Rusiyanın Ural Federal Universitetində Xocalı soyqırımının 27-ci ili münasibətilə tədbir keçirilib
Artıq 4 idir ki, Bakı Beynəlxalq Multiklulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsini uğurla həyata keçirir. Bu layihəyə əsasən, həm Azərbaycan universitetlərində, həm də xarici ölkələrdə “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. 2015-ci ildə start verilən tədris layihəsinə əsasən, artıq 20-ə yaxın xarici universitetdə bu fənnin tədrisi həyata keçirilib. Tədris zamanı tələbələr nəzəri biliklər əldə etməklə yanaşı, həm də Azərbaycanın etnik-mədəni coğrafiyası, tarixi, ədəbiyyatı, eləcə də günlük yaşam tərzi haqqında informasiya əldə edirlər. Elə bu məqsədlə BBMM-in xarici ölkələrdə fəaliyyət göstərən filiallarında və “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu universitetlərdə Xocalı soyqırımının 27-ci ili münasibətilə silsilə tədbirlər keçirilib. BBMM-in Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Aleksandr Nesterovun verdiyi məlumata görə, Rusiyanın Ural Federal Universiteti də bu mövzuya xüsusi dərs həsr edib. Universitetin "Xarici Regionşünaslıq" istiqamətində təhsil alan magistrlərinə “Azərbaycan multikulturalizmi” fənni çərçıvəsində mühazirə keçirilib. Mühazirədə 1990-cı illərin əvvəllərində Azərbaycanda – Qarabağda baş verən hadisələr və Xocalı soyqırımı haqqında geniş məlumat verilib.