Multikulturalizm Mərkəzində “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” mövzusunda tədbir keçirilib
İyunun 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” mövzusunda tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirin moderatoru BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov bildirib ki, tədbir “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” layihəsi çərçivəsində təşkil olunub. O diqqətə çatdırıb ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir.
“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda yaşayan tatların etnik tarixi, din və dil mənşəyi, Azərbayan ərazisində məskunlaşma tarixi, adət-ənənələri və bu ənənələrin nə dərəcədə qorunub saxlanılmasını təhlil və təşviq etməkdən ibarətdir. O qeyd edib ki, multikultural Azərbaycanda qədim zamanlardan bəri, digər xalqlarla yanaşı tatlar da yaşayır, yaradır, inkişaf edir və inkişafa töhfə verirlər. Lakin Azərbaycanda yaşayan tatlar az öyrənilmiş, kifayət qədər tədqiq olunmamışdır. Mənbə qıtlığı çətinlik yaratsa da, birbaşa və bilavasitə mənbələrdən, tədqiqat əsərlərindən istifadə etməklə müəyyən araşdırmalar aparılmış və bunların nəticəsi olaraq, silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. İyun-avqust aylarını əhatə edən “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” layihəsinin icra olunması da bu məqsədə xidmət edir.
Tədbirdə Azərbaycan Dillər Universitetinin dosenti Məhəmməd Əliyev tatların etnik tarixi, din və dil mənşəyi, Azərbaycan ərazisində məskunlaşma tarixi, adət-ənənələri barədə danışıb.
Hərbçi Bəhram Şeydayev I və II Qarabağ müharibəsində tatların iştirakından bəhs edib. Bildirib ki, zəfərlə başa çatan Vətən müharibəsində bütün Azərbaycan vətəndaşları kimi tatlar da “Dəmir Yumruq” ətrafında sıx birləşdilər. Tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunmasında həmrəylik göstərdilər.
Digər çıxış edənlər – Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Elçin Mirzəbəyov, Cavid Maqsudov, Süleyman Rəhmanov, Fuad Sultanov, Fərman Əliyev tarixən formalaşmış multikultural mühitdən danışıblar. Vurğulayıblar ki, Azərbaycanda yaşayan bütün etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayırlar.
Tədbirdə məktəblilər Ayxan Əliyev və İnci Əliyeva tat dilində Azərbaycan şeirini səsləndiriblər.