Multikulturalizm Mərkəzinin beynəlxalq fəaliyyəti çoxşaxəlidir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin son dövrlər beynəlxalq təşkilatlardakı fəaliyyəti intensiv xarakter alıb. Mərkəzin ilin sonunadək daha bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq səviyyəsində görüşləri nəzərdə tutulur. Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qurumun bu istiqamətdə fəaliyyəti ilə bağlı müsahibə verib.
İcraçı direktor Rəvan Həsənov bildirib ki, BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Milli və ya etnik, dini və linqvistik azlıqlara məxsus şəxslərin hüquqları üzrə Bəyannamənin 30 illiyinə həsr edilən yubileydə yüksək səviyyəli tədbirdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti, Azərbaycanda azsaylı xalqların hüquqlarının qorunması, dini konfessiyaların öz fəaliyyətlərini sərbəst şəkildə qurmaları istiqamətində həyata keçirilmiş islahatlar, Prezident İlha Əliyev tərəfindən həyata keçirilən təşəbbüslər və çağırışlar təqdim olunub. Sessiyada müxtəlif ölkələrin dövlət başçıları, hökumət başçıları, eyni zamanda xarici işlər nazirləri iştirak edirdilər. Burada Azərbaycanda azsaylı xalqların hüquqlarının qorunması sahəsində həyata keçirilən islahatlar kifayət qədər maraq doğurub. Eyni zamanda, BBMM-in fəaliyyəti, onun bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində gerçəkləşdirdiyi layihələr BMT çərçivəsində böyük maraqla qarşılanıb. Cenevrədə keçirilmiş “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə komissiyanın 107-ci sessiyası çərçivəsində də həmin sessiyanın rəhbərliyi tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti təqdirlə qarşılanmış, Azərbaycan dövətinin bu sahəyə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanmışdı. Bu, o deməkdir ki, Azərbaycanın multikulturalizm siyasəti həmişə diqqət mərkəzində saxlanılır, beynəlxalq təşkilatlarda, eləcə də elmi müstəvidə müzakirə olunur. Bir faktı da qey etmək lazımdır ki, xarici universitetlərdə artıq Azərbaycan multikulturalizmi ilə bağlı elmi işlər müdafiəyə təqdim olunur. Mərkəzin fəaliyyət istiqamətləri bir nümunə olaraq digər ölkələrə, beynəlxalq təşkilatlara nümunə hesab edilir. Bu çox böyük uğurdur. Hər ölkə bu siyasəti dövlət səviyyəsində dəstəkləyib qlobal müstəvidə təbliğ edə bilmir. Onlar siyasi müstəvidə bundan çəkinirlər. Həmin ölkələrdə bunun üçün real ictimai-siyasi zəmin yoxdur. Amma multikulturalzim Azərbaycanın bir sərvətidir. Bütün beynəlxalq platformalarda, tribunalarda təqdirlə qarşılanır. BMT çərçivəsində təqdim olunan məruzədə əsas hissələrdən biri də Qarabağda ermənilər tərəfindən törədilmiş vandalizm aktları, eyni zamanda, mədəni irsimizə qarşı həyata keçirilmiş soyqırım cinayətləri idi. Maraqlısı budur ki, bu faktlar qeyd edilərkən Ermənistan nüayəndə heyəti də həmin sessiyada iştirak edirdi və məruzəni dinləyirdi. Məruzədə beynəlxalq təşkilatların bu məsələyə ikili standartlarla yanaşması da bütün sessiya iştirakçılarının nəzərinə çatdırıldı və bu mövqe tənqid olundu. Vurğulandı ki, 30 ilə yaxın müddətdə həyata keçirilən vandalizm aktına heç bir beynəlxalq təşkilat, nə BMT, nə UNESKO, nə də digərləri Qarabağda məscidlərin, kilsələrin yandırılmasına, dağıdılmasına, ordakı dini abidələrin saxtalaşdırılmasına heç bir münasibət bildirməyib. Münaqişədən sonrakı siyasiləşdirilmiş bəyanatlar isə obyektiv xarakter daşımır. Bu gün də beynəlxalq təşkilatlar regiona dəvət edilir. Həmin cinayətləri gözləri ilə görməsi, obyektiv qiymət verməsi üçün onlar Qarabağa dəvət edilir. Sessiyada təqdim etdiyim məruzədə bütün bu faktlar vurğulandı. Çıxışlar üçün ayrılan vaxt məhdud olsa da, nəzərdə tutulan vaxtdan da artıq müddətdə bu mövzular qabardıldı. Bu da çox vacib əlamət idi. Çünki Azərbaycan dünyada xalqların birliyi, birgəyaşayış, dayanıqlı sülh, mədəniyyətlərarası, dinlərarası dialoqla bağlı dəfələrlə qlobal forumların təşəbbüskarıdır. Bütün dünyada və regionda sülhü təbliğ edir, azad iqtisadi zonalar yaradır, mədəniyyətlərin qovuşmasını təşviq edir. Amma digər tərəfdən özü mədəni irsə qarşı vandalizmə, soyqırıma məruz qalır. Abidələri dağıdılır, buna beynəlxalq təşkilatların münasibətı bildirilmir, əksinə Azərbaycana böhtan atılır. Beynəlxalq tribunalarda bu faktların səsləndirilməsi vacibdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də bu mövzunu və digər önəmli məsələləri daim gündəmdə saxlayır.
