Qubanın qədim “Bağ Dadaş” məzarlığı abadlaşdırılıb

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi Quba rayonunun Çiçi kəndində “Bağ Dadaş” məzarlığında abadlıq işlərinin aparılması layihəsini həyata keçirir. “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədovun bildirdiyinə görə, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihə çərçivəsində ümumi uzunluğu 880 metr olan məzarlığın mühafizə çəpərinin quraşdırılması təmin edilib. Ərazinin 600 metrinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı vəsait hesabına “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi, 280 metrinin isə razılığa əsasən, kənd sakinlərinin səyləri hesabına quraşdırılması nəzərdə tutulmuşdu. Qeyd edək ki, layihənin icrası üçün təşkilati işlər Quba Rayonu İcra Hakimiyyəti, Çiçi kəndi üzrə icra nümayəndəliyi və Çiçi-Səbətlər bələdiyyəsi ilə birlikdə həyata keçirilib. Qədim “Bağ Dadaş” məzarlığında aparılan abadlıq işlərindən sonra kənd sakinlərinin narahatlığı aradan qaldırılıb, dövlətin və yerli sakinlərin birgə səyi ilə çoxdan həllini gözləyən problem ortadan götürülüb.

Etiketlər