair olmuşdur. Hər iki xalqın şifahi xalq ədəbiyyatına dərindən bələd olan şairin iki dildə çap olunmuş şeir- lərindən biri “Namərdin” adlanır. Məlahətli səsi olan Mazalı Əli həm də gözəl çüngür (ləzgilərin saza oxşayan musiqi aləti) və kfil (tütək) alətlərində ifa et- mişdir. Ləzgi xalqının məşhur şairlərindən biri də Xürüq Tahir olmuşdur. XIX əsrin II yarısından Axtı rayonundan Azərbaycana köç edən ləzgi ailələrindən olan Xürüq Tahir orta məktəbi Şəkidə bitirmişdir. Xürüq Tahir də Azərbaycan dilini mükəmməl bildiyi üçün bu dildən ləzgi dilinə bir çox Azərbaycan şairlərinin şeirlərini tərcümə etmişdir.
XX əsr ləzgi ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Dağıstan sovet poeziyasının banisi, 1934-cü ildə Ümumittifaq Sovet Yazıçılarının I Qu- rultayında “XX əsrin Homeri” adlandırılmış Dağıstanın xalq şairi Süleyman Stalski (1869-1937) olmuşdur. Azərbaycanda Stal Süleyman adı ilə tanınan şair həm ləzgi, həm də Azərbaycan dillərində yazıb-yaratmışdır. S.Stalskinin şeirləri SSRİ xalqlarının bütün dillərinə, ümumilikdə isə dünyanin 270-dən çox dilinə tərcümə olunmuş, əsərləri Çində, keçmiş Çexoslovakiyada, Ukraynada, Almaniyada, Fransada, Avstriyada, İspaniyada nəşr edilmişdir. SSRİ yazıçıla- rının I qurultayında Azərbaycan dilində şeirlə çıxış etmiş Stal Süleyman Azər- baycan və ləzgi xalqlarının dostluq və qardaşlıq rəmzlərindən birinə çevrilmiş, həyat yolu və yaradıcılığı haqqında isə 1957-ci ildə Bakı Kinostudiyasında «Mahnı belə yaranır» bədii filmi lentə alınmışdır.
Azərbaycanın digər etnosları kimi ləzgilərin də təsərrüfat həyatında mal- darlıq əsas yerlərdən birini tutur. Azərbaycanın zəngin otlaqları, əlverişli qışlaq yerləri sayəsində ləzgilərdə qoyunçuluq və bu sahə ilə bağlı fəaliyyət növləri geniş inkişaf etmişdir. Köçəri maldarlıq ənənələrinə sahib olan ləzgilər qışlaq yerləri kimi əsasən Mil, Muğan, Salyan, Qobustan, Alazan ərazilərindən isti- fadə etmişlər. Düzənlik və qismən də dağətəyi ərazilərdə məskunlaşan ləzgilə- rin təsərrüfat məişətində isə əkinçilk, bağçılıq daha geniş yayılmışdı. Məsələn, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Oğuz bölgələrində yaşayan ləzgilər maldar- lıq və əkinçilklə yanaşı bağçılıqla da məşğul olmuşlar.
Təsərrüfat həyatı ilə yanaşı, ləzgilər regionda özünəməxsus xalq tətbiqi sənət nümunələri və sənətkarlıqda, o cümlədən xalçaçılıqda ad qazanmışlar. Ləzgi xalçaları üçün nəbati və həndəsi motivli ümumazərbaycan ornament süjetləri xarakterikdir. Özünün zəngin rəng çalarları, toxunma texnikası ilə seçilən ləzgi xalçaları arasında Qımıl, Küsnət xalçaları xüsusilə məşhurdur. Azərbaycan xalçaçılıq sənətində özünəməxsus xüsusiyyətləri ilə seçilən suma- ğı xalı toxuculuğu isə Qusarda daha geniş yayılmışdır. İsmayıllı rayonunun Qalacıq kəndində də bütün qadınlar və qızlar sumağı xalı toxuyur. Palaza bən- zəyən belə xalçaların üstü düz, altı saçaqlı olduğu üçün xüsusilə isti saxlayır, revmatizmdən qoruyur. Ailə quran hər bir qız nişanlısı üçün belə xalça toxu- malıdır. Cehiz xalçasının toxunmasında qonşular ona kömək edirlər. Bu xalça- ların üzərində ulduzlar, qədim inancları əks etdirəm işarələr olur.
