VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları diplomatlarla görüşüblər

 

Fevralın 16-da Azərbaycan Dillər Universitetinin Multikulturalizm Elmi- Tədqiqat Laboratoriyasında VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarının müxtəlif ölkələrin Bakıdakı diplomatik nümayəndəliklərinin təmsilçiləri ilə görüşü keçirilib.

Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla qonaqlara ölkəmizdəki multikultural və tolerant mühit barədə məlumat verib. O, 2017-ci ilin Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə “Multikulturalizm İli” elan edildiyini bildirib. Qeyd edib ki, o vaxtdan bu günə qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın müxtəlif universitetləri ilə əməkdaşlıq edir. Kamal Abdulla Azərbaycan multikulturalizmi fənninin yerli və xarici universitetlərdə tədrisi layihəsinin əhəmiyyətindən söz açıb. Akademik bu layihə vasitəsilə ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında məlumat əldə etmək imkanının yarandığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu fənn hazırda Azərbaycanın 38, dünyanın 18 nüfuzlu universitetində tədris edilir. Prezident İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində dünyanın müxtəlif universitetlərinin tələbələri iştirak edirlər. Onlar Azərbaycanla, ölkəmizdəki multikultural mühitlə tanış olur, dolğun məlumat əldə edirlər. Kamal Abdulla Qış Məktəbinin iştirakçılarının Azərbaycandakı həmyaşıdları ilə əlaqələrinin gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov yay və qış məktəbləri haqqında məlumat verib. O deyib ki, 2014-cü ilin may ayında BBMM yaranandan bu günə qədər həyata keçirilən yay və qış məktəbi layihələri uğurla davam etdirilir. Azərbaycan multikulturalizmi fənni dünyanın müxtəlif universitetlərində tələbələrə nəzəri biliklər verir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd nəzəri bilik əldə edən tələbələrə həm də praktik biliklər də aşılamaqdır.

Qeyd edilib ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində 16 ölkənin - Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edir.

Sonra qış məktəbinin iştirakçıları Azərbaycan haqqında təəssüratlarını bölüşüblər.

Запись VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları diplomatlarla görüşüblər впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.