Multikulturalizm Mərkəzinin müşaviri beynəlxalq konfransda çıxış edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, professor Aytən Qəhrəman "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Qəmər Adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində qəmərlilərə vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Qəmər Adaları İttifaqının Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyi müzakirə olunub. Tədbirdə Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının Qəmər Adaları İttifaqının tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən Mayot adasının ictimai-siyasi xadimləri, elmi dairələrinin nümayəndələri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.