Ləzgi adətlərinə görə, keçmişdə qız uşağı hələ beş yaşından ilmə vurmağı öyrənməli, səkkiz yaşında isə müstəqil xalça toxumağa başlamalı idi. 14-15 yaşına çatanda artıq onun öz əlləri ilə toxuduğu dörd-beş xalçası olmalı idi. Hətta ləzgilər arasında belə bir məsəl də var idi: «Para ruşar – para qamar, para qadayar – para balkanar» (Əgər qızın çoxdursa, xalçan, oğlun çoxdursa, atın çox olacaq).24 Ləzgilərin sənətkarlıq həyatında dəmirçilik, silahqayırma kimi sahələr də mühüm yer tutmuşdur. Xüsusilə, Küsnət, Düztahir, İmamqulukənd və Qımıl kəndləri dəmirçilərinin hazırladıqları əmək alətləri ətraf bölgələrin də təsərrüfat alətlərinə ehtiyacını ödəyirdi.
Ləzgi etnik milli geyimləri digər Dagıstan xalqları və Azərbaycan türkləri- nin milli geyimləri ilə demək olar ki, eynilik təşkil edir. Ləzgilər də Azərbay- can türkləri və Dağıstanın bəzi xalqları üçün xarakterik olan yerli papaqçılar tərəfindən tikilmiş adi qoyun dərisindən olan motal papaq, bayramlarda isə qara və ya boz qaragül dərisindən tikilmiş bərmək papaq qoyar, yun şaldan toxunmuş şalvar, üst geyimi olaraq boğazadək düymələnmiş köynək və kəmər, ayaqlarına isə şalamar adlandırdıqları mal gönündən tikilmiş çarıq geyərdilər. Səfərə gedərkən və ya soyuq qış havalarında isə dəvə yunundan olan başlıq və kürk geyərdilər. Ləzgi kişi geyiminin ən xarakterik xüsusiyyətlərindən biri də rəngarəng yun saplardan sıx toxunmuş naxışlı, burnu üzüyuxarı qalxmış uzunboğaz çəkmələr olmuşdur. Kişi geyimlərinin əsas elementlərindən biri də kəmərin üstünə taxılan xəncər və qatar adlanan patrondaş olurdu. Həm kişi, həm də qadınlar naxışlı corab geyərdilər.
Qida rasionunda ət və süd məhsullarının, göyərtinin üstün olduğu ləzgi mət- bəxində Qafqaz və Azərbaycan xalqları kulinariyasının ortaq elementlərinə rast gəlinsə də, özünəməxsusluğu ilə seçilir. Hər bir evin həyətində təndir, çörək və xörək bişirmək üçün xər adlanan gil soba olmalı, sac üçün yer ayrılmalı idi. Çörək, adətən, mayasız xəmirdən yapılırdı. Mayalı xəmirdən isə Azərbaycan türklərində olduğu kimi kömbə adlandırılan çörək bişirilirdi. Ləzgi kulinariyası da çörək məmulatı baxımından zəngindir. Burada ilin fəsillərindən, bayramlar- dan asılı olaraq evlərdə xul, çar-fu, yuxva (yuxa), lavaş, bazlamaç, saçun fu, kakvats, çar lavaş (mayasız lavaş), qvar lavaş (mayalı lavaş), kulan fu, ştkar, purniyrin fu, efer-fu, tsaluq, tanurd fu (təndir çörəyi), karkar fu, çerekun tunut, şirin fu, quzan, aluqa, tsaluq, bakluk, çerekun və s. bişirilir.
Bundan başqa, ləzgilərin sıx məskunlaşdıqları bölgələr içliyi göyərti, balqa- baq və ya kəsmikdən olan kətələr – afarar, sobada bişən və adətən, yeddi qat- dan ibarət və içərisinə ət, kartof, kəsmik və ya göyərti qoyulan skan (tskan) ilə xüsusilə məşhurdur. Ləzgi xingəli – piçekar Azərbaycan türklərinin və tatların gürzə xəmir xörəyindən bir o qədər seçilmir. İlin soyuq ayları üçün isə qaxac ət və doldurma (bağırsağın içərisində qurudulan ət, ədviyyat və göyərti qarışığı) tədarük edilir. İlin soyuq aylarında orqanizmin xəstəliklərə müqa- vimətini artırmaq məqsədilə xəşil və cücərmiş buğdadan (səmənidən) bəhməzə bənzəyən içki - taç bişirilir və onu, adətən, sav (qovut) ilə yeyirlər. Yeni uşaq doğulanda bişirilən isita isə Azərbaycanın digər bölgələrində çalınan halvadan yalnız adı ilə seçilir. Ləzgi yeməklərində ən çox istifadə edilən ərzaq ət və buğ- dadır. Meyvələrdən şərbət hazırlanır və çat deyilən bir içki içilir. Buğda qaran- lıq yerdə saxlanılır, cücərməyə başlayanda ondan doşaba oxşar içki hazırlanır.
