Azərbaycanda mövcud etno-siyasi və dini durum bütün dünyaya nümunədir

Multikulturalizm Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi kimi çıxış edir. Bunun mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Bu, özünü, ilk növbədə, ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasında, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində, dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər sentyabrın 27-də Yevlax şəhərində “Müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durum” mövzusunda keçirilən zona müşavirəsində səsləndirilib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Yevlax, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Ağdam, Laçın, Xocavənd, Beyləqan şəhər və rayon icra hakimiyyəti başçılarının müavinləri – dini işlər üzrə komissiya sədrləri, dini qurumlarla işin təşkilatçıları, hüquq-mühafizə orqanlarının, Mədəniyyət, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli qurumlarının rəhbərləri, bələdiyyə sədrləri, ziyalılar və din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Bəşir Səfəroğlu adına Xalq Teatrında keçirilən zona müşavirəsində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb, rayondakı dini durum haqqında məlumat verib.

Müşavirədə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi assimilyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumağa çalışır. Həmçinin izolyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Eləcə də milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyası üçün əlverişli imkan təklif edir.

Diqqətə çatdırılıb ki, tarixən Azərbaycanda məskunlaşmış milli azlıqlar etnik, dini və mədəni mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə burada əhalinin çoxluğunu təşkil edən Azərbaycan türkləri tərəfindən təqib olunmayıb və birgə əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda multikultural mühit ölkənin müstəqil olduğu zamanda daha da güclənib. Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayarkən, Azərbaycan Respublikası bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə edib. Bunun əsas göstəricisi tarixi dövr ərzində burada etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır.

Qeyd edilib ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri bütün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atıb. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikona daxil olmuş “Bakı prosesi”ni qeyd etmək olar. Bu il on illiyini qeyd etdiyimiz və qlobal hərəkata çevrilmiş “Bakı prosesi” müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Prezident İlham Əliyev tərəfindən ilk dəfə irəli sürülən və Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan bu təşəbbüs çərçivəsində Azərbaycanda mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə xidmət edən bir sıra nüfuzlu beynəlxalq tədbirlər keçirilib. “Bakı prosesi” çərçivəsində paytaxtımızda Dünya Mədəniyyətlərarası dialoq forumları, Bakı Beynəlxalq Humanitar forumları, Dünya Dini Liderlərinin Sammiti, eləcə də Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. Cari ilin oktyabr ayının 25-26-da Bakıda VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi planlaşdırılır.

Dinin ideoloji sahədə həssas və incə mahiyyətə sahib olduğunu deyən natiq ondan siyasi, qrup, şəxsi maraqlar naminə istifadə edən, yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlərə yönələn və bunun nəticəsində digər vətəndaşların hüquqlarını pozan, bir sözlə, insanların saf duyğularından öz məkrli məqsədlərini həyata keçirmək istəyənlərin də az olmadığını qeyd edib.

“Azərbaycan Respublikasında dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Eyni zamanda, dövlətimiz dini etiqad azadlığının təmin olunması sahəsində böyük işlər görür. Lakin radikal ekstremist qruplaşmalar öz çirkin əməlləri ilə buna kölgə salmağa çalışır, həmçinin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı həmişə qətiyyətlə alınıb və gələcəkdə də alınacaq”, – deyə E.Nəcəfov bildirib.

Müşavirədə digər çıxış edənlər dövlət-din münasibətləri istiqamətində görülən işlərdən danışıb, hazırda Azərbaycanda mövcud olan etno-siyasi və dini durumun bütün dünyaya nümunə olduğunu bildiriblər.

Yevlax, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC