Multikulturalizm Mərkəzinin rəhbəri “G20 VII Dinlərarası Forum” çərçivəsində mühüm görüşlər keçirib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov 11-15 sentyabr tarixlərində İtaliyanın Bolonya şəhərində keçirilən G20 Sammitinin Dinlərarası Dialoq Forumunda iştirak edib. “Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma" şüarı altında keçirilən Forumda dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, dini liderləri, xarici işlər, təhsil, mədəniyyət və dini işlər nazirləri, beynəlxalq təşkilat rəhbərləri, görkəmli alim və ictimai xadimləri iştirak ediblər. 8-ci Dinlərarsı Forumda COVİD-19 və iqlim dəyişikliyi, qaçqın, məcburi köçkün və miqrantlara lazımi dəstəyin göstərilməsi, din və etiqad azadlığının, qadın və uşaq hüquqlarının qorunması, iqrçilik, terrorizm, insan alveri, nifrət çağırışları ilə mübarizə və müasir dünyaya qlobal təhlükə və təhdid yaradan problemlər müzakirə edilib. BBMM-in icraçı direktoru Rəvan Həsənov Forum çərçivəsində bir sıra görüşlər keçirib. G20 Sammitinin Dinlərarası Dialoq Forumunun vitse-prezidenti prof. Kol Durham, ABŞ-da yerləşən Stirlinq Fondunun icraçı direktoru Edvard Rou, Sudanın Dini işlər üzrə naziri Nəsrəddin Mofarj, Efiopiyanın Dini işlər üzrə müşaviri Tiquan Taqay, eləcə də Avropa Kilsələr Konfransının İnsan hüquqları müdafiəçisi Elizabeta Kitanoviç ilə baş tutan görüşlərdə BBMM-in həyata keçirdiyi beynəlxalq layihələr, Azərbaycanın dinlərarası dialoq platformalarında təcrübəsi, ölkəmizin multikulturalizm ənənələrinin təbliği, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda, Azərbaycanın xristianlıq irsinin tədqiqi və Azərbaycan həqiqətlərinin Avropaya çatdırılması istiqamətində bir çox birgə layihələrin icrası ilə bağlı qarşılıqlı razılıq əldə olunub. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə birgə ABŞ-ın İsa Məsih və Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbər heyəti ilə görüş zamanı Qarabağda dağıdılmış və ya saxtalaşdırılmış mədəni irsi haqqında da geniş müzakirə aparılıb, bunun şahidi olmaq üçün onlar ölkəmizə dəvət olunublar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərası Dialoq Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin formalaşdırılması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyətə kəsb edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti