BBMM – də “Azərbaycan multikulturalizmi” dərsliyinin ingilis dilində nəşrinin təqdimatı olub
Oktyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycan multikulturalizmi” dərsliyinin ingilis dilində nəşrinin təqdimatı keçirilib.
Kitabın elmi redaktoru Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov “Azərbaycan multikulturalizmi” fənninin 19 xarici ölkədə tədris olunduğunu deyib. Əlavə edib ki, bu dərsliyin ingilis dilində buraxılması zərurəti bununla bağlıdır. Dərslik bu yaxınlarda rus dilində də nəşr ediləcək.
Nəşrin digər elmi redaktoru BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla bildirib ki, bu kitabda dərin və köklü məsələlər öz əksini tapıb. Bu dərslikdən bir neçə nəsil faydalanacaq. “Azərbaycan multikulturalizmi” dərsliyi bu fənnin tədrisində müəllimlər və tələbələr üçün böyük töhfədir. Prezident İlham Əliyevin dediyi kimi, multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Azərbaycanda multikultural təhlükəsizlik təmin edilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə deyib ki, ölkəmizdə multikulturalizmlə bağlı məsələlərin “Azərbaycan multikulturalizmi” dərsliyində yer alması çox əhəmiyyətlidir. Kitabın müxtəlif dillərə tərcümə edilərək xarici universitetlərdə dərslik kimi istifadə olunması vacibdir. Hazırda ölkəmizdə multikultural mühit həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənətdə də özünü göstərir.
AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov deyib ki, “Azərbaycan multikulturalizmi” dərsliyinin çap olunması multikulturalizmin dünyada tanıdılması istiqamətində görülən ən əhəmiyyətli işlərdən biridir. Multikulturalizmin Azərbaycan modelinin dünyada tanıdılması üçün ingilis dilində nəşr edilmiş bu kitabın böyük rolu olacaq.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Azərbaycanda multikultural dəyərlərin və tolerantlıq ənənələrinin yaşının əsrlərlə ölçüldüyünü, ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların yüz illərlə qardaşcasına yaşadığını vurğulayıb. Azərbaycan dünyada çox az ölkələrdəndir ki, burada bütün dinlərə mənsub insanlar rahat yaşayırlar. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə eyni münasibət var.
Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, talış icmasının rəhbəri İmamverdi Həmidov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, tarix elmləri doktoru Solmaz Tohidi və digərləri çıxış edərək yeni nəşrin önəmindən danışıblar. Bildirilib ki, gənclərə multikultural dəyərlərin aşılanması baxımından “Azərbaycan multikulturalizmi” dərsliyi mühüm önəm kəsb edir. Bu nəşr Azərbaycan multikulturalizmi haqqında məlumatların dünyaya çatdırılmasında böyük rol oynayacaq. Kitab Azərbaycanın multikulturalizm modelinin öyrənilməsində tələbələr və müəllimlər üçün dəyərli mənbə, eyni zamanda, gənc nəslin bu sahədə maariflənməsinə böyük töhfədir.
Vurğulanıb ki, Azərbaycan tarixən multikultural və tolerant bir ölkə olub. Burada multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə yüksəlməsi, həmçinin dövlət tərəfindən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunması istiqamətində böyük layihələrin həyata keçirilməsi Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Çıxışçılar ölkəmizin tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin Azərbaycanda sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıblar.
Qeyd edək ki, giriş, üç bölmə və yeddi fəsildən ibarət olan dərslik Azərbaycanın və xarici ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr, magistrlər və doktorantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub. Kitabın qırxdan çox müəllifi var. Həmçinin Azərbaycan vətəndaşı olmayan müəlliflər də bu kitaba əmək sərf ediblər. Dərslik Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfə, hüquq, psixologiya, ölkəmizin müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə tanınmış alimlərin birgə səyi ilə hazırlanıb və üç bölmədən ibarətdir.