Braziliya Universitetində “Azərbaycan multikulturalizmi”nin tədrisi davam edir.
Braziliyada “Azərbaycan multikulturalizmi” fənnini tədris edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi İrina Kunina qeyd edib ki, fənnə maraq hər gün artır. Universitetin Beynəlxalq Münasibətlər İnstitutunun professoru Eiiti Sato ilə görüş buna daha bir nümunədir. Professor Sato bildirib ki, bu fənn vasitəsilə fakültə tələbələri təkcə Azərbaycan kimi bir ölkənin mədəniyyəti, tarixi, siyasəti ilə tanış olmurlar, onlar həm də azərbaycanlıların necə yaşadıqlarını öyrənə bilərlər. BBMM-in əməkdaşı İrina Kunina qeyd edib ki, Braziliya Universitetində təqdim etdiyi hər mühazirə tələbələr tərəfindən maraqla qarşılanır. Təqdimat zamanı Azərbaycan və xüsusən də Azərbaycan multikulturalizmi ilə bağlı çoxlu suallar verilir. Ölkədə etnik azlıqların sayı, onların münaqişə olmadan, qarşılıqlı anlaşma şəraitində yaşaya bilməsi faktı, eləcə də, dövlət başçısının bu multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti Braziliya Universitetinin tələbələrində böyük maraq doğurur. Onlar həmçinin, "Azərbaycan Multikulturalizmi" kursunda iştirak edən tələbələr üçün BBMM tərəfindən ildə 2 dəfə təşkil olunan Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri ilə də çox maraqlanırlar.