Möcüzələr hər şeyə rəğmən mümkündür

Bu il biz Roş-Ha-Şana (Yeni il) bayramını misli görünməmiş bir qeyri-müəyyənlik dövründə qeyd edirik. Lakin bu, həmçinin ümidli olmaq üçün də misli görünməmiş bir dönəmdir. Təkcə keçən həftə İsrail Dövləti Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin normallaşdırılması haqqında sazişlər imzalamışdır ki, bu da Yaxın Şərq regionunda sülhün gələcəyi üçün mühüm bir məqamdır. Bütün ömrü boyu müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədə tamamilə sülh, firavanlıq, bərabərlik və inklüzivlik şəraitində yaşamış bir yəhudi kimi bu tarixi hadisə məndə böyük ümidlər doğurur ki, o, bizim indi qeyd etdiyimiz bir andan daha əhəmiyyətli bir hadisə olacaq və biz əvvəl-axır İsrailin ətrafında cərəyan edən qlobal gərginliklərdə və müsəlman ölkələrinin İsrailə münasibətində əsaslı və davamlı dəyişikliyin şahidi olacağıq.   

 BƏƏ və Bəhreyn bu münasibətlərdən yalnız xeyir qazanacaq və həm öz xalqlarına, həm də baş verənləri izləyən dünyaya göstərəcək ki, sadəcə qarşılıqlı hörmətə, ehtirama və müxtəlifliyin müsbət qəbul edilməsinə inam nəinki ciddi gərginlikləri yüngülləşdirə, həmçinin istənilən ölkənin cəmiyyətinə hədsiz dərəcədə töhfə verə bilər.

Bunu ondan bilirəm ki, burada - çoxdinli və çoxmillətli müxtəlifliyi əsrlər boyu yaşatmış və dünyanın hər bir tərəfindən olan yəhudilər, eləcə də demək olar ki, bütün təriqətlərdən olan xristianlar, Bahailər, Krişnaitlər və digərləri üçün sığınacaq və mərkəz rolunu oynamış bir ölkə olan Azərbaycanda dinlərarası harmoniyanın faydalarını görmüşəm. Müxtəliflik Azərbaycana yalnız fayda vermişdir. Bizim elm adamlarımız, rəhbər şəxslərimiz, sənət adamlarımız, çempion atletlərimiz və siyasətçilərimiz müxtəlifliyə əsaslanan cəmiyyətimizin üzvlərindən təşkil olunur və texnologiya, elm, qadın hüquqları və qlobal diplomatiya sahələrində əldə etdiyimiz nailiyyətlərin hamısı dövlətimizi formalaşdıran müxtəlif xalqların ümumi səyləri ilə dəstəklənmiş və reallaşdırılmışdır.     

Keçən il paytaxtımız Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin açılışı baş tutmuşdur. Bacarıqlı və cəsur tank komandiri olan Albert 1990-cı illərin əvvəllərində Azərbaycanın ərazi bütövlüyün uğrunda vuruşan ən qəhrəman əsgərlərdən biri olmuşdur. Albert yəhudi əsilli idi və bizim Dağ Yəhudiləri icmasının məğrur bir üzvü idi.  Burada - müsəlmanların çoxluq təşkil etdiyi ölkə olan Azərbaycanda könüllü olaraq orduya qoşulmuş və öz ölkəsini müdafiə edərkən öldürülmüş bir yəhudi oğlu ən şöhrətli qəhrəmanlardan biri olub Azərbaycanda ən yüksək fəxri adı daşıyır və xatirəsi heykəllərlə və hətta adının verildiyi Bakı küçələrindən biri ilə əbədiləşdirilmişdir.       

Ötən həftə Prezident İlham Əliyev Albert Aqarunovun adına olan məktəbin yeni binasının açılışını etmişdir. Bu, Albertin təhsil aldığı məktəbdir. İndi isə onun adını daşıyır.

Bu, hökumətimizin yəhudi icmasına yüksək qiymət verdiyini göstərən ilk hal deyil. Azərbaycan Respublikası mənim xatırladığımdan da uzun müddətdir ki, yəhudi icmasına yardım edir. Bu gün bizim müqayisəedilməz dərəcədə gözəl sinaqoqlarımız, yeşivamız, məktəb və bağçalarımız, mədəniyyət mərkəzlərimiz, müxtəlif icma təşkilatlarımız və daha nələrimiz vardır. Bizim milli səviyyədə inklüzivliyə və qarşılıqlı hörmətə olan bağlılığmız Azərbaycanın bir yəhudi üçün dünyada yaşaya biləcəyi ən təhlükəsiz yerlərdən birinə, Sülh Vahəsi kimi tanınan bir ölkəyə çevrilməsi ilə nəticələnmişdir.

 Bizim dəyərlərimizə və ona sahib çıxan rəhbərliyimizə hörmət əlaməti olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasına Roş-Ha-Şana bayramı münasibətilə təbrik məktubu ünvanlamışdır. Bu məktubda Prezident Əliyev bizim xalqımız və dəyərlərimiz üçün əhəmiyyətli olan məqamlarn bir çoxuna toxunmuşdur:  

 

Hörmətli həmvətənlər!

Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu yəhudilər digər xalqların və dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamışlar. Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir.

Cəmiyyətdə demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti bütün etnik azlıqların, o cümlədən yəhudi icmasının mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır.

Təqdirəlayiq haldır ki, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirak edən yəhudi əsilli həmvətənlərimiz, harada yaşamalarından asılı olmayaraq, Azərbaycana sevgi və sədaqətlərini daim nümayiş etdirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verirlər.

Əziz dostlar!

Xeyirxahlığı, mənəvi dirçəlişi və yeni həyatı təcəssüm etdirən Roş-Ha-Şana münasibətilə bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

 

COVİD-19-un öz amansız qovğasını davam etdirdiyi bir vaxtda yəhudi təqviminin ötən ili olan 5780-ci ilin böyük bir hissəsi, əlbəttə ki, çoxsaylı faciə və qeyri-müəyyənliklə müşayiət olunmuşdur. Bununla belə, dünyada baş verən bu qədər müsbət hadisələr bizdə dünyanın bütün insanlar üçün daha yaxşı bir yerə çevrilə biləcəyinə və çevriləcəyinə, eləcə də bizim hazırda üzləşdiyimiz sınaqların öhdəsindən gələcəyimizə güclü ümid və inam hissi yaradır. Bu müqəddəs günlərdə, öz Prezidentimizin sözlərindən istifadə edərək bu məktubu sizlərlə paylaşmaqdan məmnunluq duyur və Bakıdakı evimdən bütün dünyadakı yəhudi icmalarında yaşayan bütün qardaş və bacılarımı “Shanah Tovah U’metukah” (Yeni iliniz mübarək) deyərək təbrik edirəm. Arzu edirəm ki, bu il bizə yalnız uğur gətirsin.