Hər bir xalqın tarixində onun milli-mənəvi dəyərlərini əks etdirən mühüm mərasimlər vardır. Azərbaycan türkləri arasında böyük təntənə və xüsusi mərasimlərlə qeyd olunan Novruz bayramı ləzgilər üçün də əziz bayramdır. Novruz bayramının adı ləzgilərdə “Yaran suvar” adlanır. Yar ləzgilərin qədim əkinçilk təqviminə əsasən, yazın mart ayının 21-dən aprelin 4-dək davam edən dövrünə deyilir. Ləzgi dilində “yar” sözünün bir çox mənaları var. Bu söz “il- kin” mənasında da işlənir. Qədimdə xalq arasında yar sözü çox zaman «qırmızı Günəşi» də ifadə edirdi. Odur ki, ləzgilərin yaz bayramı süfrəsində qırmızı rəng xüsusi yer tuturdu. Ləzgilər də Azərbaycan türkləri kimi baharın gəli- şini müşayiət edən çərşənbələri xüsusi qeyd edirlər. Qusarda Su çərşənbəsin- də həyət-baca təmizlənir, sulanır, qızlar, qadınlar bulaq başına gedirlər. Adətə görə, səhənglə bulaqdan su götürən qadınlar suyu küçə boyu qapıların ağzına, hasarların dibinə tökürlər. Su çərşənbəsində su mənbələri təzələnir, arxlar qay- daya salınır, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Gün doğmamış hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalq inamına görə, Su çərşənbəsi günü “təzə sudan” keçənlər azarını-bezarını ona verər, il boyu xəstəlikdən uzaq olar.
Martın 21-də gecə ilə gündüzün bərabərləşəcəyi zamanı böyük təntənə ilə bayram edən ləzgilər toylarını da məhz mart ayının 21-dən aprelin 4-dək etməyə çalışardılar. Bu zaman bəyə yaran çam (bahar bəyi), gəlinə isə yaran svas (bahar gəlini) deyərdilər. Bu ayların həm bərəkətli aylar olmasına, həm də bu aylarda qan qaynadığı üçün evlənən gənclərin daha sağlam nəsil dünya- ya gətirəcəyinə inanarlar.
Xalq arasında belə bir inanc var ki, ailənin illik güzəranı bayram süfrəsin- dən asılıdır. Ona görə də hər ailə başçısı çalışır ki, süfrəsi zəngin olsun. Bayram süfrəsinə əyləşməzdən əvvəl bayram payı ilə küsülülərin evinə gedər, plov qa- zanından çəkilmiş ilk nimçəni qonşuluqda xəstə yatanlara, kimsəsizlərə göndərərlər. Əvəllər Yaran suvar kəndlərdə xüsusi təntənə ilə keçirilər, hər bir ailə üzvünün adına şam yandırılardı. Bayram günü ləzgilər ocağı həyətdə deyil, təpələrin başında qalayardı. Ləzgilər arasında da bahar ərəfəsində Ay və Günəşi çağırma ayinləri icra edilərdi. Bu xalq mərasimi Vatsrakar adlanırdı. Bu məra- sim zamanı qızlar, oğlanlar Ay və Günəşə həsr olunmuş mahnılar oxuya-oxuya məhəllələrdən keçərdilər. Ləzgilərin bahar bayramı ərəfəsində keçirilən qədim adətlərindən biri də könüllü iməcilik mənasını verən mel mərasimidir. Mel adətinə görə, ev-eşikdə bahar təmizliyi aparılır, yorğan-döşək günə verilir, xal- ça-palaz çırpılır, evlərin divarları ağardılır, bağ-bağat çör-çöpdən təmizlənir.
