“Yəhudilərin Azərbaycanda yaşaması müsəlmanların çoxluq təşkil etdiyi bir ölkənin tolerantlıq mədəniyyətinin təcəssümüdür”

 

Foto Tövrat
Oktyabr ayının sonu noyabr ayının əvvəlində ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay məbədinin üzvlərindən ibarət 50 nəfərlik heyət Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olub. Nümayəndə heyətinə Sinay məbədinin böyük ravvini David Volpe rəhbərlik edirdi. Səfərin əsas məqsədlərindən biri Dağ yəhudilərinin sinaqoquna Məqəddəs Tövratın bağışlanması idi. Bundan başqa səfər çərçivəsində qonaqlar Quba Soyqırım memorialını ziyarət etmiş və Qırmızı Qəsəbədə olmuşlar, Xarici İşlər Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüşlər keçirmişlər. Bu səfərlə bağlı nümayəndə heyətinin üzvləri xarici mətbuatda (“Time” jurnalı, The Jerusalem Post qəzeti) bir neçə məqalə buraxmışdılar. Bu məqalələrlə oxucularımızı tanış etməkdə davam edirik. Nümayəndə heyətinin üzvü Peter Rothholzun JNS.org internet saytında dərc olunan “Yəhudilərin Azərbaycanda yaşaması müsəlmanların çoxluq təşkil etdiyi bir ölkənin tolerantlıq mədəniyyətinin təcəssümüdür” adlı məqaləni oxucularımıza təqdim edirik.

