Multikultural cəmiyyətdə gender məsələsi

Müasir dünyada birgəyaşayış cəmiyyətlərin və ölkələrin fundamental məsələlərindən birinə çevrilib. Bu gün bir çox problemlərin əsası fərqliliklərin bir yerdə sülh və əmin-amanlıq içində yaşaya bilməməsidir. Təsadüfi deyil ki, bu gün həm vizual mediada, həm də elmi araşdırmalarda ən çox adı tutulan anlayışlardan biri multikulturalizmdir. Multikulturalizmin başlıca prinsipi müxtəlif mədəniyyətlərə mənsub müxtəlif düşüncəli insanların bir-birinə tolerant yanaşmasıdır. 

Bu gün demokratiyanın inkişafı, sosial ədalət və tolerantlığa nail olunması bir xeyli dərəcədə həm də gender bərabərliyindən asılıdır. Gender sözü ilk dəfə Ann Oukli tərəfindən qadın və kişilərin bioloji və sosial xarakterlərini təsvir etmək üçün istifadə edilib. Gender və multikulturalizm kimi terminlər Avropadan gəlsə də, bunların ehtiva etdiyi mövzular qısa müddətdə Azərbaycanda da tədris proqramlarına salındı, elmi tədqiqata cəlb olundu. Bu səbəbdən də adı çəkilən anlayışlar istər texniki, istər humanitar sahədə bilik və dünyagörüşün yenilənməsinə təkan verdi. 

Gender sosial-siyasi mədəniyyətdir, multikulturalizm də sosial-mədəni müxtəliflik harmoniyasıdır. Gender mədəniyyətinin metodu qarşılıqlı anlaşmadırsa, multikulturallığın üsulu qarşılıqlı dialoqdur. Multikulturalizm siyasətində, onun liberal tərəfinin də interpretasiyasına nəzər yetirilməsi aktuallaşır. Gender siyasəti elmdə ən yeni dünyagörüşü istiqaməti olsa da, cəmiyyətdə kişi-qadın münasibətlərinin tarixi qədimdir. Bir halda ki, gender kişi və qadınların siyasi, mədəni, mənəvi və sosial durumunu əks etdirir, deməli o, bəşər tarixi qədər qədimdir. Araşdırmalara nəzər saldıqda görürük ki, əsrlər boyu qadın şəxsiyyətinə daha çox bioloji varlıq kimi yanaşılıb. Qadının bir şəxs, bio-sosial varlıq kimi mahiyyəti ikinci plana keçirilib, onun analıq, övlad böyütmək funksiyası isə ön planda olub. 

Tədqiqatçılar hesab edirlər ki, sivilizasiyanın inkişaf dövründən üzübəri qadınlar dini mənsubiyyətindən və ya siyasi quruluşundan asılı olmayaraq bütün cəmiyyətlərdə kişilərdən asılı olublar. Hazırda dünya öz inkişafının elə bir dövrünə qədəm qoyub ki, son məqsəd bu vəziyyəti dəyişdirməkdir. Bu proses isə bir çox siyasi, ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Bəzi tədqiqatçılar hesab edirlər ki, genderşünaslığın təyinatında əsas olan tarixi-mədəni mənbələr nisbidir, çünki həm tarix, həm də mədəniyyət dəyişkən və dinamikdir. Bu nöqteyi-nəzəri müdafiə edən müasir tədqiqatçılar sırasına N.Puşkaryova, İ.Jerebkina, İ.Kon, B.Belgin, Cəlal Erbay və digərlərini qatmaq olar. Bəzi alimlər isə (A.Adams, M.Uolstounkraft, C.S.Mill və s.) insan azadlığı və hüquqları baxımından qadının düşdüyü vəziyyətin naqisliyini bütünlüklə “tarixin günahı” sayır, bunun köklərini patriarxat tarixdə axtarırlar. Üçüncü bir tərəf isə bütün baş verənləri reallıq, ilahi qanunların tətbiqi, «Allah yazısı», «Tanrı göstəricisi, «Yaradanın əmri» hesab edir.

Quranda cinslərə baxış məsələsi də gender siyasəti baxımından çox maraqlıdır. Qurani-Kərimin bir sıra ayələri və üstəlik, «Nisə» və «Məryəm» surələri bütövlükdə kişi-qadın münasibətlərinə dairdir. Məhəmməd peyğəmbərin «Cənnət anaların ayağı altındadır» kəlamı qadınlara verilən dəyərin ən bariz göstəricisidir. Qadının da kişi kimi cəmiyyətin istənilən fəaliyyət sahəsində məşğul ola bilməsi ilə bağlı «Nəml» surəsinin 22-ci ayəsində buyurulur: «Orada bir qadın gördüm, məlikədir, hər şey verilmiş ona, böyük bir taxt yiyəsidir» . 

Bu gün din belə buyurur, dinimiz belə deyir adı altında azyaşlı qızların erkən nikaha məcbur edilməsi, təhsildən yayınması faktları get-gedə artmaqdadır. Qadına qarşı diskriminasiya, onun asılılıqdan qurtulması, zorakılıqdan azad edilməsi, savadlanması, ictimai həyatda yer tutması cəmiyyət qarşısında duran ən vacib problemlərdən biridir. Çünki qadının savadlı, sağlam, xoşbəxt olması bəşəriyyərtin xilası deməkdir. Eyni cəmiyyətdə insanların “kişilik” və “qadınlıq” xüsusiyyətləri haqqında təsəvvürləri konkret insanın yaşı, sosial mövqeyi, etnik qrupu, dini, ailə statusu və başqa faktorlardan asılı olaraq fərqlənir. XX əsrin əvvəllərində qadının savadlanması, ictimai həyatda yer tutması xalqımızın M.F.Axundov, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, Ə.Ağayev böyük maarifçilərinin, ziyalılarının təlaşına səbəb olmuşdu.

Bildiyimiz kimi, Azərbaycan Konstitusiyasının 25-ci maddəsi kişi və qadınların bərabər hüquq və azadlıqlarını təsbit edir, eyni zamanda vətəndaşların hüquq və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edır. Həmçinin  2006-ci ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun hədəfi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların yaradılması və gender bərabərliyinin təmin edilməsi idi. Ölkəmiz geosiyasi baxımdan Avropa və Asiyanın qovşağında yerləşən, zəngin təbii ehtiyatlara, yüksək mədəni müxtəliflik potensialına, multikultural palitraya malik sintez mahiyyətli bir sivilizasiyadır. Dünyada baş verən mədəni proseslər ölkəmizin mədəni həyatında dolğun əksini tapır. Bu da Azərbaycanda multikulturallıq və genderin özünəməxsusluğunu, dünya ilə müqayisədə ümumi və fərqli cəhətlərini aşkarlamaq üçün qlobal miqyasda gedən proseslərlə əlaqəli təhlilini gündəmə gətirir.

 

Tahirə MƏMMƏDZADƏ 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı