“Azərbaycan multikulturalizmi” fənni Hindistanda tədris ediləcək

 

Dekabrın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Hindistanın Sri Sri Universitetinin səlahiyyətli nümayəndəsi, “Yaşamaq sənəti” Beynəlxalq fondunun direktoru Svami Cotirmaya ilə görüşüb. Görüşdə Rəvan Həsənov  BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək bildirib ki, sivilizasiyaların qovuşuğında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlılıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilir. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz  məkanı edib. Azərbaycan Respublikasında bu gün  həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmaısnı, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Hal-hazırda layihə çərçivəsində respublikamızın 40, dünyanın 17 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir.

Hindistanın Sri Sri Universitetinin səlahiyyətli nümayəndəsi, “Yaşamaq sənəti” Beynəlxalq fondunun direktoru Svami Cotirmaya öz növbəsində bildirib ki, Azərbaycan kimi çoxmillətli, çoxmədəniyyətli, multikultural və tolerant bir ölkə ilə tanışlıqdan məmnundur. O, Azərbaycandakı müxtəlif dini icmaların sıx əməkdaşlığının, dostluğunun təqdirəlayiq olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan öz nümunəsi ilə digər ölkələri həvəsləndirir və onun təcrübəsinin istifadə olunması zəruridir.

Sonra 2018-ci ildən başlayaraq Hindistanın Sri Sri Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsi barədə BBMM ilə universitet arasında müqavilə imzalanıb.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik  Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib, Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb və ilkin mərhələdə 7 xarici universitet təklifi müsbət qarşılayıb. Hazırda isə bu say 18-ə çatıb.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.

Запись “Azərbaycan multikulturalizmi” fənni Hindistanda tədris ediləcək впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.