Tbilisi Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) layihəsi çərçivəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi bir sıra yerli və xarici universitetlərdə davam edir.
Dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılacaq. Artıq bir neçə universitetdə ilk monitorinqlərə başlanılıb. Bunlardan biri də Gürcüstanın Tbilisi Dövlət Universitetidir. Bu universitetdə 30 tələbəyə fənni Gürcüstanlı professor David Qotsiridze tədris edir.
Tbilisi Dövlət Universitetində monitorinqin aparılması üçün BBMM tərəfindən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov ezam olunub.
Monitorinq zamanı Tbilisidə Xalq rəssamı Fərhad Xəlilov “Azərbaycan multikulturalizmi”, professor David Qotsiridze isə “Azərbaycan multikulturalizmi və folkloru” mövzularında mühazirə oxuyub. Mühazirəsində Fərhad Xəlilov multikultural dəyərlərin Azərbaycan və dünya incəsənətindəki rolundan bəhs edib. Azərbaycan multikulturalizmi və bu istiqamətdə ölkəmizin apardığı uğurlu siyasət tələbələrin və müəllimlərin çox böyük marağına səbəb olub. Sonda tələbələrin Azərbaycanda multikulturalizm ənənələri barədə olan suallarına ətraflı cavab verilib. Mühazirədə universitetin müxtəlif fakültələrindən tələbələr və professor-müəllim heyəti iştirak edib.
Monitorinq müddətində Xalq rəssamı Fərhad Xəlilov və professor David Qotsiridze Şota Rustaveli adına Batumi Universitetinin prorektoru Mamiya Paqava ilə görüşüb. Görüşdə birgə əməkdaşlıqdan və multikulturalizm sahəsində təcrübə mübadiləsindən bəhs edilib.
Sonra rəssam Fərhad Xəlilov Gürcüstanın xalq rəssamları ilə görüş keçirib və görüşdə multikulturalizmin incəsəntdə rolundan danışılıb.
Həmçinin Xalq rəssamımız Gürcüstanda keçirilən alman rəssamının sərgisində də iştirak edib.
Qeyd edək ki, monitorinq davam edir, bir sıra yeni görüşlər planlaşdırılır və bu barədə ətraflı məlumat veriləcək.
Запись Tbilisi Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.