Azərbaycan nümayəndə heyəti İsveçrənin Dinlər və Mədəniyyətlərarası Dialoq Evini ziyarət edib

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və ölkəmizin İsveçrə Konfederasiyasındakı səfirliyinin təmsilçilərindən ibarət nümayəndə heyəti Bern şəhərində yerləşən Dinlər və Mədəniyyətlərarası Dialoq Evini ziyarət edib.

Ziyarət çərçivəsində əvvəlcə Dinlər Evinin direktoru David Loytviler Azərbaycan nümayəndə heyəti üçün qısa tur keçirib. O, bildirib ki, Dinlər və Mədəniyyətlərarası Dialoq Evi müsəlman, xristian, buddist, hindu və ələvilərin ibadətgahlarının bir yerdə yerləşdiyi unikal məkandır. Bundan başqa, Dinlər Evinin təşkil etdiyi mədəni proqramlarda yəhudi, bəhai və sikxlərin də iştirak etdiyi qeyd edilib. Onun sözlərinə görə, məqsəd İsveçrə cəmiyyətinin tərkib hissəsi olan bu din tərəfdarlarının birgə yaşaya və dialoq apara biləcəyini nümayiş etdirməkdir. Buna görə də Dinlər Evinin təşkil etdiyi bütün mədəni və təhsil proqramları məhz dinlər haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsinə, dinlərarası dialoq və birgə yaşayış məsələlərinə həsr edilir.

Daha sonra Etibar Nəcəfov həmsöhbətlərini Azərbaycanda multikulturalizm ənənələri və ölkəmizdə multikulturalizmin siyasi-hüquqi əsasları barədə məlumatlandırıb, multikulturalizmin Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirərək, dövlətimizin hazırda bu ənənələri dəstəklədiyini və inkişaf etdirdiyini vurğulayıb. Bernin Dinlər Evinin təmsilçisinə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş “Bakı Prosesi” və ölkəmizdə iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verilib, qarşı tərəf sözügedən tədbirə qatılmağa dəvət edilib.

Sonda tərəflər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və İsveçrə Dinlər və Mədəniyyətlərarası Dialoq Evi arasında əməkdaşlıq imkanları mövzusunda fikir mübadiləsi aparıblar.

Запись Azərbaycan nümayəndə heyəti İsveçrənin Dinlər və Mədəniyyətlərarası Dialoq Evini ziyarət edib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.