Albaniyanın xəbər portalında ölkəmizin multikultural dəyərlərindən bəhs edən məqalə yerləşdirilib
Albaniyanın aparıcı mətbu orqanı “Argumentum” internet xəbər portalı Azərbaycanın Yunanıstan və Albaniyadakı səfiri Anar Hüseynovun “Multikulturalizm” başlıqlı məqaləsini dərc edib.
Sözügedən məqalədə ölkəmizdə yaşayan müxtəlif etnik qruplar və dini inanclar barədə məlumat verilib. Azərbaycanın dünyada multikultural dəyərlərin müxtəlif mədəniyyətlər arasında aşılanması istiqamətində gördüyü işlər, eləcə də ölkəmizin bu səpkidə keçirilən beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyinə dair bildirilib. Eyni zamanda, müxtəlif sivilizasiyaların kəsişmə məkanı olan ölkəmizin, əsrlərboyu milli və mədəni müxtəliflik mühitinin formalaşdığı, fərqli millətlərin və konfessiyaların nümayəndələrinin sülh, firavanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə olduğu vurğulanıb. Multikulturalizmin ölkəmizdə yalnız milli siyasət deyil, həm də həyat tərzi olduğu oxucuların nəzərinə çatdırılıb. Bununla yanaşı, ölkəmizin rəhbərliyi tərəfindən multikultural dəyərlərinin qorunması və təbliğ olunmasına xüsusi önəm verildiyi, məhz bu məqsədlə 15 may 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, mərkəzin regionda mövcud olan yeganə qurum olduğu qeyd olunub. Məqalədə, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətinin Azərbaycan Respublikasında multikulturalizmin və tolerantlığın inkişafına böyük töhfə verdiyi və Fondun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Azərbaycanda və onun hüdudlarından kənarda bir çox məscidlərin, kilsələrin, dini məbədlərin yenidən qurulması və bərpası işlərini həyata keçirdiyi nəzərə çatdırılıb.