Əlcəzair portalı Ulu Öndərin multikulturalizm siyasəti barədə məqalə yayıb
Əlcəzairin “Əl Hərir” portalında “Böyük lider Heydər Əliyevin multikulturalizm siyasəti” sərlövhəli geniş məqalə dərc olunub.
Ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə ulu öndər Heydər Əliyevin multikulturalizmi Azərbaycanın demokratik inkişafının mühüm tərkib hissəsi hesab etdiyi vurğulanıb. Qeyd edilib ki, dahi siyasətçi ölkə ərazisində yaşayan bütün xalqların hüquq və azadlıqlarının, eləcə də etnik-mədəni dəyərlərin qorunmasına xüsusi diqqətlə yanaşırdı. Etnik millətçiliyə alternativ olaraq, Ümummilli Lider Azərbaycan xalqının və bütövlükdə cəmiyyətin, eləcə də dövlətimizin yüksəlişinin əsas amili kimi vahid azərbaycançılıq ideologiyasını irəli sürmüşdü. Bu gün azərbaycançılıq məfkurəsi dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Heydər Əliyev bu ideologiyanı reallaşdırmaqla Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrini daha da möhkəmləndirdi.
Müəllif vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, multikulturalizm və tolerantlıq istiqamətində də ulu öndər Heydər Əliyevin müdrik siyasətini davam etdirir. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, bütün dinlərə hörmət və qayğı Azərbaycanı bütün dünyada yüksək mədəniyyətə malik tolerantlıq nümunəsi kimi tanıdıb. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan onun ərazisində yaşayan bütün millətlərin və xalqların ümumi vətənidir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşə can atırdı.