Mərkəz tərəfindən cari ildə Vyanada da böyük bir konfrans təşkil edilmişdi. Həmin konfransda da bu mövzular qabardılmışdı. 29 sentyabr – 6 oktyabr tarixlərində ABŞ-ın Yuta ştatında böyük bir simpozium həyata keçiriləcək. Azərbaycanda həyata keçirilən islahatlar, Azərbaycanın din-dövlət siyasəti, ölkəmizdə yaşayan etnik icmaların mövcud vəiyyəti, dövlətin onlara qayğısı, eləcə də Qarabağdakı erməni vandalizmi həmin platformada bir daha məruzə ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq. 2-4 oktyabr tarixlərində ATƏT-in iclasında da Multikulturalizm Mərkəzi təmsil olunacaq. Orada da Azərbaycanda milli siyasət, azsaylı xalqların hüquqları ilə bağlı həyata keçirilən siyasət ATƏT səviyyəsində səsləndiriləcək. Bundan əvvəl Sloveniyada keçirilən tədbirdə də BBMM təmsil olunmuşdu. 23-26 oktyabr tarixlərində isə Vaşinqtonda Amerika universitetləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə elmi konfransın keçirilməsi planlaşdırılır. Konfransda azərbaycanlı və amerikalı alimlərin, mütəxəssislərin iştirakı nəzərdə tutulur. Təcrübə mübadiləsi baxımından, eləcə də ölkəmizin həyata keçirdiyi siyasətin ABŞ-da daha yaxşı təbliği baxımından kifayət qədər önəmli tədbirdir. Bu konfransdan dərhal sonra 30 oktyabr – 5 noyabr tarixlərində İndoneziyada baş tutacaq Böyük 20-lik sammitinin dinlərarası dialoq forumunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təmsil olunacaq. Orada da Azərbaycandakı mövcud vəziyyət və cənab Prezidentin həyata keçirdiyi multikulturalizm siyasəti haqda geniş məlumat veriləcək. Dekabr ayında Fransada UNESKO-nun qərargahında tədbir keçirilməsi planlaşdırılır. Bu kimi tədbirlərin xarici ölkələrdə müntəzəm, ardıcıl həyata keçirilməsi onu göstərir ki, birincisi, “bizim deməyə çox sözümüz var”, ikincisi, “bizə qarşı edilən haqsızlıqları özümüz səsləndirmək məcburiyyətində qalırıq” və üçüncüsü, “Qarabağdakı hadisələri qabartmaq və beynəlxalq təşkilatların diqqətini bu istiqamətə - gerçəklərə yönəltmək lazımdır”. Çünki bu məsələdə beynəlxalq ictimaiyyət, xarici media və beynəlxalq təşkilatlar hələ də ədalətli mövqe sərgiləmirlər. BBMM-in elmi müstəvidə və müxtəlif dillərdə təqdim olunan nəşrləri də bu işdə öz sözünü deyir. Çünki reallıqların, faktların elmi müstəvidə və bir çox dillərdə təqdimatı çox vacibdir.
Bildirilib ki, Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasəti, bu çərçivədə gerçəkləşən layihələr beynəlxalq tribunalarda səsləndirilir, təqdir olunur və model kimi qəbul edilir. Bu model daha da inkişaf etdirilir, mədəniyyətlərarası, dinlərarası dialoq, identiklik, mədəni kimlik məsələsində Azərbaycanın verdiyi sülh proqnozları kifayət qədər realdır. Ddünya ictimaiyyəti də bunu qəbul edir və postmüharibə dövründə mühüm çağırışlardan biridir. Çünki Qarabağda yaşayan erməni icması da Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə Azərbaycandakı multikultural və tolerant mühiti bilməsi, qəbul etməsi vacibdir. Münaqişə dövründə də Azərbaycanda erməni irsinə, erməni mədəniyyətinə qarşı hər hansı bir təhdid olmayıb. Əksinə, bu gün Azərbaycanda erməni kilsəsi var, erməni dilində ədəbiyyat çap edilir. Azərbaycan universitetlərində erməni dili tədris olunur, Azərbaycan radiosunda erməni dilində veriliş hazırlanır. Bununla bağlı heç bir məhdudiyyət olmayıb. Bizim müharibəmiz torpaqlarımızın işğalı, bizə qarşı yönələn ədalətsizlik və törədilən soyqırımlarla bağlı olub. Bir xalqa qarşı nifrət hissi bəsləmək və gənc nəsli də həmin nifrətlə yetişdirmək bizə yox, ermənilərə xas xüsusiyyətdir. Azərbaycan Prezidentinin erməni xalqına xitab etməsi, mövcud real vəziyyəti, həqiqətləri çatdırması bir daha Azərbaycanın humanist mövqeyini, beynəlxalq hüquqa hörmətlə yanaşmasını, beynəlxalq təşkilatlara etimad göstərməsini ortaya qoyurdu. Baxmayaraq ki, bundan dəfələrlə sui-istifadə olunmuşdu. Bizim mövqeyimiz bundan ibarətdir ki, dünya ictimaiyyəti dəfələrlə bəyan edilən həqiqətləri duysun, qəbul etsin. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri də budur.