Azərbaycanın xüsusilə şimal-qərb bölgəsində geniş yayılmış qədim Gül- verdi bayramı ləzgilərin arasında da Çiçək bayramı kimi geniş qeyd edilir. Bu həm də gənclərin bir-birini bəyənib seçməsi üçün əlverişli vaxt sayılır. Oğlanlar bəslədikləri yüyrək atlarla cıdıra çıxır, pəhləvanlar güləşir, qızlar çiçəklərdən çələng hörürlər. Bayramın ən maraqlı hissəsi mahnı və rəqs yarışmasıdır. Qız- larla oğlanlar bir yerdə mərasim mahnıları ifa edir, rəqs yarışına qoşulurlar. Sonra hamı çəmənlikdə salınmış süfrə ətrafına yığışır. Hava qaralanda evə dönənlərin əllərində çiçək dəstələri olur.
Baharın gəlişi ərəfəsində başlanan tarla işləri əkin sahələrində keçirilən maraqlı mərasimlərlə müşayiət edilirdi. Ləzgilərin kənd təsərrüfatı işləri ilə bağlı olan xalq bayramı - ilk şırım günü ləzgi kəndlərində də böyük təntənə ilə qeyd olunur. Ləzgi dilində sahənin bu başından o başına gedib şirim açmağa rqal (şırım) deyirlər. Torpağın şumlanıb əkin üçün hazırlanması vaxtı yetişən- də elliklə yığışıb ilk şırımın açılması mərasimində iştirak edirlər. Əkinçilər ilk şırıma böyük əhəmiyyət verir, «Gələcək məhsulun taleyi ilk şırımdan asılı olur» deyirlər. Elə ona görə də bu məsul vəzifəni kəndin ən nüfuzlu, «əliyüngül» sakininə etibar edirlər. O, kotanı sahəyə çıxarır, digərləri isə tarlanın kənarında tonqal qalayırlar. Həmin əkinçi hamının gözü qarşısında xış qoşulmuş öküzləri əkinə istiqamətləndirib: «İzləriniz bərəkətli olsun!» deyir. İlk şırımdan son ra əkinçi öküzləri gənclərə həvalə edir. Ertəsi gün bütün el şuma çıxır. Ləzgi folklorunda yer şumlayaşumlaya oxunan əkinçi mahnısı havar geniş yer tutur. Ləzgilər də Azərbaycanın digər əkinçi əhalisi kimi taxıl biçini ərəfəsində ilk sünbülün yığılmasını bayram edirlər. Bu şənliyə peşxür (ilk dərz) bayramı deyirlər. İlk dərzləri yığıb onları zəminin kənarında başı üstə qoyur, sünbülləri oxşayaoxşaya, dua edə-edə mahnı oxuyur və süfrə arxasına keçirlər. Zurna nın və nağaranın şux sədaları altında uşaqlar rəqs edir, qadınlar təzə arpadan bişirdikləri çörəkdən qonşulara, kənddəki imkansız ailələrə və yetimlərə pay verirlər. Belə paylanma olmasa, yağış və ya dolu yağacağına inanarlar.
Xalq oyunları ilə müşayiət olunan, kollektiv şəkildə ifa edilən peşapay bay- ramı qədim teatr ünsürləri və mahnılarla zəngindir. Uzunmüddətli quraqlıq za- manı bərəkət, bolluq arzusu ilə insanlar küçələrə çıxaraq yağışçağırma ayinləri icra edərdilər. Bu zaman, adətən, bir oğlan uşağına ağac budaqlarından «paltar» geyindirib, küçə-küçə gəzdirər, onu mahnı ilə müşayiət edər, peşapayın üstünə su atardılar. Mərasim yağış yağanadək davam edərdi. Yağıntı çox düşəndə isə Günəşi çağırma ayini olan alapex mərasimi keçirilərdi. Bu mərasimdə ancaq qadınlar iştirak edərdi. Onlar gəlinciyə qırmızı yaylıq geyindirib, qapı-qapı gəzdirərdilər. Qədim ləzgilərin təsəvvürlərinə görə, Rağ (Günəş) qızdır. Onu qırmızı rəngin köməyi ilə çağırmaq olar.|
Ləzgi xalq inanclarında onların qədim bütpərəst inanclarının izləri, xüsusilə də Ay və Günəş kultu ilə bağlı inamlar – Gutsar, Rağ, Men (Ay) ilahiləri, həmçinin mübarizlik, döyüşkənlik rəmzi olan Seh (keçi), od ilahisi Alpan, Yargiruşun-Me- ze (göyqurşagı) kimi ilahilər, onlara inam bu günədək qorunub-saxlanılmışdır.
