MULTİKULTURALİZM MƏRKƏZİ NÖVBƏTİ TRENİNQLƏR KEÇİRİB

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Multikulturalizmə giriş” fənninin tədrisi layihəsi çərçivəsində keçirilən növbəti treninqlər başa çatıb. Bu fənni tədris edən müəllimlər üçün təşkil olunan treninqlər 15 aprel – 13 may 2023-cü il tarixlərində keçirilib. Treninqlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Pedaqoji Kollecindən ümumilikdə 28 müəllim iştirak edib.
 Treninqlər çərçivəsində BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Azərbaycan Tarix Muzeyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Əli Fərhadov, BBMM-in Analitika şöbəsinin mütəxəssisi Fəxri Uğurlu, BBMM-in Analitika şöbəsinin əməkdaşı Araz Qurbanov, BBMM-nin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin əməkdaşı Şahnaz Abdullayeva, BBMM-nin Tədris şöbəsinin əməkdaşları Şəmşad Əlizadə və Tahirə Ələsgərova mühazirə oxuyublar. İştirakçılara “Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti, multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları, Zərdüştilik, Yəhudilik, Buddizm, Konfutsiçilik, Daosizm, Sintoizm, Hinduizm, Çaynizm, Xristianlıq, İslam, Qədim türk inancları, multikulturalizm və media, etnik müxtəliflik və milli ideya, müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi, multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi, etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi, miqrant inteqrasiya siyasəti indeksi (MİPEX) və digər mövzularda mühazirələr təqdim edilib. Daha sonra qeyd olunan mövzulara dair mühazirə materialları müəllimlərə göndərilib. Treninqlər zamanı geniş diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda treninqi uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib. 
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və Təhsil Nazirinin müvafiq əmri ilə 2019-cu ilin sentyabr ayından ölkəmizin bütün ali təhsil ocaqlarının bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə ildə iki dəfə treninqlər təşkil edir.

Etiketlər