IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
İyulun 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüşüb.
Görüşdə şöbə müdiri Azərbaycandakı tolerant və multikultural mühit barədə məlumat verib. Bildirib ki, Azərbaycanda dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri mövcuddur. Ölkəmizdə ayrı-ayrı dinlərə və mədəniyyətlərə mənsub insanlar əsrlərdir qarşılıqlı anlaşma, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, insanların dini etiqadlarını sərbəst şəkildə icra etmələri üçün hərtərəfli şərait yaradılıb.
Etibar Nəcəfov qeyd edib ki, Azərbaycanda tarixən mövcud olan bu ənənələrin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Multikulturalizm Azərbaycanın dövlət siyasəti və xalqın həyat tərzinə çevrilib. Ölkəmizdəki multikulturalizm mühiti bütün dünyaya nümunədir.
Görüşdə yay məktəbi iştirakçılarının sualları cavablandırılıb.