Xalq inamına görə, ləzgi evlərində divara içində dəlik olan çaxmaqdaşı asılması ənənəsi mövcuddur. Çaxmaq daşı od, istilik rəmzi olmaqla bərabər, onun dəlikli olması həm də səbrin simvoludur. Çaxmaq daşının üzərindəki də- lik əsrlər boyu daşın üzərinə düşən damcılar sayəsində açıla bilər. Buna görə də belə dəlikli çaxmaq daşı ev sahibinə səbirli davranmalı olduğunu xatırladır. Ləzgi evlərində bədnəzərdən qorunmaq üçün həyətdə it və at sümüklərinin, xüsilədə divardan keçi buynuzunun asılması ənənəsi də mövcuddur. Ləzgilər həm bahar mərasimi zamanı martın 22-də, həm də sentyabrın 22-də qeyd olu- nan məhsul bayramında xüsusi ayinlərlə 7 erkək keçi kəsərlər. İlin bərəkətli keçməsi şərəfinə kəsilən keçilərdən birinin buynuzu evin divarından asılır. Hər il yenisi kəsiləndə əvvəlki buynuz əvəzlənir. Keçinin tükünü bərəkət simvolu kimi gəlinlərin yasdığına da qoyurlar.
Ləzgi rəqsləri zənginliyi və müxtəlifliyi ilə diqqəti cəlb edir. Xüsusilə Ləzgihəngi dünyanın ən iti, ən şux və dinamik rəqsidir. XIX əsrin əvvəllərin- də Qafqazda olmuş bir sıra rus müəllifləri gözəlliyinə və iti ritmlərinə vurul- duqları bu rəqsi «Ləzginka» adlandırmışdılar. Bu rəqsdə hər bir kəs özünün cəldliyini, yorulmazlığını və qətiyyətini nümayiş etdirir. Ləzgihəngi keçmişdə dağ kəndlərində oğlan və qızların tanışlığı üçün imkan yaradırdı. Döyüşkən və səfərbəredici gücə malik olduğu üçün hətta Qafqaz müharibəsi zamanı Şeyx Şamil öz müridlərini onun sədaları altında döyüşə səsləmişdir. Ləzgihəngi rəq- sində kişilərin ayaq ucunda, əllərini geniş açaraq oynaması qartalı xatırladır.
Ləzgilərdə toy adətləri də maraqlıdır. Oğlan evinin elçilərinin qız evi ilə razılığa gəlməsi meçi yaruı, nişan aparılması isə nişan ktun adlanırdı. Başlıq puluna niged pul, yəni «yol pulu» deyirlər. Toya bir az qalmış oğlan atası bir neçə qohum kişi ilə qız evinə gedər, ona pul və yaylıq aparardı. Qızın ailəsi ilə başlığın miqdarı danışılırdı. Oğlan evindən qız evinə göndəriləcək toy xərci və ərzağı Quba bölgəsində «tabaq qırağı», «mitmax xərci», ləzgilər isə mitfar adlandırırlar. Keçmişdə bölgədə yaşayan ləzgilərdə toy ərəfəsində oğlan evinə maddi yardımla bağlı payar (pay) ənənəsi mövcud idi. Bütün kənd camaatı və nəslin nümayəndələri gənclərin ailə qurmasına və təsərrüfat yaratmasına kömək etmək məqsədilə oğlanın ailəsinə payar gətirərdilər. Belə qarşılıqlı yar- dım forması Azərbaycanın bir sıra bölgələri üçün xarakterik idi.
Ümumiyyətlə, ləzgilərin toy mərasimlərini ifadə edən sözlərin əksəriyyəti Azərbaycan dilindədir. Məsələn, elçilər ilçiyar, elçilərə şirin çay təklif edil- məsi şirin çay adlanır. Ləzgilərdə oğlan atasının kəndin hörmətli ağsaqqalları ilə birlikdə qız evinə söz kəsdi üçün getməsinə məsləhət deyirlər. Keçmişdə şimal-qərb və şimal-şərq bölgəsi üçün xarakterik olan xaticəmlik ənənəsi (el- çilərin süfrə kənarına gümüş pul qoyması) adəti ləzgilərə də xas olmuşdur.
