VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayır

 

İyulun 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə start verilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir.

Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləridir.

2018-ci ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatılacağı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi iyulin 29-dan avqustun 9-dək Bakı şəhəri ilə yanaşı Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 19, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

VII Beynəlxalq Multikulturalizm Yay Məktəbində Azərbaycan və Gürcüstan, Hindistan, Latviya, İsrail, Moldova, Yaponiya, Qazaxstan, Rusiya, Rumıniya, Almaniya, Belarus, Xarvatiya, Bolqarıstan, Kolumbiya, Ekvador, İndoneziya, Serbiya, Portuqaliya, Slovakiya, Tacikstan, Monteneqro, Çex, Ukrayna, İtaliya, Türkiyə, Fələstin, Meksika, Çin, Estoniya kimi ölkələrin aparıcı universitetlərindən 35 tələbənin iştirak edəcəyi gözlənilir.

Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.

Yay məktəbi müddətində iştirakçıların BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə görüşü planlaşdırılır.

Tələbələrin Şəhidlər xiyabanı və Fəxri xiyabana, Qobustana, Atəşgaha, İçərişəhərə, Oğuzda  Yuxarı və Aşağı məhəllə sinaqoqlarına, Xalxal meşəsinə, Şəkidə Karvansaray, Xan sarayı kompleksinə, Qəbələdə udilərin yaşadığı Nic qəsəbəsinə, Alban-udi xristian kilsəsinə, “Tufandağ” yay-qış turizm istirahət kompleksinə, İsmayıllı rayonunda malakanların yaşadığı İvanovka kəndinə səfərləri də nəzərdə tutulub.

Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

Запись VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayır впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.