Bernama agentliyi Azərbaycanın multikulturalizm modelinə dair geniş məqalə dərc edib

Kuala Lumpur, 13 yanvar, 

Malayziyanın ən böyük rəsmi mətbuat orqanı və çoxsaylı oxucu kütləsinə malik xəbər istehsalçısı olan Malayziya Milli Xəbər Agentliyi (BERNAMA) ölkəmizin multikultural və tolerantlıq təcrübəsinə dair geniş məqalə dərc edib.

Agentliyin xarici xəbərlər üzrə peşəkar jurnalistlərindən biri Raviçandra Rajamanikam tərəfindən yazılmış məqalə “Azərbaycan Malayziya ilə multikulturalizm sahəsində əməkdaşlıq etməkdə maraqlıdır” adlanır.

Məqalə bir müddət əvvəl ölkəmizdə səfərdə olan jurnalistin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov ilə apardığı müsahibə, eləcə də özünün şəxsi müşahidələri əsasında hazırlanıb.

Müəllif multikulturalizmin Azərbaycanda bilavasitə dövlət tərəfindən dəstəkləndiyinə diqqət çəkərək, BBMM-in icraçı direktoru R.Həsənovun bu barədə izahına istinad edir və yazır: “Azərbaycanın multikulturalizm modeli üç əsas element üzərində qurulub – etnik və dini müxtəlifliyə hörmət, dövlət siyasəti olaraq hökumətin bu sahəyə tam dəstəyi və fərqli dini-mədəni icmalara qeyri-assimilyasiya münasibəti”.

Həmçinin R.Həsənov Azərbaycana xarici investisiyaların cəlb olunması, ölkənin iqtisadi inkişafı, eləcə də ictimai həmrəyliyin təmin olunması sahəsində əldə edilmiş mütərəqqi nailiyyətlərdə dövlətin apardığı multikulturalizm siyasətinin əvəzsiz rol oynadığını bildirir. Milli və universal əxlaqi dəyərləri özündə əks etdirən bu modelin uğur qazanmasında isə R.Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı illərdə bünövrəsini qoyduğu uzaqgörən siyasətin əhəmiyyətini qeyd edir. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan İslam və Qərb sivilizasiyaları, o cümlədən xalqlar və mədəniyyətlər arasında əməkdaşlığı təşviq edən “Bakı Prosesi”ni bu siyasətin beynəlxalq modelə çevrilməsində vacib amil kimi vurğulayır.

Coğrafi olaraq Azərbaycanın Şərqi Avropa və Qərbi Asiyanın kəsişməsində yerləşdiyini bildirən jurnalist R.Rajamanikam ölkəmizdə məscidlərin, sinaqoqların, erməni kilsəsi də daxil olmaqla, xristianlığa məxsus dini ibadət ocaqlarının, eləcə də hindu və zərdüştlük məbədlərinin qorunduğunu diqqətə çatdırır.

Malayziyalı jurnalist qeyd edir ki, Azərbaycanın multikulturalizm modeli artıq Bolqarıstan, Almaniya, Litva, Polşa, Ukrayna, Hindistan, Yaponiya, Braziliya, Portuqaliya, İndoneziya, Rusiya, Gürcüstan, Türkiyə, İsveç, İsveçrə və İtaliya kimi 22 ölkənin universitetlərində magistratura səviyyəsində dərs vəsaiti kimi tədris olunur.

Malayziyalı tələbə və gənc jurnalistlərin Azərbaycan modeli ilə tanış olmaq perspektivləri barədə verilən suala R.Həsənov ölkəmizin bu sahədə əməkdaşlığa hazır olduğunu bildirir və əlavə edir: “Biz öz bilik və təcrübəmizi bölüşə bilərik. Həmçinin mərkəzimizin nümayəndəliyinin Malayziyada təsis olunmasına və Azərbaycan modelinə dair universitet proqramının tədrisinə kömək edə bilərik”.

R.Rajamanikam vurğulayır ki, son 5 ildə 100 ölkədən 400-dən çox tələbə BBMM tərəfindən Azərbaycanın multikulturalizm modelinin təqdimatı ilə bağlı təşkil olunmuş yay və qış məktəblərində iştirak edib.

Etiketlər