Akademik Kamal Abdullayev Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları ilə görüşüb

 

FOTO Qış məktəbi 2 gün

TƏLƏBƏLƏR GÜN ƏRZİNDƏ BİR SIRA MARAQLI GÖRÜŞLƏR KEÇİRİBLƏR

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə gerçəkləşən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 9-da öz işini Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində davam etdirib. Tələbələr Muzeyi gəziblər, ekspozisiyalarla tanış olublar.
Muzeydə BBMM-in Drezden filialının icraçı direktoru Bircit Vaysgerber “Almaniya multikulturalizminin aktual məsələləri və Azərbaycan təcrübəsi” mövzusunda mühazirə oxuyub. Mövzu qış məktəbi iştirakçılarının marağına səbəb olub, B. Vaysgerber tələbələrin suallarını cavablandırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sədr Mübariz Qurbanlı qış məktəbinin müdavimləri ilə görüşüb. Mübariz Qurbanlı deyib ki, multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə praktik müstəvidə də özünü göstərir: “ Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə cənab Prezidentin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca önəmlidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi multikultural mühitin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görülən davamlı işlərin sistemlilik və mütəşəkkilliyini artırmaq baxımından çox əhəmiyyətli addımdır”.
Günün ikinci yarısında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qış məktəbinin iştirakçıları ilə görüşüb. Qış məktəbi iştirakçılarını salamlayan akademik müxtəlif ölkələrin müəllim, tələbə heyətini Bakıda görməkdən məmnunluğunu ifadə edib: “Biz sizin gəlişinizi uzun müddətdir ki, səbirsizliklə gözləyirdik. Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniya universitetlərinin tələbələrini səmimi qəlbdən salamlayıram. Portuqaliyadan gələn bizim əziz qonaqlarımız bir daha sübut elədilər ki, tələbəliyin ömrü, müddəti olmur. Biz ömür boyu öyrənməyə məhkumuq. Bu gün Beynəlxalq Multikulturalizm qış məktəbinin ikinci günüdür və ümid edirəm ki, bu günlər sizin üçün maraqlı, yaddaqalan keçir. Azərbaycan Prezidenti İlham Əliyev ötən il keçirilən Beynəlxalq Multikulturalizm yay məktəbinin yekunları ilə tanış olandan sonra dedi ki, biz hökmən tələbələrimizi qış məktəbinə də dəvət etməliyik. Düşünürük ki, Azərbaycan haqqında nəzəri biliyə malik olduqdan sonra onu əyani şəkildə görmək o biliyə ciddi əlavələr etmək deməkdir. Mən burada xüsusilə yay məktəbinin iştirakçılarını da salamlamaq istərdim. Onlar artıq bir dəfə Bakıda olublar və mənə elə gəlir ki, biz növbəti yay məktəbində də qış məktəbinin bəzi iştirakçılarını görəcəyik. Azərbaycan multikulturalizmi fənni ilə tanışlıq bitəndən sonra da ümid edirəm ki, xarici tələbələrin Azərbaycandakı dostları ilə əlaqələri davam edəcək. Çünki bir azərbaycanlı təsəvvüründə dostluq bir ömür boyu sənə verilən nemətdir. Azərbaycan Prezidenti, dövləti, xalqı və cəmiyyəti həmişə çalışır ki, ölkəmizin dostları ilə əlaqələri bir az da möhkəmlənsin. Biz inanırıq ki, Azərbaycana olan marağınız məhəbbətə çevriləcək, Azərbaycana olan məhəbbətiniz isə eyni zamanda qış məktəbində təmsil olunan o biri ölkələrə də sevgiyə çevriləcək. Əsl məhəbbət heç vaxt birtərəfli olmur. Bugünkü dünyamızın isə əsl məhəbbətə, mərhəmətə, şəfqətə çox böyük ehtiyacı var. Azərbaycan Prezidenti 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan edib. Bunun bizim üçün böyük əhəmiyyəti var. Əslində Prezident İlham Əliyev bununla dünyaya çox aydın bir mesaj göndərib. O, bu ili eyni zamanda insanların bir-birinə mərhəmət, şəfqət göstərməsi, bir-birinə münasibətinin xoş olması ili kimi qeyd edib. Bu istiqamətdə Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlər son dərəcə önəmli bir yer tutur. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən məhz xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanır. İnanıram ki, ölkəmizdə olduğunuz 8-10 gün ərzində Azərbaycan multikulturalizmi haqqında təsəvvürlərə əyani şəkildə malik olacaqsınız. Eyni zamanda qış məktəbinə xarici ölkələrdən gəlmiş müəllimlərimizi salamlayaraq onlara işlərində uğurlar arzulayıram. Qış məktəbi başladı və mən inanıram ki, bayırda qış olmağına baxmayaraq bizim ürəklərimizdə bahar istiliyi hökm sürəcək”.
Görüş çərçivəsində tələbələr Azərbaycanın milli icma rəhbərləri və üzvləri ilə tanış olublar. Tədbirdə «Художественная литература» nəşriyyatının baş redaktoru, professor G.V.Pryaxin çıxış edərək qış məktəbinin əhəmiyyəti haqqında söz açıb.
Dövlət müşaviri görüşdə həmçinin BBMM-in nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında qış məktəbi iştirakçılarına ətraflı məlumat verib və bu nəşrin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk kitab olduğunu deyib: “Bu kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərə qədər) yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər beyt-beyt, qəzəl-qəzəl, abzas-abzas yığılıb bir kontekst daxilində toplanıb. Burada klassik şair və yazıçılarımızın yaradıcılığı tamamilə yeni bir rakursda təqdim edilir. Bu baxımdan kitabda ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir.
Kitabda söz sənətkarlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara, başqa xalqlara məxsus alimlərə, yazarlara, gözəllərə sonsuz ehtiramın təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb. Bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb. Bu isə Prezident İlham Əliyevin dediyi “Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan dəyərdir” sözlərinin əyani göstəricisidir”.
Şəhər gəzintisindən sonra tələbələr üçün “Azərbaycan sənədli filmləri axşamı”nın təşkili və bu tədbir çərçivəsində əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski ilə görüş nəzərdə tutulub.

Запись Akademik Kamal Abdullayev Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları ilə görüşüb впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.