Milix Yevdayev: Azərbaycanda bütün xalqlar sülh şəraitində yaşayırlar
VI Beynəlxalq Humanitar Forumu Azərbaycanın təntənəsidir. Bütün dünyanı dini, milli zəmində münaqişələrin bürüdüyü bir zamanda Azərbaycanda hökm sürən sülh, əmin-amanlıq, qardaşlıq şəraiti milli və etnik müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaradılmasının mümkünlüyünü əyani göstərir.
Bu sözləri Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda iştirak edən Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev deyib.
“Ulu öndər Heydər Əliyev deyirdi ki, tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Buna görə də Azərbaycandakı bütün xalqlar özlərini sərbəst, rahat hiss edir, dini inanclarına görə mənfi münasibətlərə məruz qalmır, dövlətin hüquqlu vətəndaşları olaraq sülh şəraitində yaşayırlar”, – deyə M.Yevdayev qeyd edib.