Toyqabağı bəy öz dostları üçün ən yaxın qohumunun evində məclis qurardu. Ləzgilər bəyi çam, gəlini svas, bəyin sağdış və soldışını yenqiyar və naibar adlandırırlar. Toy paltarının tikilməsi və gəlinin bəzədilməsi isə yenə çoxu- şaqlı və xoşbəxt ailə həyatı olan yaşlı qadına həvalə edilərdı. Ləzgilərdə gəlin toydan bir gün əvvəl xalu adlandırdığı dayısının evinə gedər və bu vaxt bəy onunla görüşə bilməzdi. Hətta qızın olduğu evin həndəvərində dolaşması da qadağan idi. Toy günü gəlin yenidən ata evinə qayıdanda onu ər evinə dayısı, dayısı arvadı – xaludsvas və qardaşı yola salardı. Qız ata evindən çıxanda ocağı öpərdi.
Gəlin karvanın qarşısının kəsilməsi kimi ümumazərbaycan adəti ləzgilərdə də var idi və rek atun adlanırdı. Toya gələn qadınlar un, şiniyyat gətirərdilər. Uzaqdan gələn qohumlar isə qoyun və ya keçi gətirərdilər. Gəlinlə bərabər bəy evinə yola düşən xaludsvas orada iki-üç gün qalardı. Toyun ertəsi günü bəyin dayısı yeni evliləri evinə çağırar və bütün kənd bu qonaqlıqda iştirak edə bilər- di. Gəlin karvanı bəy evinə yaxınlaşarkən burada da ocaq yandırar, gəlini yed- di məşəllə qarşılayardılar. Mərasimdə iştirak edən qızlar əzilmiş qaşığı qapıb onun saçlarına sürtməyə çalışardılar. Gəlinin məhz sağ ayağı ilə kandara bas- madan içəri keçməsi də xüsusi məna kəsb edərdi. Bu, onun həyatının da sağlam olacağına işarə idi. Qədim ənənəyə görə, ləzgilərdə də evdən çıxan gəlin ayağı ilə su bardağını aşırmalı idi. Balakən rayonunda yaşayan Azərbaycan türklərin- də də gəlini aparmağa gələnlər gəlin otağına girdikdə su dolu qabın üstündən keçməli idilər. Ləzgilərdə gəlin evə girərkən qapıya balyaxma ənənəsi vardı. Bu ənənə bölgədə ingiloy və avarların da toy mərasimlərində icra olunmaqda- dır. Ləzgi toy adətinə görə, gəlin evə girərkən qayınana belindən gümüş kəmə- rini açaraq gəlinin belinə bağlayardı. Bununla gəlinin atrıq bu evdən olduğunu və ona güvənildiyini ifadə edərdi. Gəlini toydan 3 gün sonra şirniyyat, məra- sim çörəyi, isita (halva) olan xonça ilə bulaq başına götürərdilər. Gəlin bulaq başında hər kəsə xonçadakı yeyəcəklərdən paylayaraq, inama görə, bununla həmin bulağın xeyir-duasını qazanmaq istəyərdi.
Ləzgi xalqı ilə Azərbaycan türkləri arasında tarixən sıx etnomədəni bağ- lar, çoxəsrlik mehriban qonşuluq münasibətləri, həmçinin təsərrüfat və məişət əlaqələri bu günədək davam etməkdədir. Ləzgilər bu gün həm Azərbaycanı, həm də Dağıstanı özlərinə Vətən bilirlər. Azərbaycan türklərinin və ləzgilərin dini birliyi də etnoslararası münasibətlərin daha da güclənməsinə şərait ya- ratmışdır. Ləzgi xalq dastanlarının bir çoxu, ləzgi ədəbiyyatının klassiklərinin bir sıra məşhur əsərləri Azərbaycan dilində yaradılmışdır. Bu, ləzgilərin və Azərbaycan türklərinin sıx tarixi bağlarının olduğunun bariz nümunəsidir. Hətta əsrlərdən bəri Azərbaycan dili etnik cəhətdən rəngarəng olan Dağıstanda ümumünsiyyət dili olmuşdur.
Saytda təqdim edilən materiallar M.Paşayeva və A.Qurbanovun “Biz Azərbaycanlıyıq” kitabından götürülmüşdür.