Nardaranlı məktəblilər Multikulturalizm Mərkəzində
Yanvarın 29-da Nardaran məktəbliləri və ziyalıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olublar.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qonaqları salamlayıb və onların Mərkəzə gəlişindən sevindiyini bildirib: “İndiyədək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müxtəlif etnik qruplar, fərqli dinin daşıyıcıları qonaq olublar. Onlar hamısı Azərbaycanda olanda burada aparılan quruculuq işlərinə heyranlıqlarını bildiriblər. O qonaqlardan bəziləri əvvəllər də Azərbaycanda olduqlarından müqayisə eləmək imkanları var. Bütün bunlar xalqımızın canında-qanında olan yaratmaq həvəsi və cənab Prezident İlham Əliyevin bu yaratmaq prosesinə rəvac verməsi nəticəsində olur. Bunlar ikisi bir-birini tamamlamasa, heç nə alınmaz”.
Səmimilik şəraitində keçən görüşdə Dövlət müşaviri Azərbaycan ədəbiyyatında multikultural dəyərlərin öz ifadəsini tapdığını qeyd edib: “Nizamidən başlayaraq, Cavidə qədər Azərbaycan ədəbiyyatı eşq üstündə köklənib. Bu ədəbiyyat yaşadığı bütün ictimai-siyasi dönəmlərdə irqindən, rəngindən, dinindən, dilindən asılı olmadan bütün bəşəriyyəti sevib və sevir. Eyni zamanda, bu ədəbiyyatın sahibi olan Azərbaycan xalqı digər mədəniyyətlərdə, dillərdə, tarixlərdə müsbət dəyərlər axtarıb tapan bir xalq kimi öz əvəzsiz mənəvi-əxlaqi töhfəsini ümumbəşəri dəyərlər xəzinəsinə səxavətlə daxil edir. Hüseyn Cavid “Qız məktəbində” şeirində Gülbahar adlı balaca bir qızcığazın dili ilə “Anam, babam, müəlliməm, bir də bütün insanlar” deyərək dünyanın bütün insanlarını sevdirirdi. Mən hesab edirəm ki, Gülbaharın sonda dediyi bu sözlər ümumilikdə bizim xalqımızın daxili simasını üzə çıxaran sözlərdir. Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər”.
Kamal Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə görüləcək işlərdən, Azərbaycandakı tolerant və multikultural əhvaldan, Nardaranda “Bilik evi”nin açılacağından, “Qardaşlamış məktəblər” layihəsi çərçivəsində Nardaran məktəblilərinin iştirakından söz açıb.
Nardaran məktəbliləri görüşdə bədii-musiqili kompozisiya təqdim ediblər.
Məktəblilər və ziyalılar görüşlə bağlı təəssüratlarını bölüşərək dövlət qurumlarında belə tədbirlərin təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Görüşün yekununda Kamal Abdullayev bildirib ki, belə görüşlər qarşılıqlı öyrənmək baxımından çox vacibdir: “ Belə görüşlərdə hər dəfə əmin oluram ki, Azərbaycanda işıqlı gənclər yetişir. İnanıram ki, belə tədbirlər ölkəmizin gözəl guşələrindən olan Nardaran kimi bölgələrimizdə Azərbaycan naminə mənəviyyatımızın, mədəniyyətimizin, dilimizin, ədəbiyyatımızın inkişafına öz töhfəsini verəcək. Bu tədbirlər, görüşlər birdəfəlik xarakter daşımır. Bu görüş ilə bir növ gələcək tədbirlərə lağım atdıq. Belə tədbirlər həm Nardaranda davam edəcək, həm Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində vaxtaşırı görüşlər təşkil olunacaq, həm də nardaranlı şagirdləri biz Azərbaycanın müxtəlif bölgələrinə dəvət edəcəyik. Güman edirəm ki, hər dəfə də Azərbaycan naminə faydalı işlərə başlayacağıq”.
Запись Nardaranlı məktəblilər Multikulturalizm Mərkəzində впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.