Antisemitizmin tüğyan etməsinin məntiqi nəticəsi kimi Avropada minlərlə yəhudinin Fransanı, Böyük Britaniyanı və Avropanın digər ölkələrini tərk etdiyi bir zamanda “hətta əvvəllər mühacirət etdikləri İsraildən və digər ölkələrdən bir çox insanları cəlb edən” bir ölkə var. Bakı şəhərində Avropa Yəhudilərinin yəhudi icmasının ravini olan İsraildə doğulmuş Ravin Şneor Seqal həmin ölkənin Azərbaycan olduğu deyir.
Xəzər dənizinin qərb sahilində yerləşən və əsasən İran, Ermənistan, Gürcüstan və Rusiya ilə həmsərhəd olan Azərbaycanda yəhudi icmasının tarixi kökləri təxminən 2000 il əvvəllərə dayanır. Bu müddət ərzində – hətta 1918-1990-cı illərdə Sovet İttifaqının tərkibində olduğu zamanlarda – Azərbaycan öz tolerantlıq və azlıqların qəbul edilməsi ənənəsi ilə qürur duymuşdur. Ölkənin 9 milyon əhalisinin 95 faizi müsəlmandır və əhalinin tərkibində yəhudilərin sayı 12 000 nəfərdir.
Bu yaxınlarda Los Ancelesdə yerləşən Sinay Məbədindən Azərbaycana təşlif buyurmuş nümayəndə heyətinin üzvü kimi altı sinaqoqu, habelə yəhudi məktəbini və Yəhudi İcması Mərkəzini ziyarət etdim. Bu ərazilərdə polis, şəxsi mühafizə və ya xüsusi təhlükəsizlik tədbirləri nəzərə çarpmırdı. Xüsusilə qeyd edilməlidir ki, hətta Los Anceles kimi bir şəhərdə bütün yəhudi təsisatlarında şəxsi mühafizənin olduğunu müşahidə etmək mümkündür. Avropa şəhərlərində isə əksər sinaqoqların və yəhudi məktəblərinin girişində metal detektorlar quraşdırılıb və avtomat silahlı əsgərlər keşik çəkir. Azərbaycanlı yəhudilər yarmulke (yəhudilərin ibadət üçün xüsusi baş geyimi) geyinərək küçələrdə dolaşır və təcavüzə məruz qalmaq təhlükəsi ilə üzləşmir.
Azərbaycanlı yəhudilər dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq ölkənin sosial-iqtisadi həyatında tam şəkildə iştirak edir. Universitetlərdə təhsil pulsuzdur və təhsil almaq üçün bir yəhudinin qarşısını yalnız bacarıq və istək kəsə bilər. Nümayəndə heyətimizin Azərbaycan Ali Məhkəməsinin yəhudi üzvü xanım Tatyana Qoldmana yəhudi mənsubluğunun onun karyerasına və həyatına təsiri ilə bağlı sualına cavab belə oldu: “Mən heç bunun barədə düşünmürəm də. Mən yalnız işim barədə düşünürəm”.
Azərbaycanda kilsə və dövlət ayrı deyil. Əslində, iki dövlət qurumunun – Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Xidmət və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – nəzarəti altında hökumət tərəfindən əsasən sinaqoqların, kilsələrin, məscidlərin, dini məktəblərin və müəssisələrin tikinti, texniki xidmət, istismar və kadr təminatı xərclərini əhatə edən böyük qrantlar ayrılır. Müşahidələrimiz bunu deməyə əsas verir ki, dövlətin dotasiyaları kifayət qədər böyükdür, belə ki Baku və Quba şəhərlərində ziyarət etdiyimiz hər bir sinaqoqun komfortlu mebellə (hətta təmtəraqlı) təchiz edilmiş və bəzədilmiş, eyni zamanda çox təmiz və səliqəli saxlanılan möhtəşəm binası var idi.
Bakı şəhəri ətrafında gözəl park tipli şəhərcikdə yerləşən Xabad Or Avner Yəhudi Məktəbi dövlət dəstəyinin təmin edilməsi baxımından istisna hesab olunur. Ravin Seqal bildirir ki, məktəb tam olaraq şəxsi vəsaitlər hesabına maliyyələşdirilir (Səfərimiz zamanı bir kürd-yəhudi əsilli tacir məktəbin maliyyələşməsinə 50 000 ABŞ dolları ayıracağına söz verdi). Məktəbin uşaq bağçasından tutmuş 11-ci sinfinə qədər 200 şagirdi və 40 müəllim heyəti var. Məktəb təhsil standartları və tədris proqramı nöqteyi-nəzərindən dövlətin qaydaları çərçivəsində fəaliyyət göstərir, eyni zamanda bütün şagirdlər üçün tədris proqramına ingilis və ivrit dili dərsləri də daxil edilib və bir müasir komputer laboratoriyası onların ixtiyarına verilib. Seqal bildirir ki, “yəhudi məktəbinin sayəsində daha çox gənc insan özlərini yəhudi olaraq müəyyən edir və yəhudi həyatında gündən-günə fəallaşmağa başlayır”.
Bakıdan şimal-qərbdə – müasir avtomobil yolu ilə hərəkət edən avtobus və şəxsi avtomobillə iki saatlıq bir məsafə – dağlarda yerləşən Quba şəhərində Qırmızı Qəsəbə kimi tanınan ərazi mövcuddur. Qəsəbə 270 il əvvəl Türkiyə və İrandan gəlmiş yəhudi mühacirlər tərəfindən salınmışdır. Qəsəbənin sovet hakimiyyəti dövründə Yəhudi Qəsəbəsi kimi məhşur olması təsadüfi deyildir. Belə ki, qəsəbənin yəhudi əhalisinin sayının 4 minə yaxın olması onu İsrail sərhədlərindən kənarda olan ən böyük yəhudi qəsəbələrindən birinə çevirir. “Moskva Yəhudiləri”nin hər yay dincəlmək üçün Qırmızı Qəsəbədə dəbdəbəli evlər inşa etdirməsini bir səbəbi qəsəbənin yerləşdiyi regionun yay tətili üçün ideal məkan olmasıdır (bu yeganə səbəb deyil). Nəticə etibarilə, bu qəsəbənin yəhudi əhalisinin sayını iki qat artırır. (“Moskva Yəhudiləri” post-sovet Rusiyasında biznes quraraq varlanmış Azərbaycanlı yəhudi mühacirlərdir.)
Azərbaycan bütün dünyaya nümunə ola biləcək böyük ürəyə sahib olan kiçik ölkə və təhlükəli regional qonşuluqda təhlükəsiz cənnət axtarışında olan yəhudilər üçün tanrının bir lütfdür.

Запись “Yəhudilərin Azərbaycanda yaşaması müsəlmanların çoxluq təşkil etdiyi bir ölkənin tolerantlıq mədəniyyətinin təcəssümüdür” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.